“Butalife”nin sorğusu hökumətdə aranı qatıb

Mətbuatda fövqəladə hallar naziri Kəmaləddin Heydərova aid edilən “Butalife” sosial şəbəkəsində prezident seçkisi ilə bağlı keçirilən sorğu ciddi qalmaqala səbəb olub. Məlumat üçün deyək ki, həmin sorğuda Ilham Əliyevin xanımı Mehriban Əliyeva birinci, Müsavat başqanı Isa Qəmbər ikinci, ölkə başçısı isə üçüncü yer tutub.
Hökumət daxilində Kəmaləddin Heydərova yaxın sosial şəbəkədə belə bir sorğunun keçirilməsi və onun nəticələri aranı qatıb. Iş o həddə çatıb ki, “Butalife”ın rəhbəri Ilham Abduyev sosial şəbəkədə keçirilən sorğunun onlara aid olmadığını bəyan edib. “Butalife” sosial şəbəkəsində prezident seçkiləri ilə bağlı heç bir sorğu keçirilməyib. Bununla bağlı bəzi mətbuat orqanlarında yazılanlar yalandan, sosial şəbəkə texnologiyasının mahiyyətindən xəbərsiz olmaqdan başqa bir şey deyil”, – deyə o bildirib.
O, qeyd edib ki, cəmi 12 dostu olan bir istifadəçi sosial şəbəkədəki profilində Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı “sorğu” yerləşdirib: “Bu, sadəcə bir istifadəçidir. Heç bir sosial bazası olmayan, sorğu keçirməklə bağlı qaydalara riayət etməyən bir istifadəçidən söhbət gedir. Sadəcə, şəbəkənin qaydalarına görə, sorğular ”public” yerləşdirilir və sosial şəbəkədəki digər istifadəçilərin onu görmək imkanı var. Mən onu da qeyd eləmək istəyirəm ki, mediada yazılar gedəndən sonra biz profilə baxış keçirdik və məlum oldu ki, ordakı rəqəmlər mətbuatda qeyd edilən kimi deyil. Sorğunun hazırkı nəticəsinə görə, Prezident Ilham Əliyev böyük fərqlə irəlidədir”.