Ramiz Rzayev gecə yarı gərgin anlar yaşayıb; səhəri gün polis qüvvələri və Bakı meriyasının buldozerləri hücuma keçib
Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən məşhur “Mamounia Lounge” adlı gecə klubu aprel 10-da gecə vaxtı Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi tərəfindən keçirilən əməliyyat nəticəsində bağlanıb və sonra ekskovatorlarla tamamilə dağıdılıb.
39-cu polis şöbəsindən verilən açıqlamaya görə gecə klubunun sökülməsinə səbəb klubda qeyri-qanuni olaraq qumar oyunları və fahişəxana təşkil edilməsi olub. Lakin klubun xanım inzibatçısı bunu təkzib edərək bildirib ki, burada heç bir əxlaqsız hərəkətləri baş verməyib: «Bura imkanlı adamlar gəlib. Deyilənlərin hamısı yalandır”.
Məlumata görə, klubun bağlanmasına səbəb heç də iddia olunduğu kimi klubun əxlaqsızlıq yuvası, qumarxana kimi fəaliyyət göstərməsi deyil. Mənbə bildirir ki, paytaxtda çoxuna məlumdur ki, bu klubun ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Azər oğlu Əhmədzadə ilə bağlılığı var. Bu səbəbdən o kluba nəinki, hüquq-mühafizə orqanların əməkdaşları, hətta müştəri qismində sıravi vətandaşlar da yaxın dura bilmirdi.
Çünki təsadüfi adamlar kulubda dava sala bilərdilər ki, bu da ora gələn samballı müştərilərin narahatçılığına səbəb olardı. “Mamounia” klubu Nəsimi rayonunda, bulvarın yaxınlığında və prezident kortejinin keçdiyi yolun üstündədir. Klubun yerləşdiyi binanın üstündə isə Ali Məhkəmənin sədri Ramiz Rzayev yaşayır. Mənbənin bildirdiyinə görə, Ramiz müəllim adətən axşamlar idman paltarında klubun yanından keçib üzü bulvara tərəf gəzməyə gedir.
Mənbə iddia edir ki, günlərin birində o həmişəki marşrutla bulvardan evə qayıdanda “Mamounia” klubunun qarşısında içində üç nəfər olan “Mercedes Gelandewagen” cipin sürücüsü avtomobili düz Ramiz müəllimin üstünə sürür.
Bundan təəcüblənən Ramiz müəllim, avtomobili saxlatdıraraq onlardan niyə belə hərəkət etmələrini soruşur. Ancaq avtomobildə əyləşənlər özlərindən razı şəkildə ona “yaxşı etdirik” cavabını qaytarıblar. Bundan bərk əsəbləşən Ramiz Rzayev kluba yaxınlaşaraq oranın rəhbər şəxslərindən biri ilə görüşüb oz iradlarını bildirir. Ancaq “Mamounia”-nın inzibataçısı da onunla qaba rəftar edib, sözündən belə çıxıb ki, maşını Ramiz Razayevin üstünə sürənlər düz hərəkət edib.
Ramiz Rzayev hüquq-mühafizə orqanlarına müraciət edib. Araşdırmalardan sonra məlum olub ki, sürücünü saymasaq “Mercedes Gelandewagen”də olanlardan biri Milli Məclisinin yüksək dövlət vəzifəsi tutan deputatının, (həmin şəxsin adı, bizə məlumdur, araşdırmalarımız davam edir) digəri isə Mərdəkanda yerləşən “Qoşa Qala” restoranın müdirinin oğlu olub. Bu aydınlaşan kimi həmin deupatat dərhal Prezident Administrasiyasına çağrılıb və buna görə ona irad tutulub. Səhər tezdən isə hamıya məlum olduğu kimi Hacıbala Abutalıbovun göstərişi ilə buldozerlərlə klubu yerlə yeksan ediblər. Klubun qabağının sökülməsini görən “Mamounia” klubunun mühafizəçiləri, ekskavatorların şüşələrini sındırmağa başlayıblar.
Hadisə yerinə polis qüvvələri çağırılıb və ondan sonra Hacıbala Abutalıbovun əmri yerinə yetirilib. Mənbə bildirir ki, söküntü zamanı mühafizəçilərin hərəkətinə görə Ədnan Əhmədzadə də danlanıb. Hazırda həmin klubun qabağında dəmir borular basdırılıb ki,ora heç bir avtomobil daxil ola bilməsin.
Qeyd edək ki, klubun qonşuluğunda fəaliyyət göstərən “NZA klub” da “Mamounia”-nın badına gedib; onun da qabağını söküblər. Mənbənin bildirdiyinə görə ora gələn müştərilərdən heç vaxt şikayət olmayıb. Deyilənə görə hazırda fəaliyyət göstərən klubun müştəriləri əsasən yaşlı nəsilin numayəndələridir.
Aldığımız məlumata görə “NZA klub”un sahibi Moskvada çalışan iş adamı, əslən Masallı rayonundan olan Hacı Gülağa adlı biznesmendir. Bakı Şəhər İcra Hakimiyyətinin buldozerləri “Mamounia” klubunu sökəndə “NZA klubu”-nun inzibatçısına kluba ziyan dəyməsin deyə imkan verilib ki, şüşə örtükləri fəhlələr özləri çıxartsınlar.
P.S. Qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.
“Bizim Yol”


