Obamanın Putinə gizli məktubunda nələr var?

“ABŞ və Rusiya başlıca 27 məsələ üzrə konsentrasiya olunmalı və xırda qıcıqlandırıcı məqamlara fikir verilməməlidir” – ABŞ prezidenti Barak Obamanın rusiyalı həmkarı Vladimir Putinə gizli məktubun əsas ideyası bundan ibarət olub.
Birləşmiş Ştatlar hökumətinin adının çəkilməsini istəməyən yüksək vəzifəli təmsilçisi “Kommersant Online”a deyib ki, bu məsələdə amerikalıların səsinin eşidilmək şansı böyükdür. Həmçinin qeyd edib ki, Obamanın müşaviri Tom Donilonun Moskvaya səfəri əlverişsiz vaxta təsadüf edib. Bu səfərdən iki gün əvvəl Vaşinqton və Moskva bir-birinə qarşı “qara siyahılar” açıqlayıb. Bununla belə, o, hesab edir ki, Donilonun Moskva görüşləri məzmunlu və məhsuldar olub.
Mənbə onu da qeyd edib ki, ABŞ prezidentinin rusiyalı həmkarına məktubunda yaxın aylar (prezidentlərin iyun və sentyabrda görüşlərinə qədər) və illər (Obamanın prezidentliyinin sonunadək) üçün nəzərdə tutulmuş təkliflər var. Rusiya tərəfi bildirib ki, Obamanın məktubuna cavab veriləcək.
Amma Rusiya tərəfə danışıqları bir o qədər uğurlu saymır. “Obama Rusiya ilə tərəfdaşlığın ona lazım olduğunu göstərmək istəyir. Amma bir əllə Putinə məktub yazıb, o biri əllə ”qara siyahı” imzalamaq olarmı?”, – deyə rusiyalı deputat Aleksey Puşkov bildirib.