Elnur Astanbəyliyə

Tənqidçi köşə yazarlarımızın mənə görə, çatışmayan bir yanı var. Heç görməzsən biri o birisinin köşəsində yazdığı bir fikri götürüb davam etdirə, artıra, bir az daha incələyə, bəzən tənqidi yanaşa, onun yanaşmasına qarşı özününkünü qoya. Yazar bəzən ştrixlərlə hansısa bir fikri qələmə alır, qısa, lakonik olmasına çalışır. Çünki köşə həcmi bura qədər imkan verir. Əslində isə, o fikrin detallı izaha, təfərrüata, faktlarla möhkəmləndirilməsinə gərək var. Özün gələn yazında bu fikri xırdalamağa başlayanda ilk baxışdan təkrarçılıq alınır, hətta bəzən elə təəssürat yarana bilər ki, aşığın sözü qurtarıb, “dalay-dalay” eləyir. Ona görə də istər-istəməz hər birimiz bundan qaçırıq. 
Lakin həmin yığcam fikri bənzər ruh və ideyalı başqa bir yazar götürüb yazanda, davam etdirəndə, bəzən tənqidi yanaşanda fikir böyüyür, cücərir, çoxalır və istədiyimiz effekti verir. Söhbət məhsuldan gedir. Məhsuldarlılığın, anadolulular demiş, verimliliyin artırılmasından gedir. Biri şitil eləyir, o biriləri də o şitili əkib artırır. Yox, yazıqlar olsun ki, yox. Biz nəinki o birinin fikrinə qanad veririk, heç üzünü də baxmırıq. Ən yaxşı halda o birilərinin yazısını sosial şəbəkələrdə paylaşırıq. Lap siyasətçi olub getmişik: Mən niyə başqa siyasətçinin fikrini qanadlandırmalıyam? Birdən mənim elektoratım ona meyl eləyər…
Ötənlərdə bir köşəmdə yazar dostlarımın diqqətini bir məsələyə çəkmişdim. Rüşvətxor, rejim yanlısı olan, çörəyini Elnur bəyin də indi haqqında bəhs edəcəyim yazısında dediyi kimi, “yalanla, alçalmaqla, oğurluqla” qazandığı ailələrin hələ məsum olan çocuqlarına hər birimizin məktub yazmasını, yəni öz köşəsində, istəmişdim. Məndə bu inam var ki, o uşaqların hamısını olmasa da, bir hissəsini xilas etmək, sabahın vicdanlı vətəndaşına çevirmək, yəni öz səflərimizə çəkmək olar. Valideynə heç kimin qınağı öz məsum övladının utancaq, doluxsunmuş gözlərlə söylədiyi qınaqdan güclü təsir eləyə bilməz. Axı atalar-analar başqaları üçün deyil, məhz, onlar üçün qazanırlar. Istənilən yola da azı 90 faiz onlara görə qol qoyurlar: “Balalarım var…”.
Dünən gənc, üzü “sutkalıqlar görmüş” cəbhəçilərdən birinin mənə danışdığı hadisə də buna misaldı. Aksiyaların birində bizimkilərə bir polis rəisinin oğlu da qoşulubmuş. Aksiyada ata-oğul qarşılaşırlar. Ata oğlunu hamının gözü qarşısında döyür. Əminəm ki, ürəyi qan ağlaya-ağlaya.
Heyf, heç bir yazar dostumuz fikrimə qoşulmadı. Hətta sonradan bunu giley kimi deyəndə, usta yazar abimiz dedi ki, o yazını oxumamışam. Oxusam, qoşulardım…
Elnur bəyin dünənki köşəsini oxudum. “Qənddandan qənd oğurlayan uşaqlarını döyən büdcə oğruları”. Yazıda aydın fikir var: Heç kim övladına oğurluq, yalan öyrətməyib. Bəs bu dəhşətlər, iyrəncliklər hardandı? Bu adamlar başqa bir planetdəmi yetişdiriliblər? Yox. Onları bu mövcud rejim “korlayıb”. Üzlərini… Yüksəliş varsa, səbəb alçaqlıq… Əlbəttə, qardaşım haqlıdı. Cəmiyyətlər rejimlərinin yetirməsi, övladı olur.
Ancaq təkcə rejiminmi? Quruluşunmu? Iqtidarınmı? Burda millətin, xalqın genetik təfəkkürünün payı yoxdurmu? Axı o rejim də millətin övladıdı. Onlar da hansısa yad planetdən gəlməyiblər. Qocaların çox işlətdiyi iyrənc bir deyim var: “G..t ver, pul qazan, sonra o pul gəlib g..nün ayıbını örtər…”. Razıyam, o deyimi də haçansa, lap qədimdə olsa, belə bir rejim formalaşdırıb. Bəlkə da lap indiki kimi. Bəlkə elə ona görə bu rejimin başında duranlar və kölələri ataların o sözünə görə çox rahatdırlar? Sadəcə, biz bunu da anlatmağa çalışmalıyıq ki, ataların da hamısı kişi olmayıb.
Köşəmin yeri doldu. Nəyisə çatdırıb deyəmmədimsə, Elnur qardaşım deyər. Ümidimiz övladlaradı.