Gülər Əhmədova ətrafında növbəti qalmaqal

Sabiq deputata həbsxanada xüsusi imtiyazlar tanındığı iddia edildi, vəkili deyilənlərə münasibət bildirdi

“Bir daha bildirirəm ki, Gülər Əhmədova üçün Bakı Istintaq Təcridxanasında xüsusi imtiyazlar yaradılıb. Onun otağı mebel, soyuducu, televizor və s. avadanlıqlarla təhciz edilib (mən yalan deyirəmsə qrup təşkil etsinlər monitorinq aparaq). Şəxsi istifadəsində mobil telefon var (istəyirlərsə, Bakı Istintaq Təcridxanasının yerləşdiyi yer üzrə telefon lokalizasiyalarını yoxlasınlar) xidmətçi verilib.
Gülər Əhmədova ilə bir otaqda qalan kimliyi gizlədilən qadın Bakı Istintaq Təcridxanasına Gülər Əhmədova ilə birlikdə ona qulluq etmək üçün gətirilib. Gülər Əhmədova istintaq otaqlarına belə avtomobillə gətirilir. Istintaq otaqlarının ən böyüyü 14-cü otaqdır ki, Gülər Əhmədova həmişə həmin otaqda görüşür. Bunlar imtiyazlar deyil?”
“Bizimyolinfo.com” saytı xəbər verir ki, bu fikirləıri vəkil Elçin Sadıqov şəxsi profil səhifəsində yazıb.
Gülər Əhmədovanın vəkili Raqif Mustafayev isə “Azadlıq”a açıqlamasında Elçin Sadıqovun dediklərini təkzib edib: “Elçin Sadıqov bu cür fikirlər səsləndirməklə gündəmə gəlmək istəyir. Yazdıqları tamamilə əsassızdır. Onun nə işi var axı Gülər xanımla?! Niyə Gülər xanımın adı ilə gündəmə gəlmək istəyi?!”