Nəqliyyat şefinin ortağı bir dəfə də istintaqa cəlb edilib

Adı İqbal Mahmudovun qətlində hallandırılan Qulam Ələkbərov dövlət çevrilişinə cəhddə şübhəli bilinib  

Xəbər verildiyi kimi Ukrayna Azərbaycanlıları Konqresi Donetsk vilayət şöbəsinin rəhbəri, iş adamı Iqbal Mahmudovun qətlə yetirilməsində nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı Qulam Ələkbərovun adı keçir.
Bu olayla bağlı aprelin 10-da keçirilən məhkəmədə şahidlərdən biri – Mahyəddin Kərimov bildirib ki, onun eşitdiyinə görə Iqbal Mahmudovun qətlini 3 milyon dollar borca görə Azərbaycanda yaşayan və Ukraynada biznesi olan Qulam Ələkbərov adlı bir şəxs sifariş edib.
Məlumat üçün deyək ki, Qulam Ələkbərov bir qayda olaraq Ziya Məmmədovun tikinti proyektlərini həyata keçirir. O, “A.Q Inşaat” şirkətinin sahibidir. Şirkətin adı Qulam Ələkbərovla Akif adlı ortağının baş hərfləridir. “A.Q Inşaat” şirkətinin adı bir müddət əvvəl tikinti fırıldağında hallanırdı. Onların Bakının Rəşid Behbudov küçəsində inşa etdirdikləri binada bir mənzilin bir neçə nəfərə satıldığı və bu yolla vətəndaşlara 1,5 milyon dollar dəyərində zərər vurduqları bildirilirdi.
Bundan başqa Qulam Ələkbərov vaxtilə Dövlət Gömrük Komitəsinin Gəncə şöbəsində rəis müavini vəzifəsində çalışıb. Işdən çıxarıldıqdan sonra “Gənclik”də “Milyonerlər məhəlləsi” deyilən ərazidə ev tikintisi ilə məşğul olub. Onun Ziya Məmmədovla tanışlığı da buradan başlayıb. Qulam nazirin Teymur Əliyev küçəsindəki villasının inşasını həyata keçirib. Daha sonra Ziya Məmmədov tikinti biznesinin idarəçiliyini Qulam Ələkbərova verib. Bu şəxs barədə ilginc faktlardan biri vaxtilə onun dövlət çevrilişinə görə istintaqa cəlb olunmasıdır. Goranboylu olan Qulam Ələkbərov keçmiş briqada komandiri Rasim Əkbərovla sıcaq münasibətləri olub. Briqada komandiri Heydər Əliyevə asi olanda Qulam Ələkbərov da ona dəstək verib. Bu onun “Əkbərov işi”lə bağlı aparılan istintaqa cəlb olunması ilə nəticələnib. Lakin naməlum səbəblərdən Qulam Ələkbərov sudan quru çıxa bilib.
Goranboyun hazırkı icra başçısı Nizaməddin Quliyevin bu posta təyin olunmasında da Qulamın mühüm xidmətləri olub. Həmçinin Goranboyun sabiq deputatı Gültəkin Hacıyevanın 2010-cu il parlament seçkilərindən kənarda saxlanılmasında da Qulam Ələkbərovun rolu var.
Sonda qeyd edək ki, “Azadlıq” Iqbal Mahmudovun qətlində adının hallandırılmasına münasibət öyrənmək üçün Qulam Ələkbərovla əlaqə saxlamağa cəhd etsə də, nəticəsi olmayıb.