Həmişə demişəm, indi də deyirəm ki, bu xalq dərdin taleyinə çevirib. Çünki biz illərdir hər bir pisliyi, ədalətsizliyi, qəbul edib həyatımıza yerləşdirməyə razılıq vermişik. Biz bütün səddləri aşan, xalqı dilənçiyə çevirən bir rejimdən əlimizi tamam üzməmişik.
9 milyonun ənənəvi həyat tərzindən əl çəkib, azad düşüncə sərgiləyəcəyini arzulayacaq qədər sadəlövh deyiləm.
Roma filosofu Seneka “Xoşbəxt Həyat” əsərində yazırdı: “Bəşəriyyətin inkişaf mərhələsi o həddə çatmayıb ki, həqiqət hamıya aydın olsun”.
Azərbaycanda isə “inkişaf” o səviyyəyə çatıb ki, hər kəs həqiqəti görür. Sadəcə bunun həqiqət olduğundan əmin deyil. 20 ildir həqiqəti yalan yerinə qəbul etdiyi üçün, əsl həqiqətdə yalan axtarmağa başlayıb. Ona görə də öz bədbəxtliyinin səbəbkarı kimi rejimi günahlandırmaqda çətinlik çəkir.
Qustav Lebon “Xalqların taleyi, onların xarakteri ilə bağlıdır” deyirdi.
Biz yanlış düşüncəmizlə “şikəst” xarakter yaratmışıq. Və bu xarakter, taleyimizə “töhfə”sin verib.
Illərdir aşağılandığımızı, xalq kimi sayılmadığımızı, hansısa məmurun həyətindəki it qədər dəyər sahibi olmadığımızı görürük. Ancaq bu bizə daimi əzab vermir. Günahkar kimi bazarda almanı baha satan satıcıya hirslənirik, qaz pulu yığan işçini lənətləyirik. Bir sözlə, kökü budaqda axtarırıq.
Bu təfəkkürümüz məcbur edir ki, deputatı ağıllı, naziri dahi, prezidenti müqəddəs görək.
O qədər evi başına uçurulan, övladı hərbi hissədə qətlə yetirilən, ədalətsiz məhkəmə hökmünə məruz qalan insanlar görmüşəm ki, “prezidentin bundan xəbəri yoxdur” ifadəsini işlətməklə təsəlli tapır.
Tutalım prezidentin xəbəri yoxdur. Bu əsas verirmi ki, etiraz etməyəsən, ədalətsizliyi dilə gətirməyəsən?
Bu miqyasda korrupsiyanı, ədalətsizliyi prezident bilmirsə, bu faktın özü də ona qarşı etiraz bildirməyi zəruri edir.
Dünyada elə bir adam tanımıram ki, oğlunun mülkündən, qızının şirkətindən xəbərsiz olsun.
Bu ölkədə nə qədər özündən razı adam var ki, ən böyük kölə olduğunu anlamır.
“Bilsəm ki, dəyişiklik olacaq, mən də ayağa qalxaram”, “sözümü deməklə nə diyəşəcək”, “mən çıxım etiraz edim tutsunlar, balam da ac qalsın” deyənlər ortaya fakt yox, kölə olduqların qoyurlar.
Mənə görə ədalətsizliyin qarşısında susan adam öz ailəsinin diktatorudur.
Səhv etmirəmsə, Fukididin sözüdür. “Insanları ən amansız zorakılıqdan daha çox, onlara qarşı olunan ədələtsizliklər acıqlandırır. Çünki ədalətsizlikdə özlərinə bərabər saydıqları adamların eitnasızlığını, zorakılıqa isə özlərindən güclünün yumruğunun zəruriliyini görürlər”.
Doğrudanmı biz korrupsioner bir rejimin yumruğunu zəruri hesab edəcək qədər kölə olmuşuq?
Itirdiklərimiz, itirməyə qorxduqlarımızdan çoxdur. Susmağımız, danışmağımızdan daha çox ziyan vurur.
Sevmədiklərimizin, sevdiklərimizdən dəyərli olması bizi niyə narahat etmir?
Biz, bizdən qorxmalı olan insanlardan qorxuruq.
Dünyada bizim qədər bəhanə ilə “silahlanan” xalq yoxdur.
Çox adamlar görmüşəm ki, dərdi unutmaq, problemdən yaxa qurturmaq üçün araq içir. Guya ayılanda bu problemlər olmayacaq… Bihuş olmaq çıxış yolu deyil axı.
Indi bizim camaat da özünə təsəlli verməklə, bəhanələr uydurmaqla işıqlı gələcəyə ümid edir. Ancaq gələcəyə əməli ilə körpü salmaq istəmir.
Bu ölkədə acından günorta duran adama “ölkədə inkişaf gedir” dedirdirlər.
Günü 10 manata muzdlu işləyib tikdiyi binanı fəhləyə inkişaf kimi sırıyırlar.
Bizi elə günə salıblar ki, inkişaf deyəndə yadımıza yol, park, idman kompleksi düşür. Inkişafı, öz yaşam tərzimizlə qiymətləndirə bilməyəcəyimiz qədər geriləmişik.
Valideyn olmağı – evə 2 kilo ət ala bilməklə, həyatı – gündə 3 dəfə yeməklə, istirahəti – məhlədə nərd oynamqla məhdudlaşdırmış insanlardan ibarətik.
Bu xəstə düşüncələri silkələyib atmalıyıq. Insan taleyi belə olmamalıdır.

Yalnış düşüncəmiz Faciəli taleyimiz
•