ADP sədrindən Vaqif Səmədoğluna sərt cavab

Sərdar Cəlaloğlu: «Rəqsanə Vaqif Səmədoğlu kimi olur»

«Səməd Vurğun Əkrəm Əylislidən qat-qat böyük səhvə yol vermişdi»

ADP sədri Sərdar Cəlaloğlunun xalq şairi Səməd Vurğun barəsində işlətdiyi “dılğır” ifadəsi əməlli-başlı qalmaqala səbəb olub. S.Cəlaloğlu bu ifadəni “Qacar, Nadir şah bu xalqdan ötrü hər şeyə gedib, Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni elan edib” fikrini səsləndirərkən demişdi.
“Şərq” qəzetinin ötən sayında şairin oğlu Vaqif Səmədoğlu, həmçinin qələm əhlinin bir sıra nümayəndələri ADP sədrini bu ifadəyə görə az qala, “topa tutublar”.
V.Səmədoğlu bildirib ki, o, Rəqsanə ilə Sərdar Cəlaloğlu arasında heç bir fərq görmür, ona görə də onun işlətdiyi ifadədən təəccüblənməyib: “Allah şou-biznesə lənət eləsin. Onların mikrobları hər şeyə keçib… Sərdar mənim üçün Rəqsanə kimi bir şeydir. Ümumilikdə düşünürəm ki, Sərdar Cəlaloğlu bu ifadəni sifarişlə işlədib. Həmin adamların adını çəkməsəm də, onların varlığından xəbərdaram”.
Yazıçılar Birliyinin mətbuat katibi, şair Ədalət Əsgəroğlunun mövqeyi də sərt olub: “Belə materiallar cəmiyyəti çaşdırmaq, öz çirkin düşüncələri ilə ictimai rəyi üfunətə sürükləmək məqsədi daşıyır. Öz xalqının keçmişinə bu qədər həqarətlə baxan siyasətçiyə vətəndaş deyilərmi? Belə təşəbbüslərin axır aylarda bir neçə dəfə təkrarlanması iyrənc təşəbbüs olmaqla yanaşı, müəllifin də psixoloji durumunun göstəricisidir”.
Yazçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid S.Vurğunun Azərbaycan xalqı üçün müqəddəs olduğunu və müqəddəslərə toxunmağın hələ heç kimə başucalığı gətirmədiyini bildirib: “Elə insanlar daim bunun altını çəkiblər və çəkəcəklər”.
Yazıçı Seyran Səxavət isə hesab edir ki, S.Cəlaloğlu bu sözlə istər özünü, istərsə də o yazını oxuyan vicdanlı oxucuları təhqir edib.
Sərdar Cəlaloğluna müraciət edib deyilənlərlə bağlı onun da fikirlərini öyrəndik. ADP sədri bildirdi ki, bu şəxslər məsələnin mahiyyətinə varmadan danışıblar: “Səməd Vurğunun 31 mart qırğınına həsr etdiyi poema ilə bağlı danışanda çox həyəcanlandım. Səməd Vurğunun bu cür mövqe tutması, sifarişlə yazması məni çox əsəbiləşdirmişdi və o söz ağzımdan çıxdı. Sonradan jurnalistdən o ifadəni, həmçinin bir neçə başqa sözü verməməyi xahiş etsəm də, buna əməl etmədilər. Təbii ki, mən o ifadənin ictimailəşməsini istəmirdim. Amma məsələ ondadır ki, Səməd Vurğun minlərlə insanın qırılmasını azadlıq hərəkatı, Şaumyanı da babası kimi təqdim edib. Səməd Vurğun ”26-lar” poemasında Rəsulzadəni alçaq, satqın, vətən xaini adlandırıb. Mən də Səməd Vurğun haqda o sözü demişəm. Kimin sözü daha pisdir? Dünənə qədər 31 mart qırğını haqda ağızdolusu danışanlar indi bu məqamı niyə nəzərə almırlar? Azərbaycan xalqı bu gün ona görə ağı qaradan seçə bilmir ki, bizə qəhrəmanlarımızı düşmən, düşmənimizi qəhrəman kimi təqdim ediblər. Rəsulzadəyə poemasında təhqirlər yağdırıb, Şaumyanı da Azərbaycan xalqının qəhrəmanı kimi təsvir edib.
Əkrəm Əylisli bir kəlmə öz kəndindəki hadisələrdən yazanda düşdülər üstünə, hökumətin sifarişilə az qala, onun tükünü yoldular. Səməd Vurğun ondan qat-qat böyük səhvə yol verib, tapşırıqla poema yazıb, soyqırıma şəxsən rəhbərlik edən Şaumyanı göylərə qaldırıb, buna qarşı mübarizə aparanları düşmən adlandırıb. Nə əcəb, onlar bu məsələdə ikili mövqe tuturlar? Səməd Vurğun “Vaqif” əsərində Qarabağda separatizmlə məşğul olanları göylərə qaldırıb, qanı-canı türk olan, Azərbaycanın parçalanmasına qarşı mübarizə aparan və bu yolda ölən Qacarı isə işğalçı, qaniçən, ədalətsiz biri kimi təqdim edib. Əgər biz ədəbiyyata qiymət veririksə, düzgün qiymət verək, obyektiv yanaşaq. Düşməni müdafiə edənə heykəl qoyuruq, düşmən haqda yazanın isə xalq yazıçısı adını əlindən alırıq, az qalırıq edam edək. Bu ikili standartla həqiqəti tapmaq olmaz. Niyə bu gün məni tənqid edənlər Səməd Vurğunun tarixi təhrif etdiyini, Demokratik Cümhuriyyətin banisini alçaq, satqın adlandırmasını, Şaumyana babam deməsini düşünmürlər?”.
S.Cəlaloğlu V.Səmədoğlunun onu Rəqsanə ilə müqayisə etməsinə də münasibət bildirdi: “Məni Rəqsanə ilə müqayisə edir, amma faktiki olaraq Vaqif Səmədoğlunun özü Rəqsanədir. Dədəsi Rəsulzadəni alçaq adlandırmışdı, özü də gəlib Müsavatın Divanında oturdu. Azərbaycan hakimiyyəti bir balaca mandatın ucunu göstərən kimi Müsavatdan çıxıb getdi hökumətin yanına. Rəqsanə belə olur. Səməd Vurğun olmasın, doğma atam olsun, xalqına ciddi ziyan vuranlar haqda öz fikrimi deyəcəm”.