Əliyevin ədalət çağırışına vəkillərdən cavab

Müzəffər Baxışov: «Azərbaycanda ədalətdən danışmaq, xalqı ələ salmaqdı»

Aslan Ismayılov: «Hakimiyyətlə, «ədalət» sözü tərs mütənasibdir»

Aprelin 14-də ölkə başçısı Ilham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin 1-ci rübünün yekunlarına həsr olunmuş iclas keçirilib. Iclasda ölkə başçısı çıxış edərək, uğurlardan danışıb. Ədalət məsələsinə toxunan Ilham Əliyev bildirib ki, “cəmiyyətdə sosial ədalət prinsipləri tam şəkildə tətbiq edilməlidir. Bunu bizim Əsas Qanunumuz – Konstitusiya tələb edir və ümumi normal davranış elə olmalıdır ki, sosial ədalət prinsipləri pozulmasın.
Çünki deyə bilərəm ki, insanları narahat edən ən böyük məsələ ədalətsizlikdir, həyatda da, siyasətdə də, hər bir sahədə də. Ona görə də ədalət sosial ədalət olmalıdır və bütün qərarlar ədalətli olmalıdır. Əgər qərar ədalətlidirsə,  hətta kiminsə xoşuna gəlmirsə, ədalətli olduğu üçün bu qərarla barışırlar”. Bundan əvvəlki müşavirlərdə də məmurlara xəbərdarlıq olunmuşdu, amma heç bir sahədə dəyişiklik hiss olunmadı.
Ilham Əliyevin bu dəfəki “ədalət” çağırışı haqsız yerə həbsə atılan gənclərin məhkəmə prosesinə, sahibkarların əmlakına müdaxilələrə və digər sahələrdəki ədalətsizliklərə təsir göstərəcəkmi?

Vəkil Aslan Ismayılov bildirdi ki, Azərbaycandakı mövcud hakimiyyətlə, ədalət sözü tərs mütənasibdir. Hələ bu ölkədə ədalətli bir addım görməmişik. “Ən böyük ədalət qanunun təmin olunmasıdır. Əgər ölkədə mülkiyyət hüququ tapdanırsa, azad sözə basqı varsa hansə ədalətdən danışmaq olar? Ədalətdən danışırlarsa, mən dəfələrlə demişəm ki, Rasim Məmmədov Ramiz Mehdiyev və Bəylər Əyyubovun dəstəyi ilə Zülfüqarlı qardaşlarının əmlakın talan eləyiblər. Bacarırılar ortaya ədalətli mövqe qoysunlar” – deyə Aslan Ismayılov bildirdi.
Hüquqşünas Müzəffər Baxışov hesab edir ki, ağılsız, səviyyəsiz, ləyaqətsiz adam iddia edə bilər ki, Azərbaycanda ədalət var. “Cəmiyyətdə ədalətin tarazlığın məhkəmə hakimiyyəti təmin etməlidir. Mifologiyada ”Femida” ədalət ilahəsidir. Onun gözü həmişə bağlı olur ki, ədalət tərəzisində hər kəsə ədalətli davransın. Azərbaycanda isə “Femida”nın gözləri həmişə açıqdır. Tərəzinin hansı gözündə pul daha çoxdursa, o tərəfə əyilir. Azərbaycanda ədalətdən danışmaq, xalqı ələ salmaqdır” deyə Müzəffər Baxışov bildirdi.

İlham Hüseyn