Ilham Əliyevlə bağlı heç bir xəbər mənim üçün maraqlı deyil. Çünki həmişə bütün xəbərlərdə harda şirkət, ada almağından, hansısa yarımçıq çəkilən yolun qırmızı lentini kəsməyindən bəhs olunur. Amma bu yaxında “Ilham Əliyev başsağlığı verdi” xəbəri diqqətimi çəkdi.
Bəlkə də başqa vaxt olsaydı, prezidentin kimə başsağlığı verdiyi ilə heç maraqlanmazdım, çünki bilirəm, Ilham Əliyev öz çevrəsindən başqa yerdə qalan bütün vətəndaşların hamısına ölü kimi baxır: o, heç vaxt nə naməlum səbəbdən intihar edən və ya öldürülən əsgərlərin ailələrinə, nə tikintisi başa çatmayan yollarda ailəvi qəzalara düşənlərin yaxınlarına, nə də ölkədəki haqsızlıqlardan stress keçirib ürəyi partlayanların qohum-əqrəbasına başsağlığı verir. Prezidentin hansısa cəngəllikdə ağacdan yıxılıb yaralanan meymunun taleyindən xəbəri olur, onun halına üzülür, yeri gəlsə, meymunun müalicəsi üçün bir-iki milyon pul yollayır, amma “Alov qüllələri”nin liftinə düşüb başı bədənindən ayrılan ustanın ailə faciəsi məmurlarının tükünü də tərpətmir.
Aprelin 10-u Nemət Pənahlının anası vəfat etdi, başsağlığı da aprelin 12-si yazıldığına görə diqqətimi çəkmişdi. Fikirləşdim ki, yəqin başsağlığı Nemət Pənahlıya ünvanlanıb. Hətta başsağlığını oxumadan fikrimdə “Nemət Pənahlı, bizim hakimiyyətə gəlməyimizdə sənin atama çox böyük köməyin dəyib. Ailəndə baş verən böyük kədərə görə sənə dərin hüznlə başsağlığı verir və verdiyim cəzanın qalan hissəsindən səni azad edirəm” yazıldığını düşündüm. Amma Ilham Əliyevdə qədir bilmək mədəniyyəti hardandır? Başsağlığı prezident Mahmud Əhmədinejada Iranda baş verən zəlzələyə görə ünvanlanmışdı: “Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Iran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, onlara səbr, yaralananlar və xəsarət alanlara şəfa diləyir, dağıntıların nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. Allah rəhmət eləsin!”.
Bəlkə də başsağlığında “Allah rəhmət eləsin!” olmasaydı özümü zorla da olsa inandırardım ki, mətni kompüterdə şəxsən prezident özü yazıb. Axı Şeytana qulluq edən bir adam “Allah” sözünü dilinə necə gətirə bilər? Necə olur ki, növbəti dəfə prezident olmağa hazırlaşan Ilham Əliyev ölkədən kənarda baş verən zəlzələləri, faciələri görür, amma ölkədə baş verən, 20 ildir dayanmayan ZƏLZƏLƏni, məmur iqamətgahlarının pilləkənlərinə kimi gedib çıxan, gözə girən şikayətləri, faciələri görmür? Sanki onu prezident seçən, qoçularını vəzifəyə qoyan iranlılardır. BIZlər Allah bəndələri deyilikmi? Nə olsun kütləvi şəkildə hamımız namaz qılmırıq, hicab bağlamırıq, Hacı Bəy, Məşədi Xanım deyilik. Bütün insanların bir Allahı var!
Allah bəndələrinə fikir, sevgi azadlığı verirsə, həyatdan zövq almaq üçün uzun bir ömür bəxş edirsə, bəs Ilham Əliyev niyə YAP-çı olmayanları, onu sevməyənləri həbs etdirir, ölümlərinə fərman verir?! Özünü Allahdan ağıllı, yoxsa güclü sayır?! Ilham Əliyev unudur ki, Nemət Pənahlı Heydər Əliyevə hakimiyyətə gəlməyə kömək etməsəydi, indi o, Iran prezidetinə başsağlığı vermirdi, özü də, məmurları da ailələrini dolandırmaq üçün Irandan xına, sarıkök, istiot gətirib xırda alverlə məşğul idilər, ya da Rusiya bazarlarında kartof, soğan satırdılar. Əlbəttə, Ilham Əliyev təkcə Nemət Pənahlını sona kimi onların komandasına xidmət etmədiyinə, onu sevmədiyinə görə cəzalandırmadı, eyni zamanda dəyərli müsahibələri ilə tarix yazan, Əliyevlər hakimiyyətinin iç üzünü açan anası Sara Pənahlıdan da qisas aldı. Amma ölüm ayağında olan bir müdrik ağbirçəkdən, qeyrətli anadan, Allahın günahsız bəndəsindən ancaq qorxaq və acizlər qisas alar. Belə bir söz var: “Haqsız yerə incitdiyiniz insanın və qırdığınız qəlbin bəd duasından qorxun! Çünki bir qəlb qırmaq, min Kəbə yıxmaqdan daha günahdır”.
Ilham Əliyev Azərbaycanın yox, Qırıq Qəlblər ölkəsinin prezidentidir. Əliyevlər və onların komandası bu ölkədə uşaqdan böyüyə kimi hamının qəlbini qırıblar. Qırıq QƏLBlər ölkəsində dünyanın ən gözəl binaları tikilsə də, dünyanın ən nadir ağacları, füsunkar çiçəkləri əkilsə də, ən təmtəraqlı bayramlar keçirilsə də məmləkət dəhşətli zəlzələ baş verən xarabalığa bənzəyəcək. Ən dəhşətlisi isə odur ki, qəlb yaralarımıza şəfa diləyən, aldığımız xəsarətlərə, itkilərə görə bizə başsağlığı verən bir dövlət başçısı da yoxdur…

Qırıq QƏLBlər ölkəsinin prezidenti
•