Hakimiyyətin standart siyasəti

Dünya Azərbaycanın düşmənidir – bu, YAP hakimiyyətinin əsas şüarıdır. Beynəlxalq təşkilatlardan gələn istənilən bəyanat, hesabat süngüylə qarşılanır. Baxmayaraq ki, həmin hesabat və bəyanatların ortaya çıxmasının səbəbkarı elə bu hakimiyyətdir. Ölkədə sərbəst toplaşmaq, söz və mətbuat azadlığını pozur, bu qanunsuzluğa qarşı çıxan beynəlxalq təşkilatlarısa ikili standartda ittiham edirlər.
Son günlər gənclərə, islamçılara qarşı kütləvi şərləmə və həbs kampaniyasına xaricdən ciddi reaksiyalar gəlməkdədir. Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinin mahiyyətinə bələd olduğundan bu həbslərlə bağlı əvvəlki illərdəki kimi ciddi araşdırmalara ehtiyac duymamalıdırlar. Qabaqlar qanunsuz həbsə atılan hansısa fəalı vicdan məhbusu elan etmək üçün bəzən aylar, illər gərək olurdu. Ən müxtəlif mövqelər dinləniləndən, araşdırmalar aparılandan, tutulan gəncin həqiqətən narkoman olub-olmaması incələnəndən sonra qərar verilirdi. Azərbaycan hakimiyyəti Qərb təşkilatlarını artıq bu çətinliklərdən xilas edib. Taktika dəyişmir. Insan haqlarına hörmət, demokratiya tələb edən hər fəalı hakimiyyət narkoman gözündə görür və bu adla da şərləyir. Ortada saysız nümunələr var.
Dünən Artikl 19 təşkilatından da Azərbaycan hakimiyyətinə çağırış gəlib. Təşkilat sərbəst toplaşmaq haqqında qanuna ötən il edilmiş düzəlişlərin ləğvini və tutulanların dərhal həbsdən buraxılmasını tələb edir. Bu çağırış birmənalı olsa da, heç şübhəsiz, hakimiyyət yandaşları onları yenə ikili standartda ittiham edəcəklər. Azərbaycanda demokratiyadan, sərbəst toplaşmaq azadlığından danışacaqlar. Korrupsiyanın, rüşvətin bu ölkədən qaçaq düşdüyünü deyəcəklər. Ofşor zonalar, ailə şirkətləri yada düşməyəcək. Ailənin köhnənin biznesmeni olduğunu, bütün var-dövləti hakimiyyətə qədər qazandıqlarını əsaslandırmağa çalışacaqlaq. Yenə də arsız-arsız, həyasızcasına müdafiə taktikası seçəcəklər.
Ikili standarta saysız nümunə
Seçki ilidir. Nüfuzunu tamamilə itirmiş YAP iqtidarının, demokratik keçəcəyi təqdirdə bu seçkidə səs qazanmaq şansı yoxdur. Ona görə həmişəkindən daha artıq zora güvənirlər. Bir müddət qabaq Müsavat başqanı Isa Qəmbər Lənkərana tərəfdarlarıyla görüşə getdi. Bunu dövlət çevrilişinə cəhd kimi qiymətləndirib onu heç rayona buraxmadılar. Başqanın ikinci cəhdinin qarşısını da bu yolla aldılar.
Rayonlarda AXCP-nin yerli təşkilatlarının konfransı keçirilir. Hakimiyyət bütün imkanlarını səfərbər edir ki, bunların qarşısını alsın. Ağstafada gecələmək istəyən cəbhəçiləri “asayişi pozmaq” adıyla gecəylə rayondan çıxardılar. Saatlıda cəbhəçilər konfrans keçirmək üçün yer istəyəndə yox cavabı verdilər. Bu səbəbdən tədbir bir neçə ay təxirə salındı. Rayon şöbəsi sədrinin öz evində keçirdiyi tədbirisə dövlət əleyhinə addım kimi qiymətləndirib onu polisə çağırdılar. Elə bu ərəfədə YAP-ın icra katibi Əli Əhmədov məhz Saatlıda görüşlər keçirdi. Dünənsə Quba-Xaçmaz zonasında olub, yapçılarla görüşüb, hətta icra başçıları da bu görüşlərə qatılıb. Bu nə əxlaqdır? Demokratiya olan ölkədə bəs bu nə münasibətdir? Sizcə, bunun adı ikili standart deyil? Müxalifət partiyalarına nə mərkəzdə, nə də regionlarda bir yerə toplaşmaq imkanı verilir. Belə çıxır ki, ölkə vətəndaşlarını bunlar iki qrupa bölüblər. Ölkədə dəyişiklik, demokratiya istəyən, insan haqları uğrunda mübarizə aparan vətəndaşlar arzuolunmazlar siyahısındadır.
Bu siyasətlə ölkəni idarə edir, sonra da beynəlxalq təşkilatları ikili standartlarda yamanlayırlar. Görünür, standart anlayışını düzgün anlamırlar…