Tale Bağırzadə “bandotdel”dən çıxarıldı

Hazırda istintaqı davam edən ilahiyyatçı Tale Bağırov və sürücüsü DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. Bu barədə qəzetimizə onun vəkili Cavad Cavadov məlumat verib. C.Cavadov bildirdi ki, aprelin 13-də səhər saatlarında BMCMİ-yə T.Bağırovla görüş üçün getsə də, ona ilahiyyatçının artıq köçürüldüyünü deyiblər: “Mənə bildirdilər ki, artıq Tale Bağırov və sürücüsü Anar Məlikovu Bakı İstintaq Təcridxanasına köçürüblər. İstintaq altında olan digər iki nəfər haqda məlumat ala bilmədim”.

Vəkil bildirdi ki, Baş Prokurorluq hələ ki, ilahiyyatçıya qarşı yeni ittihamlar irəli sürməyib. Cavad Cavadov bununla bağlı məhkəməyə müraciət etməyə hazırlaşdıqlarını bildirdi. qeyd edək ki, aprelin 11-də Bakı Apelyasiya Məhkəməsində Tale Bağırovun BMCMİ-də saxlanılmasının qanunsuz olması və onun Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı şikayətə baxılıb. Növbəti proses gələn həftə keçirilməli idi.

Xatırladaq ki, ilahiyyatçı Tale Bağırovu martın 31-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları həbs edib. Daha sonra polis onun üstündən 1,026 qram heroin çıxdığını elan edib. Aprelin 2-də Sabunçu məhkəməsi ilahiyyatçı haqqında iki aylıq həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ittiham olunur.