Ağılsız müəllifin yazısı

Bu günlərdə ən çox dartışılan mövzulardan biridir bu:
Azərbaycanda ailə cinayətlərinin bu qədər çoxalmasına səbəb nədir?
Hansı saytı tıklasanız…
Hansı telekanalı açsanız…
Hansı qəzeti səhifələsiniz mütləq həftə səkkiz, mən doqquz bu mövzuda nəsə yazıldığını, danışıldığını görərsiniz.
Zatən hər gün atanın qızı, oğulun ananı, ərin arvadı, qaynın yeznəni, bacanağın nəslin yarısını qanına qəltan etdiyi xəbərlərinin gəldiyi bir ölkədə bu mövzuda yazmaqda, danışmaqda təəccüblü heç nə yoxdur.
Təəccüblü olan yazılanların, danışılanların özüdür.
Təəccüblü olan adını sosioloq, psixoloq qoymuş zati-möhtərəmlərin sadaladıqları səbəblərdir:
Xarici seriallar.
“Facebook”…
Avropa dəyərləri…
Milli-mənəvi dəyərlərdən uzaqlaşmaq…
Mən hələ indiyədək xarici serialların olmadığı, internet deyilən bir icadın insanların ağlının ucundan keçmədiyi zamanlarda bu ölkədə qan davalarının, tayfa müharibələrinin, taxt-tac uğrunda qardaş qırğınlarının baş alıb getdiyini xatırladan bir sosioloq, psixoloq görmədim.
“Milli-mənəvi dəyərlərin” fontan vurduğu, mentalitetin at oynatdığı, meydan suladığı çağlarda bu torpaqlarda sadəcə, sevdiyinin adını dilinə aldı deyə, sevmədiyi kişinin altına yıxılmaq istəmədi deyə nə qədər bacı qardaş baltasını, nə qədər qız ata xəncərini dadmış, bilən varmı?
Hər kəs getsin öz kəndində bir ağsaqqal, bir ağbirçək tapsın, hafizələrini yüngülvari qurcalatsın, şirin bir dillə danışdırsın.
Inanın, hər birinin yaddaşının bir küncündə mütləq və mütləq keçmişlə bağlı hansısa dəhşətli, ağılagəlməz bir mental, milli-mənəvi cinayətin tarixçəsi var.
Mən çox dinlədim. Siz də dinləyin. Dinlədikcə, tükləriniz biz-biz olacaqdır.
Bəşəriyyətin təkamülünə şübhə edəcəksiniz.
Insanlığın var olduğundan quşqulanacaqsınız.
Həm də onlar bunu sizə heç də qorxunc, tükürpədən cinayətin hekayəsi kimi danışmayacaqlar.
Onlar üçün bu, sıradan, adi əhvalatlardır, olması gərəkənlər, qanunauyğunluqlardır.
Sətir aralarında isə “hə, ay bala, onda bax belə idi, adamlarda namus, qeyrət vardı, qürur vardı, abır-həya vardı” cümləsini təkrarlayıb duracaqlar.
Məsələn, mən bir dəfə bir el məclisində, aşığın “siyah zülfü dal gərdənə tökülən” bir adsız gözələ oxuduğu vəsfdən sonra cin atına minib evə gələn, əvvəlcə arvadının uzun saçlarını kəsən, sonra da ürəyi soyumayıb belinə qaynar samovar bağlayan əsl Azərbaycan kişisi haqqında ağızdolusu danışıb “indi hanı belə kişilər, qalıbmı?” deyə soruşan ağbirçək qarşısında nə cavab verəcəyimi bilmədən donub buz heykələ döndüyümü xatırlayıram.
Dediyim o ki, kimsə suçu yaşadığımız çağın özü ilə gətirdiyi yeniliklərdə aramasın.
Televiziyanı, interneti günahkar çıxarmasın.
Keçmiş bu ölkədə hələ də keçməyib.
Bu gün baş verənlər dünən yaşananların davamıdır.
Dünən də onların səbəbi cəhalət idi, hüquqsuzluq idi, ədalətsizlik, nadanlıq idi, bu gün də belədir.
Dünən də bu vəhşətlər çağdan, mədəniyyətdən qopuqluğun nəticəsi idi, bu gün də.
Dünən yaşanmış, bu gün də yaşanmağa davam edən vəhşətlərə ən aydın güzgü tutan isə məşhur, şablon, amma eyni zamanda həqiqətin özü olan bir ifadədir: “Ailə – dövlətin kiçik modelidir”. Indi özünüz düşünün: gücünü zordan, zopadan, işgəncədən, dəyənəkdən alan bir dövlətin kiçik modeli – ailə başqa necə olmalıdır, sizcə?
Dövlət içində cinayətkarlıq artırsa, ailə içində başqa cür mümkündürmü?
Dövlət ədalətdən, sevgidən, sayğıdan məhrumdursa, ailədə əksi ola bilərmi?
Aranızdan biri ağıllı çıxıb, “müəllifin başına hava gəlib-nədi, hansı dövlətdən danışır bu, hanı o dövlət?” deyə soruşsa yeridir. Veriləcək cavabım yoxdur.
Zatən müəllifin azacıq ağlı olsaydı, hər şeyin və hamının yalnız bir ailənin xoşbəxtliyi, səadəti, hökmranlığı üçün səfərbər edildiyi ölkədə ailə-məişət cinayətlərinin niyə bu qədər artdığı, dağılan ailələrin niyə bunca çoxaldığı mövzusuna burnunu soxmaz, elə ən sonda yazdığı səbəbi əvvəldəcə yazıb mövzunu qapadardı.
Lütfən, üzrlü sayın.