Əliyev öz “nəfəsliyini” bağladı

Rəsmi Bakı Rusiya və ABŞ arasında oynamaqdan taqətdən düşüb

ABŞ Konqresinin yüksək rütbəlisi “Azərbaycan yol ayrıcındadır” dedi, Ilham Əliyev isə “Heç kim Rusiya ilə aramıza girə bilməz” mesajını verdi. Bəs Azərbyacan hansı yolu tutacaq?
Əslində, dövlət başçısı bu sualın cavabını elə də çox gözlətmədi. Hesab etməyin ki, o, Rusiyanı seçdi. Istiqamətin hara olduğunu bir qədər sonra təhlillə təqdim etməyə çalışacağıq. Hələlik isə aydınlaşdıraq, görək ki, ABŞ vəzifəlisi nə demək istəyib? Onun Azərbaycan üçün gördüyü alternativ yollar nədən ibarətdir? Və bu mesaj niyə məhz indi verilib?

İşıq gələn tərəf, yoxsa?..

Azərbaycanda idarəçilik özünü qlobal və makro mənada nağıla çevirib. Ölkə içərisində qorxu və qanunsuzluğun nağıllardakı zalım padşahları keçdiyi hər kəsə bəllidir.
Qlobal mənada isə Azərbaycan haqqında yenə bir qədim Şərq nağılına bənzər təsəvvür var: “Burada hər şey o qədər mənasızdır ki, günahkarı yox, başı yekə, boynu nazik birini asmaq daha məqsədəuyğundur”.
Indiki duruma əslində, “yolayrıcı” demək tam mənasıyla doğru deyil. Fəqət, Qərbdə hələ də hesab edirlər ki, Ilham Əliyev rejimi müəyyən seçimlər etməklə, özünü və ölkəni hansısa kataklizmlərdən – gözlənilməz böhranlardan qoruya bilər.
Bu mənada, hesab edilir ki, hələ də demokratiya və söz azadlığı, iqtisadi çiçəklənmə yolu bu hakimiyyət üçün tam bağlı deyil. Yəni, indiki hakimiyyət belə bir islahata istiqamətlənə bilər. Ya da toplum özündə güc tapıb hakimiyyətin iradəsinə qalib gələrək, özü demokratiya və plüralizm istiqamətində güclü addımlar ata bilər. Əgər bu mümkün olmasa, təbii ki, alternativ avtoritarizmin daha da dərinləşməsi və sıxılmış kütlənin mexaniki parçalanmaya məruz qalması olacaq. Bu isə həm indiki hakimiyyətin özü, həm də cəmiyyət üçün kəskin ziyanlı bir prosesdir.

İlham Əliyev Rusiyaya dönür?

İlham Əliyevin Rusiya ilə bağlı yuxarıda xatırlatdığımız bəyanatı Rusiyaya böyük reverans deyil. Çünki Əliyev Kremli qane edəcək proqram açıqlamalar verməyib. Bu açıqlamalarda bir çox iqtisadi və siyasi seçimlər aydın göstərilməlidir. “Trans-Xəzər” enerji layihəsinin taleyi və Avropa Ittifaqına inteqrasiyanın dayandırılmasını, NATO ilə münasibətlərin Kremlin maraqlarına uzlaşdırılacağını açıqlamalıdır. Bunu etmədiyi üçün Ilham Əliyevin bu bəyanatı sadəcə, yaxın günlərdə Azərbaycana səfəri gözlənilən ABŞ diplomatı Tomas  Melianın özü ilə gətirəcəyi tələbləri neytrallaşdırmaq cəhdi kimi qiymətləndirilə bilər.
Ilk baxışdan bu addım bir qədər məntiqli təsir bağışlayır, amma dünya artıq əvvəlki qaydalarla idarə olunmadığından bu balaca oyunun qlobal tendensiyaları dəyişəcək gücdə olmadığı da ortadadır. Yəni, Ilham Əliyevin bu spekulyasiyası sadəcə, özünü özünə təsdiq üçün yaraya bilər.
Görünən odur ki, Azərbaycan hakimiyyəti yaxın gələcəkdə hələ bir müddət bu iki nəhəng qütbün arasında seçim etmək  məcburiyyətinin yaratdığı həyəcanla yaşamalı olacaq. Bu həyəcan isə uzun sürə bilməz. Rəsmi Bakı artıq bir çox beynəlxalq müstəvidə münasibətlər kreditini xərcləyib. Qərb diplomatlarının təbirincə desək, onun üçün açılmış “imkanlar pəncərəsi” elə onun özü tərəfindən qapadılıb.