Zeynəb Xanlarovaya isə ictimaiyyətdən ciddi dəstək gəlir
“Kaspi” qəzetindəki məqalə ilə xalq artisti, millət vəkili Zeynəb Xanlarovanı tənqid atəşinə tutan hakimiyyət deyəsən, yanlış mövqedə olduğunun fərqinə varıb. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun məqalə ilə bağlı dünənki açıqlaması bunu açıq-aşkar ortaya qoyur.
PA rəsmisi bu açıqlama ilə sözün əsl mənasında iz azdırmağa çalışıb. Əvvəlcə Z.Xanlarovanın Azərbaycan mədəniyyətindəki xidmətlərindən danışan Ə.Həsənov daha sonra mətləbə keçərək Z.Xanlarova haqqında nəzarətində olduğu “Kaspi” qəzetində dərc olunmuş tənqidi yazı ilə bağlı müzakirələrə münasibət bildirib: “Zeynəb xanım həmişə dövlətə və dövlətçiliyə xidmət göstərib, bütün dövrlərdə ölkə rəhbərləri ilə yaxın təmasa malik olub, hakimiyyətlə birbaşa bağlığı ilə tanınıb. Hələ indiyə qədər Zeynəb xanımı öz tərəfinə çəkmək, müəyyən siyasi məqsədlər naminə istifadə etmək heç bir müxalifət partiyasına və yaxud müxalifətçiyə nəsib olmayıb. Bugünkü müxalifət də təpədən-dırnağa qədər öz dövlətinə və millətinə bağlı olan bu insanı, nə qədər çalışsa belə, hakimiyyətə, ölkə başçısına qarşı qoya bilməyəcək”.
Lakin Ə.Həsənovun növbəti fikirləri “Kaspi”də dərc olunan məqalənin əslində elə hakimiyyətin sifarişi ilə yazıldığını bir daha sübut edib: “O, mahir sənətkardır, lakin yetkin siyasətçi deyil. O, bəzən bəyanat və açıqlamalarını emosional formada səsləndirir, onları ütülü formaya salaraq cəmiyyətə təqdim etmir. ”Kaspi” qəzeti də, əlbəttə, nə qədər iqtidaryönlü olursa-olsun, bəlli bir jurnalist kollektivinin çalışdığı müstəqil mətbuat orqanıdır. Hər bir media vasitəsi kimi, “Kaspi”nin də öz dəst-xətti, fərqli üslubu var, burada çalışanlar ölkədə baş verən hadisələrlə bağlı məxsusi mövqeyə malikdirlər. Onlar da Zeynəb Xanlarovanı daim öz yanlarında, düşündükləri, təsəvvür etdikləri kimi görmək istəyirlər. Burada qeyri-adi bir şey yoxdur. Lakin hakimiyyət olaraq biz Zeynəb Xanlarovanı daim dövlətin, dövlətçiliyin və xalqın tərəfində görürük. Zeynəb xanımı Əkrəm Naibov, Rüstəm Ibrahimbəyov kimilərinin sırasında görmək istəyənlər yanılırlar”(APA).
“Zeynəb Xanlarovaya qarşı bu cür münasibət yolverilməzdir”
Öz növbəsində ictima-siyasi dairələrdən Z.Xanlarovaya dəstək bəyanatları gəlir. Milli Məclisin deputatı Vahid Əhmədov da Zeynəb Xanlarovanı müdafiə etdiyini bildirib. Deputat “Modern.azÿ saytınaÿ açıqlamasında bildirib ki, Zeynəb Xanlarova Azərbaycanın böyük, tanınmış sənətkarıdır və bütün fəaliyyəti dövründə yalnız obyektivlik müşayiət etdirib:
“Biz onu uzun zamanlardan bəri tanıyırıq və xalqın qarşısında xidməti çox böyükdür. Qeyd etməliyəm ki, SSRI vaxtında Azərbaycanın dünyaya tanıdılmasında Zeynəb Xanlarovanın çox böyük rolu olub. O, öz mahnıları ilə Azərbaycan mədəniyyətini dünya miqyasına çıxartmış sənətkardır. Zeynəb xanımın adının belə məsələlərdə hallandırılmasının əleyhinəyəm. Hesab edirəm ki, Zeynəb Xanlarovaya qarşı bu cür münasibət yolverilməzdir və hər bir Azərbaycan vətəndaşı onu müdafiə etməlidir. Çünki Zeynəb Xanlarova kimi sənətkarlar azdır”.
“Ayıb deyil, hər şey qurtarıb indi də Zeynəbdən yapışırlar?”
VHP sədri, deputat Sabir Rüstəmxanlı da Z.Xanlarovaya qarşı hücumları pisləyib: “Zeynəb xanım həmişə haqqın-ədalətin yanında olub. Vaxtilə rəhmətlik Bəxtiyar Vahabzadə deyirdi ki, ”mənə hansısa hakimiyyətin yanında olduğumu deyirlər, halbuki bu hakimiyyətlərin mənə ehtiyacı var, onlar məni axtarırlar”. Zeynəb xanım kimi sənətkarlar xalqın gözündə elə mərtəbəyə ucalırlar ki, onları hansısa tənqidi məqalə və ya kampaniya ilə gözdən salmaq mümkün deyil. Belə adamları gündəlik siyasət dedi-qodularına alət etmək olmaz. Zeynəb xanımın Azərbaycan mədəniyyətində o qədər xidmətləri olub ki, bundan sonra heç səhnəyə çıxmasa belə, xalqın ürəyində və yaddaşında qalacaq. Bülbülün, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın, Alim Qasımovun Azərbaycan musiqi tarixində yeri necədirsə, Zeynəb xanımın da yeri o cürdür.
Indi hər şey qurtarıb Zeynəbdən yapışırlar? Ayıb deyil?
Əgər Zeynəb xanım elə danışıbsa, demək, əlində əsası var. O, boş söz deməz. Zeynəb xanım xırda bir şeyə etiraz edən kimi ona qarşı kampaniyaya başlamaq sadəcə, ayıbdır. Diqqət etmək lazımdır ki, Zeynəb xanım bu etirazı niyə bildirib.
Bu cür addımlarla hakimiyyətə qarşı narazılıq yaradırlar. Azərbaycan ziyalısını hakimiyyətdən narazı salırlar, gənclərə qarşı hücumlar edirlər, yeni düşüncə daşıyıcılarını yabançı münasibət sərgiləyirlər. Bunu hakimiyyətdə təmsil olunan məmur edirsə və hesab edirsə ki, bununla iqtidara xidmət edir, tamamilə yanılır. Öz oturduqları budaqları kəsirlər. Bir ölçü-biçi lazımdır. Bir gün Rüstəm Ibrahimbəyov, bir gün Rafiq Əliyev, bir gün Cəmil Həsənli, bir gün də Zeynəb Xanlarova. Kim qalmalıdır bu ölkədə? Bu meydanları kimlər üçün təmizləyirlər? Cahillər üçün?”.
“Zeynəb xanımın mində-biri olsunlar, sonra irad tutsunlar”
Publisist Xeyrəddin Qoca da Z.Xanlarova ilə həmrəy olduğunu deyir: “Zeynəb xanım deyir ki, həmin hadisədə mənim adımı niyə hallandırırsız, kimisə tutmaq istəyirsinizsə, mənim adımdan istifadə etməyin. Yüz faiz doğru deyir. Zeynəb xanımın fikirlərində həmişə bir qadın mərdliyi görmüşəm. Məgər hüquq-mühafizə orqanlarında fakt çatışmır ki, Zeynəb xanımın adından istifadə edirlər? Düşünürdüm ki, Zeynəb xanımın etirazından sonra onun adını hallandırmazlar. Amma görürəm ki, telekanallar yenə onun adını çəkirlər. Bu nəyə lazımdır? Mən Zeynəb xanımla tam razıyam. Zeynəb xanımın elədiklərinin mində-birini etsinlər, sonra irad tutsunlar. Zeynəb Xanlarova Azərbaycan üçün əvəzi olmayan çox böyük işlər görüb. Gərək bir sənətkarı, bir ziyalını tənqid edəndə heç olmasa onun mində-biri qədər olasan. Kimin ağlına nə gəlir, onu yazır. Belə şey olmaz axı”.
Qeyd edək ki, Daxili Işlər Nazirliyinin Nardaranda Zeynəb Xanlarovanın bağ evinin yandırılması və hadisənin törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması ilə bağlı açıqlaması millət vəkilinin etirazına səbəb olmuşdu.
Z.Xanlarova bu hadisədə onun adının hallandırılmasına hiddətini ifadə etmişdi. O, həbs edilən gənc ilahiyyatçı Tale Bağırzadəni nəzərdə tutaraq “kimisə tutmaq istəyirsinizsə, kişi kimi tutun, mənim adımı hallandırmayın” kimi sərt açıqlama vermişdi. Məhz bu açıqlamadan sonra “Kaspi” qəzetində Z.Xanlarovanı tənqid edən məqalə dərc olundu.