Qənddandan qənd oğurlayan uşaqlarını döyən büdcə oğruları

Siz övladının ona danışdığı yalanı öyrənincə saçlarını tumarlayıb, yanaqlarından öpüb, “afərin, mənim balam, çox gözəl yalan söyləyirsən, belə də davam et!” deyən bir ata, ya da bir anaya rastladınızmı heç?
Mən rastlamadım.
Əvəzində bu ölkədə hər iki adamdan birinin uşaqkən söylədiyi bir yalan üzündən saatlarca təkayaq üstündə, divar küncündə saxlanıldığı haqqında bir anısı, bir xatirəsi mütləq vardır.  
Ya da siz qonşunun bağına alma-armud oğurlamağa gedib, suçüstü yaxalanan övladını qəhrəmanmış kimi bağrına basan, “eşq olsun, səninlə qürur duyuram, amma keşkə qonşunun bağına alma-armud oğurlamağa gedincə, girib evindən televizorunu, soyuducusunu oğurlasaydın, o zaman səninlə ikiqat qürur duyardım” deyən bir ata-ananı necə, gördünüzmü heç?
Mən görmədim.
Əvəzində bu ölkədə hər iki adamdan birinin uşaqkən qənddandan qənd çırpışdırdı deyə barmaqlarının çubuqla döyülməkdən necə göyərdiyi, ocağa basılmaqdan necə köz-köz olduğu barədə bir anısı, bir xatirəsi mütləq vardır.
O zaman soruşmadan keçə bilmir adam:
Bu ölkədə bu qədər ağ yalanları rahat-rahat, vicdanları sızlamadan, üzləri qızarmadan söyləyə bilən adamlar hardan çıxdı?
Hər kəsin gözünün içinə baxa-baxa belə asanlıqla düzə əyri, ağa qara, yamana yaxşı deyə bilən bu qədər insan hardandı bu ölkədə?
Hardandı bu ölkədə başqasının malını yeyib başqasının cibinə girən bu qədər quldur?
Başqasının haqqına sahiblənib başqasının xoşbəxtliyini, səadətini oğurlayan bu qədər adam hardan peyda oldu bu ölkədə?

***

Cavab uzaqda deyil, gözümüzün qarşısında, qulağımızın dibində, burnumuzun ucundadır: sistem! Əliyevçi sistem!
O bizə nifrət etdiklərimizi sevdirməklə məşğuldur – tutaq ki, yalanı…
O bizə qənddandan qənd çırpışdırdıq deyə, çubuqla döyülməkdən göyrəmiş barmaqlarımızın ağrısını unutdurmaqla məşğuldur – yəni oğurlamağı öyrətməklə…
Tanrı eşqinə, axı uşaqkən kim böyüyüb yolkəsən, cibə nəşə atan, üzə duran, işverən, qul haqqı yeyən, məzlumun ahını alan bir insan olacağının xəyalını qurur?
Uşaqkən hər kəsin xəyalı da özü kimi saf, məsumdur: böyüyüb də dürüst, vicdanlı, alnının təri, əlin qabarı ilə yaşayan bir insan olmaq!
Gün gələr, o xəyalların qarşısına bu sistem öz dəhşətli, acı reallığı ilə çıxar:
Alçalmasan, yüksələ bilməzsən!
Bizim kimi düşünmürsənsə, bizdən deyilsən!
Yaşamaq istəyirsənsə, yalana başla!
Arzuların varsa, doğru olma, oğru ol!
Və bütün bunlardan sonra, siz bir ölkədə bunca yalançının, talançının hardan peyda olduğuna necə heyrətlənə bilərsiniz?
Şirin xəyalları acı reallıqlarla toqquşan insanlardan başqa bir seçimi necə gözləyə bilərsiniz?
Həqiqət budur. Gerçəklik budur.
Amma yenə də hər ağzını açanın yalana nifrət etdiyini… Rüşvətə, oğurluğa ikrah etdiyini dediyi bir ölkədə yalan və talan üzərində qurulmuş bir sistemin bunca vintciyinin, təkərciyinin olması adamın içini sızladır, qəlbini ağrıdır, qüruruna toxunur.

***

Bu yazını nə qədər insan oxuyar, bilmirəm.
Oxuyanların da nə qədəri sistemdən yanadır, onu da bilmirəm.
Amma bu yazını oxuyacaq bir nəfər də olsun, sistem yandaşı varsa, buradan ona səslənirəm:
Bir halda ki, könlün qul haqqı yeyənlərdən yanadır…
Bir halda ki, içində məzlumun ahını alanlara azacıq da olsun, sevgi-sayğı vardır…
Bir halda ki, millətin sərvətlərini sümürənlərə, talayanlara bir könüldən min könülə aşiqsən, o zaman söylə:
Ömründə bircə kərə övladına “oğurluq gözəl bir şeydir, böyü, cibəgirən ol” dedinmi:
Ömründə bircə yol övladına “yalan danışmaq mərifətlərin ən yaxşısıdır, böyü, ən böyük yalanları sən danış” dedinmi?
Ömründə bircə dəfə övladına “alçal ki, yüksələ biləsən, doğrudan deyil, oğrudan yana ol ki, xoşbəxt ola biləsən” dedinmi?
Demədinsə, xeyir ola, sənin bu sistemin yanında nə işin var, “prostoy vətəndaş?!”.