Indi yazacaqlarım, daha doğrusu, internet üzərindən kiçik bir axtarış nəticəsində dərləyib-topladıqlarım sizə bir az darıxdırıcı, bir az yorucu gələ bilər. Heç mən də bunları kefimdən bu köşəyə yığıb-gətirməmişəm.
Amma yenə də sonadək oxumağınızda fayda var.
Zatən yazının anlamı da elə onlarda gizlidir.
***
21 dekabr, 2011. Ilham Əliyev Monteneqro Respublikasının sabiq prezidenti və baş naziri Milo Çukanoviçi qəbul etmişdir.
3 fevral, 2012. Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Prezident Ilham Əliyev Almaniyanın sabiq xarici işlər naziri Hans-Ditrix Genşer ilə görüşmüşdür (president.az).
2 mart, 2012. Ilham Əliyev Malayziyanın keçmiş baş naziri Mahathir Mohamadı qəbul edib (anspress).
14 aprel, 2012. Litva Respublikasının sabiq dövlət başçısı, ölkə Seyminin keçmiş sədri Vitautas Landsbergis Bakıya səfərə gəlmişdir (milli.az).
18 sentyabr, 2012. Ilham Əliyevin Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi ilə görüşü olmuşdur (president.az).
3 oktyabr, 2012. Italiyanın keçmiş xarici işlər naziri Prezident Ilham Əliyevin qəbulunda olub (az.itv.az).
4 oktyabr, 2012. Ilham Əliyev Bakıda səfərdə olan Xorvatiya Respublikasının sabiq prezidenti Stepan Mesiç ilə görüşmüşdür (president.az).
4 oktyabr, 2012. Ilham Əliyev Latviyanın sabiq Prezidenti Valdis Zatlers ilə görüşmüşdür (president.az).
4 oktyabr, 2012. Ilham Əliyev Yunanıstan Respublikasının sabiq xarici işlər naziri Dora Bakoyannis ilə görüşmüşdür (president.az).
24 yanvar, 2013. Ilham Əliyev Ukraynanın sabiq prezidenti Leonid Kuçma ilə görüşmüşdür (president.az)
27 mart 2013. Latviya Respublikasının sabiq prezidentləri Vaira Vike-Freiberga və Valdiz Zatlers, bu ölkənin sabiq baş naziri Valdis Birkavs 4-5 mayda Azərbaycanda səfərdə olacaqlar.
12 aprel, 2013. Rumıniyanın sabiq prezidentləri Ion Iliesku, Emil Konstantiniesku, həmçinin sabiq baş nazir Petre Roman mayın 6-8-də Azərbaycanda səfərdə olacaqlar (atvxeber.az).
7 mart, 2013. Qırğızıstanın sabiq prezidenti Roza Otunbayeva Azərbaycana səfərə gələcək (salamnyus.az).
11 aprel, 2013. Bolqarıstanın sabiq prezidentləri Petar Stoyanov və Jelyu Jelev mayın 6-8-də Azərbaycanda səfərdə olacaqlar (apa).
12 aprel, 2013. Kanadanın sabiq baş naziri, xanım Kim Kampbel və Yeni Zelandiyanın sabiq baş naziri, xanım Cennifer M. Şipley Azərbaycanda səfərdə olacaqlar (apa).
***
Indi isə yaddaşınızı qurcalamağa çalışın:
Bu qədər “eks”lərin, sabiqlərin qarşılığında əlahəzrətin son iki ildə iş başında olan neçə xarici ölkə rəhbəri, hökumət başçısı ilə görüşünü xatırlayırsınız?
Və onların neçəsi dünyanın heç bir mübahisəsiz, heç bir mübaliğəsiz demokratik, azad, firavan hesab olunan ölkəsini təmsil ediblər?
Şəxsən mənim yadıma iki-üç Şərqi Avropa ölkəsi rəhbərindən başqa heç kim gəlmir. Ki, onlarla da vəziyyət zatən aydındır. Korrupsiyanın ən üst səviyyələrdə hələ də qaldığı, azadlıqların Qərb və Qərbi Avropa dövlətləri ilə müqayisədə xeyli axsadığı həmin ölkələrin çoxlu pulları olan YAP rejiminə isti münasibəti, salam-kəlamı kəsməməsi başa düşüləndir.
Necə ki, təzəlikcə bizim möhtərəmlə görüşə görə ölkəsində hər cür tənəli sözü eşidən Xorvatiyanın baş naziri sandığı açıb, pambığı tökmüşdü: “Onların çoxlu pulu var, biz isə öz gəmilərimizi, vaqonlarımızı satmaq istəyirik”.
***
Nəticə:
Bir: dünyadan Azərbaycana bir ucdan yalnız “eks”lər gəlirsə, bu, dünyanın yaptokratiyaya artıq keçmiş kimi baxdığının, baxmağa başladığının bir işarəsidir. Azadlıqların genişləndiyi, demokratiyanın gücləndiyi bir dünyada yaptokratiyaya yer olmadığının ifadəsidir.
Iki: yaptokratlar ölkəyə bir ucdan “eks”ləri dəvət edir, dəvət etmək məcburiyyətində qalırsa, bu da onların qaçılmaz sonluqla barışdıqlarının görsənişidir, özlərini yaxın gələcəyə hazırladıqlarının nişanəsidir, bir sözlə, təsəlli tədarüküdür: “Sabiq olmaq hələ dünyanın sonu deyil”.

Sabiqliyi məşq etmək
•
•