Altıncı gündüz
Eldəniz Quliyev
…Günlərin adi bir günündə Aaa məmləkətinin qeyri-adi hökmdarı qibleyi-aləm Həə şah yan-yörəsinə boylanıb gördü ki, ölkəsində ala qarğaların nəsli kəsilmək üzrədir; nöşün ki, onlar daha bala çıxara bilmirlər. Bundan o, bilmərrə rəncidə olub, dərin fikirlərə baş vurdu. Düz üç gün, üç gecə beləcə oturub fikirləşəndən sonra, nəhayət, təcili olaraq sanballı bir məşvərət məclisi keçirmək qərarına gəldi.
Bu münasibətlə, sürünmək üçün yaranmasına baxmayaraq, nədənsə yekə-yekə qanadlı dəvələrə dönüb, ölkədə salamat dam-daş qoymamış öz əziz-girami qohum-əqrəbasını və uçmaq üçün yaranmasa da, alıcı quş təki şığıyıb, külli Aaa əhlini bircə həsirin (hələ “məmmədnəsir” bir yana) ümidinə qoymuş “ədedəəbəə” vəzir-vəkillərini, əyanlarını, şəxsən rəhbərlik və dirijorluq elədiyi Milli Müğənnilər tutuquşu xorunun üzvlərini, eləcə də həmişə YAPrıxıb, hara gəldi YAPışan və həmişə də sürüşkən olan (?!), dar boğazdan gen çığıran şahsevərləri hüzuruna çağırtdırdı.
Deyilən vədə, deyilən kəslər sarayın ləl-cəvahiratlarla bəzədilmiş məşvərət zalında cəm olub, əmrə müntəzir dayandılar. Həə şah üzünü vücudi-şəriflərinə tutub, həmişəki kimi əvvəlcə onlara yağlı bir “turşulu aş” qonaqlığı verdi. Daha sonra, gözünü yumub ağzını açdı, nə açdı: durmadan-dayanmadan, yəni fasiləsiz-zadsız düz yarım gün üdüləyib danışdı… Hətta “durub-oturmaq ustası” kimi fəxri ad qazanmış fərraşbaşı Ramus bəyin özü belə, axırda yerində atılıb-düşməkdən yorulub, ürəyində “başı salamat saxlayan ayaqdır” – deyə, yol kənarında basdırılmış donqar işıq dirəyi kimi, sona qədər quruyub doxsan dərəcə bucaq altında “dimdik” qaldı.
Əlqərəz… Həə şah köhnə palanların və qıfıllı sandıqların içini bittə-bittə açıb-tökəndən sonra, axır ki öz dəyərli-məzmunlu monoloqunun yekun hissəsinə çatdı:
– Neçə dəfə sizlərə hörümçəkdən misal çəkmişəm?
Təbii ki, suala cavab verməyə cürət edən olmadı.
Həə şah davam elədi:
– Hörümçək tora saldığı ovunu xımır-xımır elə sümürüb, elə üfüdüb yeyir ki, elə bilirsən heç nə olmayıb. Amma zəndlə baxanda görürsən ki, tora düşən həşəratın təkcə uyuğu qalıb. Yəni baxırsan var, amma əslində-yoxdur!.. Siz o dilsiz-ağızsız hörümçəkdən ibrət götürə bilmirsiz?! Demişəm, dübarə yenə deyirəm: neynirsiz eləyin, dartışdırın, qapışdırın, çırpışdırın, qapazlayın, loppadan udun, lap çeynəmədən həzm-rabedən keçirin. Amma elə eləyin ki, tüstüsü düz çıxsın. Çünki az da olsa, gözdən tük çəkənlər, çörəyi qulağına yeməyənlər var. Adımıza “oğru” deməsinlər!..
Həə şah bu yerdə nitqinə ara verib qımışdı və gülüşü xatırladan öz məşhur “ha-ha-ha”sını səsləndirdi:
– Unutmayın, bizlərin nəyi də olsa, oğurluğu olmaz. Ha-ha-ha!..
Ikinci “ha-ha-ha”nı hamı bir ağızdan təkrar elədi: ha-ha-ha!..
Qibleyi-aləm Həə həzrətləri qəfil qımışdığı kimi, qəfil də ciddiləşdi:
– Dəfələrlə sizə demişəm ki, özünüzə gün ağlayın, deməmişəm ki, camaat yoxdan-zaddan çəmkirən kimi qorxub ağlayın. Əksinə! Ağladın! Lap belə, anasını ağladın bu həlləhuş aaalıların!!! Çünki anası ağladılan millətin balası üzüyumşaq olar, gözüqıpıq olar. Demişəm ki, qaşınmayan yerdən qan çıxarmayın, amma heç vaxt deməmişəm ki, qan çıxan yeri qaşımayın. Qaşıyın! Lap cırmaqlayın. Amma eyni zamanda, zəli də olmayın. Yox, siz qətiyyən zəli olmamalısız. Zəli qanı sorub doyandan sonra qopub düşür…
Kimsə cınqırını çıxardı. Deyəsən, baş vəzir Rammeh ağa idi, qapı cırıltısına bənzəyən köntöy bir səslə qorxa-qorxa soruşdu:
– Bə noolaq, qibleyi-aləm?
– Gənə! – Şah bu sözü mismar kimi çaldı. – Bəli, siz gənə olmalısınız, gənə! Ki, heç kim dartıb qopara bilməsin sizi. Qopsanız qapazaltı, qopmasanız 666 olacaqsınız. Yəni birincidə yağlı qapaz, ikincidə yağ-bal içində yaşamaq! Indi öz mövqeyinizi seçin. Bundan savayı, sizlər, yəni mənim tayfa üzvlərim, sağımda-solumda, ən çox isə arxamda olanlar, sırğa eləyib qulaqlarınızdan asın! Sadəlövh aaalılar tər töküb, əlləşib daşdan pul çıxarırsa, onda gərək siz yaşdan pul çıxarasız. Göz yaşından! Yəni əlləşib, tər töküb daşdan pul çıxaranların göz yaşlarından! Ancaq yenə deyirəm, tədbirlə, üsulluca, hiyləylə, dilə-dişə düşmədən.
Həə şahın yeganə varisi şahzadə Iha-a xan ürəklənib bir addım qabağa çıxdı və dili dolaşa-dolaşa, sevinc dolu bir həyəcanla dedi:
– De, dədə, de! Sənin o aləmə məlhəm olan aqilanə sözlərinə heyran! Sənin o tayı-bərabəri olmayan, hamını məəttəl qoyan cəlalına qurban. Yol göstər bizə. Öyrət bizi, başa sal, qandır. Axı biz… biz axı çox…!!!
Həə varisin son kəlməsi ilə razılaşıb məmnun halda başını tərpətdi:
– Düz deyirsən, mənim balam. Öyrənin! Qanın! Bax, məmləkətin qara qızılını, ağ qızılını və özgə-özgə yeraltı-yerüstü nemətlərini elə sümürtdürüb paylaşdırıram, elə süpürtdürüb satdırıram ki, bir köpəyoğlu gözümün üstə nə olduğunu deyə bilmir. Çünki zahirən heç nə bilinmir. Amma bununla bahəm, öz rəiyyətimin də qayğısına qalmağı unutmuram: arabir uçan xalçalar vasitəsilə göydən xalqımın başına qara kürüdən-zaddan tökdürürəm ki, xalq malının, doğrudan da xalqın olduğu xalqıma əyan olsun. Yaxud hərdən-hərdən xalqımın boğazından kəsib, beş-on kisə qızıl-mızılı qürbətdə yaşayan “nəyi də olsa, oğurluğu olmayan” qohumlarımıza göndərirəm. Amma arada bu qızıl-mızılları aparanları tutdurub da qulaqburması da verirəm ki, xalqım xalq malının xalqın yiyəsi tərəfindən qorunduğunu aşkarca görsün, bilsin, qansın.
Bayaqdan islanmış cücə kimi qısılıb bir küncdə qalmış Milli Müğənnilər tutuquşu xorunun üzvləri, möhtərəm Həənin bu uzaqgörən və misilsiz müdrikliyini qeyri-ixtiyari sürəkli çəpiklə qarşıladılar. Üstəlik, cuşa gəlib səhər-axşam oxuduqları “Qapqaradır qatıq, ayran – Həə şahdır xalqı doyuran!” adlı qədim xalq mahnısını şövqlə ifa etdilər.
Dar boğazdan gen çığıran, həmişə sürüşkən şahsevərlər isə həmin an qeyri-insani heyrət, sədaqət və sevgi dolu nəzərlərlə Həəyə elə tamaşa edirdilər ki, elə bil dost-doğma atalarının atasına baxırdılar.
Mahnı bitən kimi Həə həzrətləri ciddiləşib yığıncağın əsas məqsədini açıqladı:
– Son zamanlar məmləkətimizdə ala qarğalar bala çıxara bilmirlər. Bu, məni olduqca rahatsız eləyir. Buna “sroçnı” bir çarə qılmaq lazımdı!..
Sarayın soyuq sütunlu zalına isti bir sükut çökdü. Haradasa milçək vızıldayırdı. Hamı gözlərini döyə-döyə qulaqlarını salladı – guya ki, düşünür, nəsə əncam axtarırlar. Şah açıq bir istehzayla başdan-ayağa, sonra da eninə onları süzüb, handan-hana öz qəti hökmünü verdi:
– Bunun bircə əlacı var! Bayaqdan şəlpə kimi sallanan qulaqlar bir göz qırpımında gərilib-şəkləndi. Şah quru çırpı qırığına bənzəyən əyriş-üyrüş şəhadət barmağını (bu barmağın ən kəsərli qılıncdan, ən iti oxdan da qorxulu olduğu hamıya bəlliydi), əvvəl sarayın buyruq gədəsi Nizxudu mirzəyə, sonra isə fərraşbaşı Ramus bəyə tuşlayıb sözünə davam etdi:
– Məmləkətdə acından qəpiyə güllə atan adamların hamısı “qanunsuz silah saxlamaq” məqsədilə tutulub cəzalandırılsın! Ala qarğanın bala çıxara bilməməsinin əsas günahı da məhz onların boynuna qoyulsun! Çünki başıboş aaalıların boş qarınları boş-boşuna quruldayıb baş aparmasaydı, ala qarğa da özü üçün rahatca bala çıxarardı! (Gurultulu, ikiəlli, sürəkli və getdikcə artan uzunmüddətli alqışlar).
Şah lazer şüası saçan göy gözlərini qıyıb təmkinlə dilləndi:
– Bunu başqa cür izah eləməyə ehtiyac varmı?!
– Xeyr!
– Yoxdur!
– Əsla!
– Qətiyyən!
– Netu!
– Çe!
Aaa məmləkətinin padşahı çox möhtərəm, lap hörmətli və olduqca həşəmətli Həə həzrətləri onlara izn verdi:
– Hə, indi mürəxxəs ola bilərsiniz!
Vücudi-şəriflər ilan ağzından qurtulmuş qurbağa cəldliyilə dönüb çıxmaq istəyən anda, Milli Müğənnilər tutuquşu xorunun solo ifaçısı Murvalet bəy öz bariton səsilə dedi:
– Hayl!
Elə bil cinə sancaq göstərdilər, ya Baa şəhərinin Əyləncə Mərkəzində kasıb bir adam peyda oldu. Zaldakıların hamısı “zamri!” – yerlərindəcə donub qaldılar. Şah çəpəki nəzərlərini Murvaletin “raqatka” rezinini xatırladan ağzında və pardaxlanmış pambıq qozasına oxşayan burnunda cəmləyib, qeyzlə soruşdu:
– Nə dedin?!
Və bu, sualdan daha çox ölüm hökmü kimi səsləndi.
– He… heç, – Murvalet qorxusundan əvvəl ağardı, sonra bozardı, daha sonra qıp-qırmızı qızarıb Murdamaya oxşadı və davam etdi:
– De… de… deyirəm… Deyirəm ki, sizdə olan daa…hiyanə müdrikliyə hayıl-mayıl qalıram…
Hamı rahat nəfəs aldı. Ofhh!.. – “ötüşdü”.
– Gedin!
Toplantı iştirakçıları bu dəfə daha böyük ruh yüksəkliyilə, xorla “Səndən buyruq, bizdən qulluq!” dedilər və nə üçünsə, atıla-atıla, hoppana-hoppana, tullana-tullana qaçıb getdilər.
Bu da Axşam. Gör nə tez yetirdi özünü…
Yeddinci gündüzün nağılına son olaraq, o dövrün naməlum, mistik filosofunun Aaa ölkəsi tarixini əks etdirən “Aludeyi-rəzalət” kitabında (bax: 2002-ci səhifə, dördüncü abzas, axırdan beşinci-səkkizinci sətirlər) bir neçə kəlməni nəzər-diqqətinizə çatdırım.
O yazırdı:
“…Əgər bəni-insan övladı göylərdən aşağı tamaşa eləyə bilsəydi, Aaa məmləkətinin eynilə yeməli ov (və ya ev) quşuna bənzədiyini aşkarca görərdi. Bəlkə elə bu səbəbdən idi ki, Aaanın padşahı Həə həzrətlərinin, həmçinin onun əziz-girami əbəcdadının, ”ədedəəbəə” vəzir-vəkilləri və əyanlarının belə bir təpəgöz iştahası vardı. Axı onlar quş ətini çox sevirdilər, yəni quş əti üçün lap sino gedirdilər…”
Bu qədər. Inşallah, qismət olsa, yeddinci Gündüzdə görüşərik.