Tanınmış müğənninin biabırçı ailə qalmaqalı

Həyat yoldaşı Musa Musayevə xəyanət edib; qardaşı müğənniyə «namussuz» dedi

Təranə Qumral: «Onu mən adam elədim; üç ildir ki, azad qadınam»

Tanınmış müğənni cütlük Musa Musayevlə Təranə Qumral qalmaqalla ayrılıblar. Bu barədə “oxumeni.az” məlumat yayıb. Məlumatda bildirilir ki, cütlük təxminən 2 həftə əvvəl Nərimanov rayon məhkəməsində rəsmi qaydada boşanıb.
Musa Musayev deyilənləri təsdiqləyərək ayrılmaqlarının səbəbini də açıqlayıb: “Təranədən çoxdan şübhələnirdim. Telefonda başqa bir kişi ilə danışdığını, onunla eşq yaşadığını hiss edirdim. Amma dünən onları öz evimizdə, yataq otağında tutdum. Təranəni ov tüfəngi ilə vurmaq istədim, alınmadı, qaçıb qonşuda gizləndi. O, məndən 17-ci polis bölməsinə şikayət edib”.
Musa Musayev həyatının uzun illərini Təranə Qumrala həsr etdiyi üçün peşman olduğunu da əlavə edib: “Ona görə uzun illərdir Cabbarla küsülü idim. Onu çox sevirdim, inanırdım. Amma sən demə, Təranə… Məni şəmkirli biznesmenlə aldatdı. Özü mənə dedi ki, daha məni sevmir, onu sevir”.
Qeyd edək ki, Təranə Qumral 2 nəvənin nənəsidir.
Musa Musayevin qardaşı bəstəkar Cabbar Musayev isə qardaşının Təranə Qumraldan ayrılması xəbərinə “publika.az” vasitəsilə münasibət bildirib: “Biz nəsillikcə Musanı qohumluqdan çıxarmışıq, o nəinki nəslimizin adına, doğulduğu Imişlinin adına ləkədir. Vaxtında ona anam da, əmim Niyaməddin də, mən də dedik ki, o qadından əl çək. Amma bizi eşitmədi, dedi ki, iki dünya bir ola, ondan ayrılmayacağam. Indi ölüb yerə girsin. Mən onu qardaşlıqdan çıxarmışam. Bütün nəsil o adda adam tanımır. O qadının Musanın başına gətirdiyi oyunları bilsəniz, tükünüz başınızda biz-biz olar. Musanın bütün var-dövlətini yedi, qazancı hesabına özünə nələr etdi. Amma Musanın adına bir pencək də yoxdur. Qardaşımın başını yedi, xarab elədi”.
Qardaşının Təranə Qumrala hansısa xəsarət yetirə biləcəyi haqda suala isə Cabbar Musayev belə cavab verib: “Haradaydı Musada o qeyrət… Elə qeyrəti olsaydı, vaxtında o işi görərdi. Musa qədər namussuz, qeyrətsiz insan heç Fransada da yoxdur. Amma qocalmış vaxtında əgər ayılıb o qadından əl çəkəcəksə, buna görə Allaha min şükür etmək olar. Musa dünyanın ən bədbəxt insanıdır, bir qadının əlində oyuncağa çevrilib, başı xarab olan bir insandır. O qadın Musanın adına nələr böhtan danışmadı; gah narkoman dedi, gah alkaş. Musaya o da azdır”.
“Lent.az”ın əldə etdiyi məlumata görə isə, Musa Musayev Təranə Qumralla boşanması üçün 2011-ci ildə məhkəməyə müraciət edib. Elə həmin il Nərimanov rayon Məhkəməsi müğənnilərin boşanmasını rəsmiləşdirib. Lakin bəzi səbəblərdən cütlük bir yerdə yaşamağa və birlikdə məclislərdə çıxış etməyə davam edib. Son hadisələrdən sonra isə cütlük arasında olan-qalan bağlar da qırılıb. Nərimanov rayon Məhkəməsindən də bildirilib ki, cütlük 2011-ci ildə rəsmi qaydada boşanıb.
Elə Təranə Qumral özü də “anspress”ə açıqlamasında Musa Musayevlə çoxdan boşandığını deyib: “Musa ilə mənim boşanmağım çoxdan olub. Mən bütün sənədləri göstərə bilərəm. Sadəcə olaraq, uşaq atasız qala bilmədiyi üçün mən Musanı qızımın başına fırlayıb dedim ki, ailə kimi olmasa da, bir yerdə yaşamağa davam edək, həm də birgə yaradıcı fəaliyyətimiz də var. Bəzən aramızda söz-söhbətlər də olurdu.ÿ
Yataqda məni başqa birisi ilə tutduğuna gəlincə, qoy ad çəksin. Əgər, həqiqətən, məni kiminləsə tutubsa, niyə öldürməyib? Elə ikimizi də öldürərdi. Çox xahiş edirəm, jurnalistlər yazıb-pozmaq üçün bu mövzunu şişirtməsinlər. Qardaşları bir yandan, anası bir yandan üstümə hücum çəkirlər. Onu da deyim ki, Musanın psixoloji problemləri var idi. Ev şəraitində müalicə də almışdı. Cavan qardaşı dünyasını dəyişəndə ona bəd xəbəri verəndə başı pozulmuşdu. Ağlı üstündə olan adam belə bir müsahibə verməz axı… Arvadın səndən boşanıbsa, birlikdə yaşamaq istəmirsə, daha nəyə lazımdır elə yazılar yazdırmaq? Sabah başqa bir adama ərə də gedə bilərəm. Bunun heç kimə aidiyyəti yoxdur. Mən efirə çıxıb onu biabır eləmək istəmirəm. Övladlarımı, pərəstişkarlarımı düşünürəm”.
Təranə Qumral Musa Musayevin külli miqdarda borcu olduğunu açıqlayıb: “Ondan-bundan borc yığıb pulları futbola yatırırdı. 3000 birindən, 3600 birindən, 10000, 20000 də başqalarından alıb borca girmişdi. Istəsəniz, Musanın borclu olduğu insanların nömrələrini də verə bilərəm. O, borc alıb kimlərəsə yedirdəcək, mən niyə balalarımın boğazımdan, geyim-keçimlərindən kəsib ona xərcləməliyəm? Artıq cana doydum. Və dedim ki, səninlə bir yerdə yaşamaq istəmirəm. O da dedi ki, mənimlə yaşamasan, mən səni biabır edəcəyəm. Onu da deyim ki, uzun müddət idi bağda yaşayırdı. Dünən evə gəldi, heç nə demədən üstümə hücum çəkdi. Qarşısına qızım Fidan keçdi. Birinci onu vurdu. Bilmirəm o açıqlamanı haradan verib, guya polisə şikayət etmişəm, belə bir şey olmayıb”.
Musanı bir sənətçi kimi kəşf etdiyini deyən Təranə, Musanın məhz onun vasitəsilə populyar olduğunu düşünür: “Onu mən kəşf elədim, mən adam elədim. Nə olsun Musa yaxşı oxuyan idi? Ailəsi onu saymırdı”.
Təranə Qumral onu da bildirib ki, üç il əvvəl boşanmalarına baxmayaraq, efirdəki proqramlara birlikdə gedirdilər: “Istəmirdik ki, şəxsi söhbətlər işimizə təsir etsin. Buna görə də gizlədirdik. Musanın dedikləri hamısı yalandır. Bu xəbərə kim bu cür don geyindirib bilmirəm. Amma mən günahsızam. Şəxsi həyatımı qabartmaq istəmirəm. Üç ildir ki, azad qadınam”.