Ksenya Sobçak Azərbaycanda totalitar rejim olduğunu yazdı

Bakıya valeh olan rusiyalı jurnalist Heydər Əliyev Mərkəzini firon Xeopsun piramidasına bənzətdi

Bir neçə gün qabaq Moskva Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının Bakıda keçirilən görüşündə iştirak edən Rusiyanın tanınmış telejurnalisti Ksenya Sobçak səfər təəssüratlarını paylaşıb. Bakı səfərinə həsr etdiyi geniş məqalədə Sobçak şəhərdəki yeni tikililərdən, xüsusən də Heydər Əliyev Mərkəzindən bəhs edir. Rusiyalı journalist bu binanı və ümumən Bakının mərkəzi hissəsindəki yenidənqurma işlərini vəsf etsə də, maraqlıdır ki, Əliyev hakimiyyətinin avtoritarlığına və neft pulları hesabına zahiri inkişaf yaratdığına açıq işarə vurub.  

«Bugünki Bakı hətta totalitar rejimlərin belə öz xalqına və şəhərinə dvidentlər verə bilməsinin sübutudur. İnqilablar və narazılıqlar təkcə seçkilərin saxtalaşdırılmasına görə baş vermir. Rəhbər neft pullarından istifadə edərək, yeni reallığı yaratmayanda, bu vəsaitdən məmurlara, büdcə təşkilatlarına verməyəndə də baş verir. Şərq rəhbəri Əliyev görünür, bunu anlayır və bu üzdən şəhər möhtəşəm, valehedici görünür…”, – deyə Sobçak yazır.

Heydər Əliyev Mərkəzindən bəhs edərkən onu Misir fironu Xeopsun piramidasına bənzədib və Moskvada buna bənzər möhtəşəm bir tikilinin olmadığından utandığını qeyd edib: “Bakı ilə bağlı ən böyük təəssüratım sözün həqiqi mənasında Xeops piramidası adlandırıla biləcək Zaha Hadiddinin sənət əsəri Heydər Əliyev Mərkəzidir. Burada Heydər Əliyevin mədəniyyət mərkəzi yerləşəcək. Neft pulları hesabına ucaldılan harmaoniya içində olan gözəl binada bir neçə saat qaldıqdan sonra təəssüfləndim ki, 12 il ərzində Moskvada bu cür binalar inşa edilməyib. Hətta bu binaya yaxın sayıla biləcək tikili belə yoxdur. Sovet dövründə zövqsüzlüyünə görə birlikdə güldüyümüz azərbaycanlılar Lujkov, hazırda isə Sobyaninin anlamadağını vaxtında başa düşüblər. Onlar başa düşüblər ki, sənin zövqünə gülməmələri üçün zövqsüzlüyünü etiraf edərək, onun formalaşdırılmasını pul müqabilində başqalarına həvalə etmək lazımdır”.

Məqalə baku.ws internet portalında dərc olunub.