“Azərbaycanın indiki siyasəti dəyişməlidir”

cohraqanli«Əliyevlər hakimiyyəti dövründə məni həbs ediblər, Azərbaycandan çıxarıblar»

Mahmudəli Çöhrəqanlı: «Mən Azərbaycana gəlməkdə qərarlıyam, nə olursa olsun, gələcəyəm»

Güney Azərbaycan hərəkatının öncüllərindən olan Mahmudəli Çöhrəqanlı “mediaforum”un suallarını cavablandırıb. 1958-ci ildə Güney Azərbaycanda doğulan Mahmudəli Çöhrəqanlı filoloq alim, professordur. 1996-cı ildə Təbrizdən Iran parlamentinə namizədliyini verib. Bundan sonra həbs olunub. Üç il sonra yenidən tutulub. 2001-ci ildə Iranı tərk edib. 2003-cü ildə üç ay Azərbaycan Respublikasında yaşayıb. 2006-cı ilin iyun ayında əvvəl Türkiyədən, daha sonra Azərbaycandan deportasiya olunub. 2012-ci il noyabrın 3-də Türkiyəyə yola düşsə də, bu ölkəyə buraxılmayıb. Hazırda ABŞ-da yaşayır. Müsahibəni qısa ixtisarla təqdim edirik:

– Azərbaycana gəlmək üçün müraciət etmisinizmi?
– Mən və Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı bir neçə dəfə müraciət etmişik. Heç bir cavab gəlməyib. Bəzən Türkiyədə, dünyanın o biri ölkələrində dostlarımız, jurnalistlər Azərbaycan Xarici Işlər Nazirliyinin əməkdaşlarına sual veriblər. Deyiblər ki, Mahmudəli Çöhrəqanlının gəlməsinə heç bir problem yoxdur. Buradan da Azərbaycan səfirliyinə zəng etdik, dedilər məktubla müraciət edin. Məktub yolladıq, cavab gəlmədi. Bircə o qalıb ki, biletimi alıb, təyyarəyə oturub Bakıya gəlim.

– Qeyri-rəsmi də olsa, qadağanın səbəbini deyirlərmi? Sizi Azərbaycana niyə buraxmırlar?
– Martın 30-u Bakıda Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin təşəbbüsü ilə konfrans keçirildi. Bu tədbirin keçirilməsi Güney Azərbaycanla bağlı təşkilatların, hərəkatçıların Bakıya gəlmələrinə, toplantılar təşkil etmələrinə icazə olduğunu göstərdi. Artıq heç bir bəhanə qalmayıb. Bundan sonra deyə bilməzlər ki, Iran bizi sıxışdırır, nota verir, ona görə də Mahmudəli Çöhrəqanlını Azərbaycana buraxa bilmirik.
Mən Azərbaycana gəlməkdə qərarlıyam. Nə olur-olsun, gələcəm. Iyun, ya da iyul ayında mütləq Bakıda olacam. Ola bilər ki, məni aeroportda saxlasınlar və deportasiya etsinlər. Özləri bilərlər, necə edirlər-etsinlər. Əgər aeroportdan buraxmasalar, təyyarə ilə qonşu ölkələrin birinə uçub torpaq yolu ilə Bakıya gəlməyə çalışacam. Bunu da bütün dünya biləcək. Qoy Azərbaycan vətəndaşları, Güney Azərbaycan, Türkiyə, bütün türk dünyası, Iran vəziyyətin necə olduğunu öyrənsin. Belə siyasət olmaz. Dini, dili, canı, qanı bir olan soydaşa belə münasibət olmaz.
Bu, tarixi qərardır və mən bu işi görəcəyəm. Qoy hər kəsin kim olduğu, necə hərəkət etdiyi üzə çıxsın. “Iran bizə nota verir, Iran bizi sıxışdırır, biz indi Güney Azərbaycan hərəkatına dəstək verə bilmərik” kimi açıqlamalar bəhanədir. Indi məlum olur ki, hər şeyə və hamıya icazə var, yalnız Mahmudəli Çöhrəqanlıdan başqa. Mən bu qadağaları, yasaqları sındıracam, maneələri aşmağa çalışacam.
Azərbaycanın şimal hissəsi 20 ildir müstəqildir. 10 milyonluq müstəqil Azərbaycan 35 milyon əsir soydaşı üçün indiyədək nə iş görüb, nə zaman görəcək? Bu günə qədər BMT-də bir dəfə də nota verilməyib ki, Iran mənim 35 milyon soydaşımın ən elementar hüquqlarını pozur. Maşallah, indi Azərbaycanın pulu da var, neft-qazdan böyük gəlirlər əldə olunur. Bəs nə zaman soydaşlarına maddi və mənəvi yardım edəcəksən?

– Siz Cənubi Azərbaycanın azadlığı uğrunda mübarizə aparırsınız. Nə üçün Azərbaycana, Bakıya gəlməkdə bu qədər təkid edirsiniz? Bu səfərin prinsipial əhəmiyyəti nədən ibarətdir?
– Dünyadakı proseslər elə bir səviyyəyə çatıb ki, hər hansı bir azadlıq hərəkatına qonşu ölkələrdən dəstək olmasa, o hərəkat dərhal boğulacaq. Xüsusən də Iran kimi diktaturanın hökm sürdüyü bir dövlətdə milli azadlıq hərəkatı aparmaq böyük zülmdür. Iran hakimiyyəti təpədən-dırnağa silahlanıb, asıb-kəsməyə adam axtarır. ABŞ-ın Iraqa, Əfqanıstana həmləsindən sonra Iran ona qarşı yönələcək hücuma illərlə hazırlaşıb.
Dünyanın hər yerində, xüsusən də Iran kimi qaniçən rejimə sahib olan bir ölkədə azadlıq hərəkatına qonşular dəstək verməsə, qurtuluş savaşı başlaya bilməz. Bir gündə hamını həbsə atar, tikə-tikə doğrayar, məhv edərlər. Bəs qardaş nə üçündür, anlaya bilmirəm.

– Oktyabrda Azərbaycanda prezident seçkisi keçiriləcək. Güneylilərin bu seçkidən nə kimi gözləntiləri var?
– Biz indiyədək Azərbaycan Respublikasının daxili işlərinə qarışmamışıq, indi də qarışmırıq. Buna baxmayaraq bizim gözləntilərimiz var. Iraqın şimalında bir kürd muxtariyyəti quran Məsud Bərzaninin dünyada yaşayan kürdlər üçün etdiklərini dünya görür. Bəs sən Güney Azərbaycana nə etmisən? Qardaşların üçün nə iş görmüsən? Heç bir iş görülməyib. Indiki siyasət, strategiya, yanaşma dəyişməlidir. Əliyevlər hakimiyyəti dövründə məni həbs ediblər, Azərbaycandan çıxarıblar. Ona görə də onları nə dəstəkləyirik, nə də onların əleyhinəyik. Bu məsələdə tərəfsiz mövqe tuturuq.

– Hazırda hərəkatın əsas məqsədi nədir? Cənubi Azərbaycanın müstəqilliyi, muxtariyyəti, yoxsa Azərbaycanla birləşmək?
– Bəziləri iddia edirlər ki, biz ayrıca bir dövlət yaratmaq istəyirik, amma belə deyil. Rəhmətlik Əbülfəz Elçibəyin bir tezisi var, biz onun əsasında hərəkət edirik. Elçibəy “hər iki tərəfdə millətləşmə, dövlətləşmə və bütövləşmə” deyirdi. Hər üç proses həm güney, həm də quzey Azərbaycanda getməlidir, amma ayrı-ayrılıqda. Azadlıq hərəkatını başladınız, millətləşdiniz, dövlətləşdiniz. Biz millətləşmişik, indi də dövlətimizi qurmağa doğru gedirik. Buna bu gün nə dünya, nə bölgə icazə verər. Heç Azərbaycan da buna meylli deyil, heç gücü də çatmaz, belə bir istəyi də yoxdur.
Biz də millətləşmişik, özü də çox güclü. Inanın ki, türk dünyasının heç bir yerində güney azərbaycanlılar kimi çox dərin, köklü şəkildə millətləşmiş bir toplum yoxdur. Kaş Bakıda və Təbrizdə sərhədlər qaldırıla, bütün dünya 50 milyonluq azərbaycanlının bir gecədə birləşməsinə tamaşa edə.