Avropada neçə il qabaq başlayan böhran hələ də sürməkdədir. Azərbaycanı atasından miras almış oğul Əliyev bu böhrandan tez-tez söz salır. Sonra da Avropadakı böranın Azərbaycana yaxın gələ bilmədiyindən danışır. Bununla xalqı aldadıb, özünün çox güclü dövlət başçısı olduğuna inandırmağa çalışır. Ancaq bir belə var-yatırla nədən Azərbaycanı Afrikanın geridə qalmış ölkələrilə bir etdiyindən danışmır.
Bugünlər Rusiya telekanallarından birində çıxış edən I.Əliyev yenə də Avropanı bürüyən böhrandan danışıb. Ancaq indi onu rusiyalı jurnalist danışdırıb. Jurnalist onu ustalıqla intriqaya çəkib – Moskva Beynəlxalq Münasibətlər Institutunu bitirmiş kimsə kimi danışmasına çalışıb, o da danışıb. Jurnalist onu Avrozonanı bürümüş böhranla bağlı danışdırıb. Görün 20 illik ata-oğul hakimiyətləri ilə Azərbaycan kimi yaranışdan varlı ölkəni böhran ölkəsinə çevirənin biri nə deyir: “Avropada baş verən hadisələr və böhran göstərir ki, dövlət nizamlamaya qarışmadığı təqdirdə dayanıqlı yüksəlişi təmin etmək çox çətin olacaqdır. Hesab edirəm ki, maliyə və iqtisadi böhrana görə günah siyasətçilərin məsuliyətindədir. Gələcək nəsillərin cibinə girənlər, bəlkə də, təsəvvür etmirdilər, bəlkə də, təsəvvür edirdilər ki, bu nəyə gətirib çıxara bilər”. Baxın, bu, 20 ildən bəri atası ilə birgə Azərbaycanın başında duran, Azərbaycanı indiki böhrana, darmadağın duruma gətirib çıxaran Ilham Əliyev deyil, bu, Moskva ilə Kiyev arasındakı get-gəllər dönəmində öyrəndiklərini danışan I.Əliyevdir. Burada o, 10 ilin dövlət başçısı kimi deyil, dövlət işlərindən az-çox başı çıxan qıraq adam kimi danışır.
Ancaq burada o özünü qıraq adam yerinə qoysa da, indiki statusunu-yerini də unutmur: “dövlət nizamlamaya qarışmadığı təqdirdə”. Onun indiki dövlət fəlsəfəsi – rüşvətdən biznesədək hər nəyin bir əldə toplanması – belə bir tezisə söykənirmiş. Buna görə dövlət başçısı kəsinliklə ölkədə baş monopolistə çevrilməli imiş, yoxsa, “dayanıqlı yüksəlişi təmin etmək çox çətin olacaqdı”. Biz bu tezisi doğru saya bilərik, ancaq o “yüksəliş” hanı? 20 ildir Azərbaycan kimi varlı bir ölkəni əliyevçi dövlət ələ keçirib, o “yüksəliş” niyə yoxdur? Çox saya bir nədənə görə: dövlət xalqa yararlı, onun YÜKSƏLIŞINƏ qarantiya yaradacaq qanunlarla, gerçək dövlət olur. Belə olmayanda ortaya əliyevçi korrupsiya-monopoliya dövləti çıxır – ölkənin var-yatırı bütünlüklə bir ailənin əlinə keçir, malına çevrilir. Yiyələndikləri neft, qaz, qızıl-gümüş yataqları, dünya boyunca çoxsaylı biznes imperiyaları azmış kimi I.Əliyev ailəsi Sumqayıtda 17 zavodu ələ keçirib, özəlləşdirib, birləşdirib, sonra da… əlaltı parlamentdən qanun keçirməklə vergidən yayındırır. Sonra da Azərbaycan bir yana, Avropanı böhran bürüyür. Bu isə, bildiyiniz kimi, “siyasətçilərin məsuliyətidir”. Nə yaxşı, I.Əliyev siyasətçi deyil. Siyasətçi olsaydı, Azərbaycan-Avropa böhranında hansı “məsuliyətin” yiyəsi olduğunu bilərdi. Görəsən, o nəçidir?
“Gələcək nəsillərin cibinə girənlərə…” gəlincə, yada Müslüm Maqomayevin oxumasında Fiqaronun ariyası düşür: “Şərab doldurun, şərab doldurun, şərab, şərab, şərab…”. Belə yerdə şərabla özünə toxtaqlıq verə bilərsən. Lap bu yaxınlarda offşor zonalarda 32 trilyon OĞURLUQ pul tapıldı. O oğurluqda böyük pay yiyələrindən biri də I.Əliyev ailəsidir. Bundan qabaq Ailənin Dubayda 75 milyon dollarlıq, ardınca Panama yörələrində 48 milyard dollarlıq oğurluğunun, ardınca da dünyanın bir çox yerlərindəki oğurluqlarının üstü açılmışdı. Sözsüz, bunlar Ailə oğurluğunun hamısı deyil, indiyədək üstü açılanlardır. Belə böyük, qlobal oğurluqlar Azərbaycandan Avropayadək böyük böhran yaratmaqdadır, özü də bu yalnız maliyə böhranı deyil, bir çox dəyərləri, başlıcası da DEMOKRATIK dəyərləri, HUMANIST idealları ayaqlar altına atan böhrandır!

Azərbaycandan Avropaya uzanan böhran
•