ABŞ-dan Azərbaycana xəbərdarlıq

«Azərbaycan yolayrıcındadır, biz Vaşinqtonda Azərbaycan hökumətinin seçdiyi istiqamətdən çox narahatıq»

«Opponentlərin həbsi, nümayişçilərə zorakılıq, KIV-ə məhdudiyyətlər bizdə həyəcan doğurur»

ABŞ Konqresi aparatının adının çəkilməsini istəməyən  yüksək vəzifəli məmuru Azərbaycan hakimiyyətinin Qərb institutlarına, ATƏT ofisinə qarşı addımlarını, həmçinin ölkədə insan hüquqlarını vəziyyətini “Turan”a şərh edib.

– Belə təəssürat yaranır ki, Azərbaycan hakimiyyəti doğrudan da düşünür ki, beynəlxalq təşkilatlar hökumətin planlarına, xüsusən də prezident seçkiləri ərəfəsində təhlükə törədir. Ölkə regionlarında və Bakıda keçirilən etiraz aksiyalarından sonra hakimiyyətin bu narahatlığı daha da artıb. Necə düşünürsünüz, ATƏT və ya MDI kimi qərb institutlarını fəaliyyət göstərdikləri ölkələrin hökumətləri üçün  təhdid hesab etmək olarmı?
– ATƏT-in Bakı ofisinin mandatı ilin əvvəlində təsdiqlənib. Lakin indi Azərbaycan hökuməti missiyanın statusunun aşağı salınması təklifi ilə müraciət edib. Mən hökumətin belə müraciətinin səbəblərini və motivlərini bilmirəm.
Lakin bunun nədən pis ideya olduğunu söyləmək üçün bir neçə səbəb göstərmək istərdim. Birincisi, bu, ATƏT öhdəlikləri qarşısında pis presedent yaradır. Missiyanın mandatı uzadılıb və Azərbaycan hökumətinin birtərəfli qərarının  ATƏT ofisinin real işi ilə az əlaqəsi var. Ikincisi, Azərbaycan cəmiyyəti demokratik institutların inkişafında mühüm rol oynayan ATƏT-dən ümumi fayda götürür. Üçüncüsü, ofisin siyasi hadisələr üzrə hesabatları problemlərlə bağlı ilkin xəbərdarlıqlar baxımından vacibdir və münaqişələrin nizamlanmasında ATƏT-in roluna yardım göstərir.

– Bu, Azərbaycan hökumətinin və hökumətyönlü KIV-in Qərbi ölkənin “daxili işlərinə qarışmaqda” ittiham etməsi ilə bağlı ilk hadisə deyil. Bundan əvvəl bu cür iradlar vətəndaş cəmiyyətinin, müxalifət qrupları ilə işgüzar görüşlər keçirən səfirlərə qarşı sürülüb. Azərbaycan ictimaiyyəti  MDI, ATƏT kimi beynəlxalq təsisatlar, onların fəaliyyəti və məqsədləri haqqında nələri bilməlidir?
– Ölkə hökumətləri çox zaman beynəlxalq təşkilatların və QHT-lərin rolunu başa düşmürlər, onları “müdaxilə etməkdə” və s. ittiham edirlər. Lakin Azərbaycan ATƏT sazişinin  və digər beynəlxalq sənədlərin iştirakçısıdır, demokratik təsisatların dəstəklənməsini vəd edib.
ATƏT-in 1991-ci il Moskva aktında açıq deyilir ki, bir ölkədə insan hüquqları sahəsində baş verən hadisələr yalnız bu ölkənin işi deyil,  ATƏT iştirakçısı olan bütün ölkələrin qanuni narahatlığıdır. ATƏT missiyasının, MDI ofisinin və digər beynəlxalq QHT-lərin Azərbaycanda əməkdaşlıq üçün çoxlu tərəfdaşlar tapması faktı əhalinin böyük hissəsinin demokratik davranış normalarını bilmək və onların reallaşmasında iştirak etmək istəyindən xəbər verir.

– Əgər hökumət öz məhdudiyyət siyasətini davam etdirirsə,  nə kimi nəticələr gözləmək olar?
– ATƏT missiyasının statusunun endirilməsi prezident seçkiləri ərəfəsində yalnız siqnal olacaq. Bir çox müşahidəçilər demokratiyanın və insan haqlarının vəziyyətinin pisləşməsi ilə bağlı narahatlıqlarını bildirirlər. ATƏT ofisinin statusunun birtərəfli qaydada aşağı salınması bu şübhələri doğrulda bilər və  Azərbaycanın barəsində mənfi imic yaradar.

– Qərb institutlarının ünvanına son ittihamlar və Milli Məclis deputatlarının yerli QHT-lərə xarici yardımın məhdudlaşdırılmasını təklif etməsi Rusiyada baş verənləri xatırladır. Azərbaycan hökumətinin bu cür addımlarına reaksiyanız necə olacaq?
– Dünyanın bir çox müşahidəçiləri və siyasi liderləri Rusiyada vəziyyətin pisləşməsi ilə bağlı böyük narahatlıqlarını bildiriblər. Azərbaycanın Rusiyadan nümunə götürərək demokratik institutların inkişaf imkanlarını daha da zəiflətməsi çox pis olar. Daxili və beynəlxalq QHT-lər Azərbaycanın siyasi, sosial və iqtisadi həyatında bir çox aspektlərin inkişafında mühüm rol oynayırlar. Onların dəstək imkanlarının məhdudlaşdırılması ölkənin demokratik və sosial-iqtisadi inkişafının tempini və miqyasını məhdudlaşdıracaq.

– Freedom House, Human Rights Watch və digər təşkilatlar bildirirlər ki, 2012-ci ildə Azərbaycanda insan hüquqlarının vəziyyəti pisləşib. Sizin proqnozlarınız necədir?
– Azərbaycan yolayrıcındadır. O, demokratiya və iqtisadi çiçəklənmə yolu ilə irəliyə doğru hərəkət edə və ya avtoritarizm, korrupsiya tərəfə hərəkət edə bilər.
Biz Vaşinqtonda Azərbaycan hökumətinin seçdiyi istiqamətdən çox narahatıq. Opponentlərin həbsə alınması, nümayişçilərə qarşı zorakılıqlar, QHT və KIV-ə məhdudiyyətlər- son bir neçə ay ərzində hökumətin törətdiyi bu əməllər bizdə  həyəcan doğurur. Ümidvaram ki, Azərbaycan hökuməti  həqiqi maraqların böyük demokratiya və Qərb ilə daha sıx münasibətlərdə olduğunu görəcək.  

– Azərbaycanda KIV-in vəziyyəti mürəkkəb olaraq qalır və mətbuata təzyiqlər davam edir. Bu, ölkənin beynəlxalq imicinə necə təsir göstərir?
– Söz azadlığı və KIV-in araşdırma aparmaq və bu barədə məlumat vermək azadlığı demokratiya üçün vacibdir. Bu səbəbdən ABŞ baniləri söz azadlığını bizim Konstitusiyaya ilk düzəliş kimi qəbul ediblər. Söz azadlığı olmadan və ya KIV-ə nəzarət korrupsiya və avtoritarizmə yol açır. Odur ki,   Azərbaycan hökumətinin KIV-i məhdudlaşdırmaq və ya ona təzyiqlər göstərmək üçün atdığı addımlar ölkənin beynəlxalq imici və Azərbaycanda işgüzar mühitin qəbul edilməsi baxımından olduqca xoşagəlməzdir.