Əli Kərimlinin qaynı məhkəmədə ifadə verdi

Elnur Seyidov: «MTN məni həbs eləyib, cinayət tapa bilməyib, məcbur olub belə əsassız, saxta ittihamlar yazıblar…»

Seyidovdan «Texnikabank» rəhbərliyinin əleyhinə ifadə almağa cəhd göstərilib

“Texnikabank” rəhbərliyinə daxil, eləcə də bankın sıravi işçiləri olmuş, ümumilikdə 25 nəfərin mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində dünən davam etdirilib. Ötən məhkəmə iclasından prosesdə təqsirləndirilən şəxslərin dindirilməsi mərhələsi başlayıb. Bankın Müşahidə Şurasının sədri Etibar Əliyev, Idarə Heyətinin sədri Samir Hüseynov, onun müavini Nicat Abdullayev və Abşeron filialının rəhbəri Zülfüqar Zülfüqarlı öz ifadələrində günahsız olduqlarını, cinayət işinin materiallarında yazılanların sadəcə, quru söz yığını olduğunu bəyan etmişdilər.
Məhkəmə qarşısına çıxarılanlar arasında AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidov da var. Seyidov “Texnikabank”ın Yasamal filialının müdir müavini olub. Dünənki məhkəmə iclasında ilk ifadə verən də o oldu.
Əslində, əvvəlcə sıra üzrə Ilham Bahadurov dindirilməli idi. O, bankın paytaxt filialının müdiri olub. Lakin Bahadurov bildirdi ki, səhhətində problem var, təzyiqi qalxıb və bu üzdən ifadə verə bilməyəcək.

“Heç kimin pulunu mənimsəməmişəm!”

Bu səbəbdən sıra üzrə Elnur Seyidova ifadə vermək təklif olundu. Seyidov ifadə verməyə başlamamışdan əvvəl onun vəkili Fəxrəddin Mehdiyev məhkəməyə müraciət edərək, vəsatət vermək istədiyini dedi. Məhkəmə prosesinə sədrlik edən hakim Ramella Allahverdiyeva bildirdi ki, hazırkı mərhələdə təqsirləndirilən şəxslər dindirilir, odur ki, vəsatət sonradan prosesin gedişində verilə bilər. Vəkil bildirdi ki, vəsatət Elnur Seyidovun səhhətindəki problemlərlə əlaqədardır. Hakim yenə də vəsatətin verilməsinə razı olmasa da, Elnur Seyidova müraciət edərək, onun da bu haqda fikirlərini soruşdu. Seyidov vəkilinin söylədiklərini təsdiqləyərək, səhhətində çox ciddi problemlər olduğunu, vəziyyətinin tez-tez ağırlaşdığını, bu səbəbdən təcridxanada hər həftə 2-3 dəfə həkimə müraciət etdiyini bildirdi. Hakim cavabında dedi ki, qeyd olunan hallarla əlaqədar rəsmi məktubla istintaq təcridxanasına müraciət edəcək. Məktubda Seyidovun səhhətindəki problemlər haqda məhkəməyə məlumat verilməsi məsələsi qoyulacaq.
Bundan sonra Elnur Seyidov ifadə verməyə başladı. O, əvvəlcə özü barədə məlumat verərək bildirdi ki, iki ali təhsili var: hüquqşünas və iqtisadçı. 1994-cü ildən bank sahəsində fəaliyyət göstərdiyini deyən Seyidovun sözlərinə görə, 2000-ci ilin əvvəllərindən “Texnikabank”ın Yasamal filialında işə başlayıb. Orada çalışdığı müddətdə Yasamal filialının daim gəlirlə işlədiyini, Milli Bank və “Texnikabank”ın auditləri tərəfindən dəfələrlə təftiş olunduğunu deyən Elnur Seyidov qeyd etdi ki, heç vaxt problem yaşanmayıb.
Elnur Seyidov bildirdi ki, ötən il martın 27-də bu iş üzrə istintaqa cəlb olunub, martın 29-da ona rəsmi qaydada ittiham irəli sürülüb: “Ittiham da ondan ibarət idi ki, guya, mütəşəkkil cinayətkar dəstənin tərkibində fəaliyyət göstərərək, müştəridən 150 manat almışam və həmin pulu da Etibar müəllimə vermişəm. Bu absurd ittiham idi. Ümumiyyətlə, dələduzluq ittihamının verilməsi üçün zərərçəkmiş vətəndaşın ərizəsi olmalı, onun əsasında araşdırma başlanmalıdır. Belə ərizə yoxdur. Çünki mən heç kimi aldatmamışam, heç kimin pulunu mənimsəməmişəm.
Istintaq dövründə mənə qarşı heç bir ittiham tapa bilmədilər. Axırda da guya, bankın Yasamal filialına 915 manat ziyan dəyməsilə bağlı mənimsəmə ortaya çıxartdılar. Əslində, bu ittiham da uydurmadı. Amma mən deyilən o 915 manatlıq ziyanı da ödəməyə hazıram. Bunu istintaqda da dedik, nəzərə alınmadı”.
Elnur Seyidov ona qarşı irəli sürülən başqa bir ittiham – Namiq Xəlilova girovsuz, bank rəhbərliyinin icazəsi olmadan kredit verilməsi haqda da danışdı. Bildirdi ki, sözügedən 148 min manatlıq kreditin verilməsindən bank rəhbərliyinin icazəsinin olmadığı haqda iş materiallarında yazılanlar yalandır. Seyidov bank rəhbərliyinin razılıq məktubunu məhkəməyə təqdim etdi. Həmçinin bildirdi ki, girovsuz kredit verilməsində heç bir qanunsuzluq yoxdur. Ən əsası budur ki, verilən kredit mənimsənilməyib, vətəndaş onu hətta vaxtından da əvvəl ödəyib.
Elnur Seyidov ona qarşı irəli sürülən saxta möhürlərdən istifadə ittihamının da uydurma olduğunu dedi: “Hansı saxta möhürdən söhbət gedir? Hansı yalan məlumatlardan söhbət gedir? Məsələ sadəcə, bundan ibarətdir ki, MTN həbs eləyib, ittiham tapa bilməyib, məcburiyyət qarşısında heç bir əsası olmayan, bu cür saxta ittihamları yazıblar. Mən kimə ziyan vurmuşam? Kimin pulunu mənimsəmişəm? Ümumiyyətlə, belə bir adam var? Heç olmasa, görüm ki, kimdir, nəçidir…”

“Heç olmasa, məhkəməyə qədər müalicəmə imkan verin!”

Ifadəsinin sonunda Elnur Seyidov məhkəməyə müraciət edərək, məhkəmənin nəticəsi bəlli olana qədər azadlıqda olub müalicə ala bilməsi üçün barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini istədi. Bildirdi ki, uzun illərdir səhhətindəki problemlərlə əlaqədar mütəmadi müalicə alır. Hətta vəziyyət o qədər ağır olub ki, bir müddət işdən çıxmalı olub və 2009-cu ildə yenidən qayıdıb. Qeyd edək ki, Elnur Seyidov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir. Bu iş üzrə təqsirləndirilən 25 nəfərdən yalnız 6-sı həbsdədir ki, onlardan biri də məhz Seyidovdur.
Elnur Seyidov prokurorun suallarını cavablandırarkən ibtidai istintaq zamanı üzləşdiyi təzyiqlərdən danışdı. Bildirdi ki, bank rəhbərliyinin, eləcə də digər işçilərin əleyhinə ifadə verməsi üçün ona təzyiq göstərilib: “Tələb edirdilər ki, guya, hansısa müştəridən 150 manat pul alıb Etibar Əliyevə verdiyimi deyim, Azər Cəfərli və Raminin əleyhinə ifadə verim. Etibar Əliyevin 150 manata ehtiyacı var idi? Guya, 150 manatı Elnur Xəlilov adlı şəxsdən almışam. Bu adamı nə görmüşəm, nə də tanıyıram. Istintaqda da xahiş elədim ki, məni onunla görüşdürsünlər, görüm ki, kimdir…”
Elnur Seyidov onu da əlavə etdi ki, təqsirsizliyini sübut edən bir sıra sənədləri istintaqda qəbul etməyiblər: “Indi məhkəməyə təqdim etdiyim sənədi istintaqa da vermək istəyirdik. Müstəntiq götürmədi ki, aparıb məhkəmədə verərsən. Məhkəmə özü bilər, istəyər, sənə verilən ittihamı yüngülləşdirər, istəyər, buraxar, bizlik deyil…”

Zərərçəkənlər 8 ay əvvəl harada idi?

Daha sonra digər təqsirləndirilən – “Texnikabank”ın Yasamal filialının müdiri olmuş Azər Cəfərli ifadə verdi. Bildirdi ki, irəli sürülən ittihamlar əsassızdır. Cəfərli də bəyan etdi ki, Namiq Xəlilova 148 min kredit ayrılması zamanı heç bir qanunsuzluğa yol verilməyib: “Namiq Xəlilov götürdüyü krediti vaxtında, hətta bəzən vaxtından əvvəl geri qaytarırdı, heç vaxt gecikmə olmurdu. Ailəliklə bankdan kredit götürürdülər və heç vaxt da problem yaratmırdılar. Buna görə də daim ona və ailə üzvlərinə kreditlər verirdik. Ən əsası, bizə izah edən yoxdur ki, 148 minlik kredit 22 min faizilə birlikdə qaytarılıbsa, burada hansı mənimsəmədən söhbət gedir?”
Azər Cəfərlinin dindirməsi başa çatandan sonra bankın rəhbəri olmuş Etibar Əliyev maraqlı bir arayış verdi: “Iş materiallarında yazıldığına görə, guya, adamlar deyiblər ki, 150 manat, 300 manat bizim üçün böyük puldur. Bəs o zaman niyə dərhal bank rəhbərliyinə şikayət eləmirdilər? Üstündən 8 ay keçəndən sonra necə oldu ki, onların yadına düşdü?”
Daha sonra “Texnikabank”ın Xəzər rayon filialının müdiri və bankın baş ofisində departament müdiri vəzifələrində işləmiş Anar Həmzəyev ifadə verdi. O da ittihamları qəbul etmədiyini, işlədiyi müddətdə heç bir qanun pozuntusuna yol vermədiyini bildirdi.
Məhkəmə prosesi aprelin 24-də davam edəcək.

Aytən Məmmədova