Rüstəm Ibrahimbəyovun, Rafiq Əliyevin, Əkrəm Əylislinin, Gültəkin Hacıbəylinin adı çəkilən iyrənc məqalələrə daha bir ad əlavə olundu. Prezident Administrasiyası bundan belə Zeynəb Xanlarovanın konsertini açıq elan edir. Zeynəb xanımsız Zeynəb xanımın konserti…
Bu konsertdə bundan sonra bir çıxışlar, bir ifalar olacaq, gəl görəsən. Artıq başlayıb da. Kimi zurna çalacaq, kimi balaban, kimi tar, kimi qaval, kimi gitara, kimi klarnet, kimi nağara, kimi qoşa nağara. Döşə ki, döşəyəsən!
Varından-dövlətindən, bağ evlərindən yazacaqlar, kommersiya dükanlarının siyahısını çıxaracaqlar, maşınlarının şəkillərini yayacaqlar, övladları vəzifədədirsə, vidalaşacaqlar. Ola bilsin ki, haçansa sovetlər dönəmində oxuduğu “Qardaş olub HAYASTAN” mahnısına görə kütləvi təbliğat da başladacaq, onu satqınlıqda ittiham edəcəklər. Mümkündür ki, onun konsertlərindən birində vergidən yayındığını “isbat” eləsinlər. Bircə buna kövrək bir ümid eləmək olar ki, onu narkotik istifadəsində, “molotov kokteyli” hazırlamaqda, Irana işləməkdə suçlamayacaqlar. Yəqin çantasından tank əleyhinə bomba çıxarmağı da əməliyyat tədbirləri siyahısına salmazlar.
“Azadlıq”ın yazdığına görə, artıq yap mətbuatı Zeynəb xanıma qarşı iyrənc kampaniyaya start verib. Arayıb o yazıları tapmaq, oxumaq izafi əməkdi, çünki nədən yaza bilərlər, nə edə bilərlər, bunu az öncə yazdım. Əlbəttə ki, bunlar nə ağlagəlməz əməl var, tapıb yazarlar, qulaqlarına, gözlərinə inanmazsan. Ancaq kimsə deməyəcək ki, bunlar keçmişdə olub; Zeynəb xanım o var-dövləti öz sənətinin və avtoritetinin hesabına qazanıb, deyək ki, lap kommersiyadan qazanıb, deyək ki, ictimai-siyasi reallıqdan hamı kimi yararlanıb və qazanıb. Yox, bunları elə deyəcəklər ki, sanki onun bu var-dövləti haqda məlumat Zeynəb xanım Nardaran hadisələri ilə bağlı kişi qızı kişi kimi bəyanat verəndən sonra birdən çatıb bunlara. Qəfildən biliblər ki, xalq artistinin filan-filan obyektləri varmış və s.
Öncə Zeynəb xanımdan Əli Kərimli ilə bağlı bəyanat gəldi. Sonra evinin yaxınlığında aksiyalrda baş verən iyrəncliklərə qaşı səsləndi, xalqının qız-gəlinləri ilə bu cür vəhşi şəkildə davranılmasına etiraz etdi. O zaman düşündüm ki, bunun axırı belə olacaq. Bu, birbaşa hakimiyyətin idbar əməllərinə üsyan idi. Indi də Nardaran söhbəti: “Kimisə tutmaq istəyirsizsə, kişi kimi tutun, mənim adımdan istifadə etməyin…”.
Bu zamanda kişi sözündən urvatsız, kişi sözündən dəyərsiz bir söz varmı? Kişi çağırışı eləmək rejimi xalqın gözü qarşısında şallağın altına salmaqdı. Heç utanmaq, ləyaqət hissi qalmayıb. Kişi olan düşməninə də mərd davranar, fəqət bunlar heç dostlarına da mərd olmurlar. Kübarlıqdan isə söhbət belə gedə bilməz. Vur, öldür, bu hakimiyyətdəkilərin davranışında heç bir kübarlıq yoxdu. Insan ona qarşı çıxanla bir az daha kübarla davranmalı, savaşını daha ləyaqətlə aparmalı, nə olur-olsun (bu, məğlubiyyət belə ola bilər), ancaq iyrənc yollara əl atmamalıdı ki, deməsinlər: “Ay… qisas alırsan?”. Görünür, sovet-bolşevik psixologiyası canlarından çıxmayıb. Oğru, quldur, bandit, məhlə uşaqlığı prinsiplərindən başqa heç nə bilmirlər. Hətta oğru dünyasının qanunları qədər mərdlik göstərməyi bacarmırlar.
Nardaran hadisələrində on sutka həbs cəzası almış cəbhəçi Veysəl Əylisliyə edilən üç iyrənc təklifə baxın: “Qarşımıza üç şərt qoydular. Ya narkotik, ya silah, ya da qətl maddələri ilə həbs…”. Insani sifətlərdən nə qədər uzaq olmalısan ki, düşməninlə (halbuki bu insanlar düşmən deyil, dövlətin vətəndaşlarıdı və atdıqları addımlarda, dediyi sözlərdə heç bir qanunsuzluq yoxdu; yox, əgər onları Irana işləməkdə suçlayırsansa, bunu kişi kimi rəsmən sübut elə və cəzasını ver) bu cür iyrənc üsullarla mübarizə aparasan.
Bir ölkədə ki, həqiqəti demək qəhrəmanlıq sayılır, yazıqlar olsun o ölkəyə də, onun vətəndaşlarına da. Indi Zeynəb xanım qəhrəmandı. Susmasa, konsert hələ çox sürəcək.

Zeynəb Xanlarova konserti
•
•