«Hakimiyyət İsa Qəmbəri ciddi rəqib sayır və ondan qorxur»
YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Yeni Müsavat” qazetinə geniş müsahibə verib. Müsahibədə Siyavuş Novruzov Isa Qəmbərin Lənkəran səfərinə də münasibət bildirib: “Mən o məsələni eşitməmişəm, məlumatım yoxdur. Indi siz deyirsiniz ki, keçən dəfə də maneçilik törədiblər.
Ancaq o, Bakıdan yığıb Lənkərana 100 maşın aparırdı. Bu da nəqliyyatın gedişində problemlər yaradırdı. Ona görə də yolda saxlayıb dedilər ki, beş maşınla get. Orda 50 adamla görüşəcəkdisə, burdan özü ilə 400 adam aparmağa nə ehtiyac vardı?” – deyə Siyavuş Novruzov bildirib.
Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli Siyavuş Novruzovun fikirlərinə münasibət bildirərkən söyləyib ki, hakimiyyət həmişəki kimi reallığı əks etdirməyən mövqedən çıxış edir. Siyavuş Novruzovun da qeyri-obyektiv adam olması hamıya bəllidir. “Isa Qəmbər Lənkərana birinci səfərində 2 maşınla getmişdi. Ancaq ona görüş keçirməyə imkan verməmişdilər. Zorakılıqla bu görüşün qarşısını almışdılar. Ona görə də Isa Qəmbər ikinci dəfə Lənəkərana gedəndə partiya üzvləri təhlükəsizlik baxımından, könüllü olaraq Isa bəyi müşayiət etmişdilər. Ancaq hakimiyyət Isa Qəmbərin insanlarla təmasda olmasını istəmir. Müxtəlif yollarla maneələr yaradır. Bu da onu göstərir ki, hakimiyyət Isa Qəmbəri ciddi rəqib sayır və ondan qorxur”- deyə Mustafa Hacıbəyli bildirib.
İlham Hüseyn


