Nurəddin Məmmədli: «Onun mənəvi cəhətdən kimisə ittiham etməyə haqqı yoxdur»
Rövşən Ağayev: «Neft Fondunun 70 faizi xərcələnən ölkənin kimisə gələcək nəsillərin cibinə girməkdə ittiham etməsi heç bir məntiqə sığmır»
“Rossiya-242 telekanalına müsahibə verən ölkə başçısı Ilham Əliyev dünyadakı baş verən proseslərdən söz açaraq avrozonadakı böhrana toxunub. Əliyevin sözlərinə görə, avrozonada baş verən hadisələr və böhran göstərir ki, dövlət nizamlanmaya qarışmadığı təqdirdə dayanıqlı yüksəlişi təmin etmək çox çətin olacaq. Maliyyə və iqtisadi böhrana görə günahın siyasətçilərin məsuliyyətsizliyində olduğunu deyən dövlət başçısı onları gələcək nəsillərin cibinə girməkdə ittiham edib.
Rüşvətin və korrupsiyanın səviyyəsinə görə dünyada ilk yerlərdə dayanan, iqtisadiyyatı neftdən asılı olan bir dövlətin başçısının inkişaf səviyyəsinə görə Azərbaycanı xeyli geridə qoyan Avropa siyasilərini gələcək nəsillərin cibinə girməkdə günahlandırması nə dərəcədə doğrudur?
Iqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, 7 il ərzində Neft Fonduna toplanan vəsaitin 70 faizi xərcələnən ölkənin kimisə gələcək nəsillərin cibinə girməkdə ittiham etməsi heç bir məntiqə sığmır: “2006-cı ildən bəri Neft Fondunun 70 faizi xərclənib. Neft gəlirlərinin uzunmüddətli strategiyasında göstərilir ki, neft və qaz gəlirlərindən daxilolmalar zirvə səviyyəsinə çatdıqda onların 25 faizdən az olmayan hissəsi yığıma yönəldilməlidir. Bunu eləmirlər. 2013-cü ildə Neft Fondundan ötənilki gəlirlərdən əlavə 2 mlrd dollar xərclənməsi nəzərdə tutulub. Deyirlər ki, Azərbaycan inkişafının pik dövründədir. Inkişafının pik dövründə olan ölkə böhranlı Avropadan qat-qat geridə qalır. Belə bir ölkənin başqa dövlətləri gələcək nəsillərin cibinə girməkdə ittiham etməsi absurddur”.
AXCP sədrinin müavini Nurəddin Məmmədli isə hesab edir ki, Əliyevin dediklərinə müəyyən mənada haqq qazandırmaq olar. Çünki bəzi rüşvətxor elementlər Avropa mənzərəsində fəsadlar yaradıb. Avropa Şurası Parlament Assambleyasının bəzi üzvlərinin rüşvətə boyun əydikləri etiraf olunub. Ancaq Əliyevin kimisə ittiham etməsi yolverilməzdir: “Hakimiyyət təmsilçilərinin offşor zonalarda 48 mlrd dollar yerləşdirdiyi ortaya çıxıb. Ilham Əliyev offşor zonaları ilə bağlı hesabatda yer alan yeganə dövlət başçısıdır. Onun mənəvi cəhətdən kimisə ittiham etməyə haqqı yoxdur”.
Fizzə


