Müharibənin od-alovundan keçib gələn bir xanımın acı günlləri
28000 manat tapılmasa, o, ömürlük şikəst qalacaq
Ölkəyə milyardlarla pul gəlir. Bu milyardlar isə müxtəlif layihələr adı altında talan edilir. Ancaq bu ölkədə minlərlə insan var ki, öz sağlamlığnı itirib, əlil həyatı yaşamağa məhkum olub. Bu insanların əksəriyyətinin yenidən sağlamlığını bərpa etməsi az bir maliyyə hesabına mümükündür. Ancaq hər il “gül bayramı” adı altında 10 milyonlarla manat havaya sovrulur. Yuxarıda söhbət açdığım ağır vəziyyətdə yaşayan insanlardan biri də Rüxsarə xanımdır.
28000 manata sağlamlıq

Cumayeva Rüxsarə Bayraməli qızı 1968-ci ildə Zaqatalada anadan olub. Ali təhsillidi, Bakı Dövlət Universitetini bitirib. 12 yaşında qəza keçirib və 2-ci qrup əlildir. Ancaq buna baxmayaraq Rüxsarə xanım Qarabağ müharibəsində könüllü iştirak edib. Onlarla insanın həyatın xilas edib. Meydan hərəkatının fəal iştirakçısı olub. Rüxsarə xanım deyir ki, bu gün ölkəmizin üçrəngli bayrağının dalğalanmasında onun də əməyi var və bu xidmətimlə qürur duyur. O, 12 yaşlı qızı ilə birlikdə yaşayır.
Rüxsarə xanım 2007-ci ildən gəzə bilmir. Həkimlər deyirlər ki, ayaq kəsilməli, protez qoyulmalıdı. Ayaq oynağı çanaqdan çıxıb.
Bu əməliyyat çox ağır əmliyyatdı. Əməliyyatın keçirilməsi üçün 28000 manat pul lazımdır. Ancaq Rüxsarə xanım deyir ki, 28 manatı güclə tapır.
Heydər Əliyev fondundan “təsəlli”

Rüxsarə xanım 4 dəfə Heydər Əliyev fonduna müraciət edib, Ilham Əliyevə teleqram göndərib, dəfələrlə Səhiyyə Nazirliyinə müraciət ünvanlayıb.
Heydər Əliyev fondundan ona bildiriblər ki, bizim fondun bu qədər pulu yoxdur. Rüxsarə xanım bildirib ki, qızımın 12 yaşı var. Mən onun üçün heç bir iş görməmişəm. Mənim başıma bir iş gəlsə, o ortalıqda qalacaq. Onun bu sözlərinə Heydər Əliyev Fondunun yetkilisi “müdrik” bir cavab verib: “Qorxma, sən ölsən, qızın birtəhər böyüyəcək. Ona heç nə olmaz”.
40 manata məmurlar yaşaya bilər?

Rüxsarə Cumayevanın yaşadığı evin ümumi sahəsi 10 kv.metrdir. Deyir ki, bu evə qızım, mən, bir də iynə- dərmanım yerləşir. O, dəfələrlə Nəsimi Rayon Icra hakimiyyətinə müraciət etsə də onu qeydiyyata almırlar. Rüxsarə xanım bildirdi ki, bu ölkənin vətəndaşıyamsa, niyə mənimlə düşmən kimi rəftar eləyirlər? Bu ölkəyə, bu hökumətə nə pislik eləmişəm? – deyə Rüxsarə xanım soruşur.
Bu ağır şəraitdə yaşayan, 2-ci qrup əlil 40 manat müavinət alır. Rüxsarə xanım deyir ki, soruşan olanda utanıram deməyə ki, hökumət mənə 40 manat verir. Eşitdiyimə görə, məmurlar evlərində saxladıqları heyvanlara 1000-2000 manat xərcləyirlər. Hansı məmur 40 manata yaşaya bilər? – deyə sual edir..
“Bu hökumətə bayraq sevən yox, rüşvətxor lazımdır”

“Dünyada kim əlil olduğu halda müharibəyə gedib, mənə belə bir nümunə göstərə bilərlər? Ancaq mən Azərbaycan oğullarının ölümünə, şikəst qalmasına biganə ola bilməmişəm. Cəbhəyə getmişəm. Düşünmüşəm ki, bu ölkənin igid oğlanları qırılandan sonra bu ölkə, biz qadınlar nəyə lazımıq… Hara getmişəmsə, çiynimdə bayraqla getmişəm. Görünür, bu ölkədə bayraq, torpaq, millət sevənə ehtiyac yoxdur. Bu hökumətə bayraq sevən yox, rüşvətxor, qorxaq adamlar lazımdır”- deyə üsyan edir.

“Mənim 12 yaşında qızım var. Hər dəfə ona baxanda utanıram. Mən ona baxmalı olduğum halda, o mənə baxır. Axı ayağa qalxa bilərəm, özümü idarə edə bilərəm. Sağlamlığıma qovuşmağım üçün maliyyə lazımdır. Necə olur axı, inkişafdan, tərəqqidən danışan hökumət bir əlilinə sahib çıxa bilmir”.
***

Biz bu qadının suallarına cavab verə bilmədik. Çünki bizim də 28000 manatımız yoxdur. Hər gün talan edilən milyonları Rüxsarə xanım da, biz də görürük.
Rüxsarə Cumayeva Şamil Əzizbəyov 170, mənzil 7-də yaşayır. Ünvanı da bəlkə, vətəndaşına sahib çıxmaq qüdrətini özündə tapan olar deyə, yazdıq.
O, hələ də ümidlə gözləyir…


İlham Hüseyn


