Prokurorluqda imtahan qalmaqalı

Zakir Qaralov qanunsuz əmr verməkdə ittiham edilir

Baş Prokurorluq may-iyun aylarında prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin “Imtahan” informasiya sistemi vasitəsilə yoxlamasını nəzərdə tutub. Bu barədə Baş Prokurorluğun saytında qeyd edilib.
Prokurorluğun saytında yazılanlara görə, Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsi, bir qayda olaraq 2 ildən bir “Imtahan” informasiya sistemində test üsulu ilə yoxlanılır. Sonuncu dəfə belə yoxlama 2010-cu ilin dekabr ayının 10-dan başlayaraq, yəni iki il 3 ay bundan əvvəl keçirilib: “Baş Prokurorluq üzrə 01.04.2013-cü il tarixli 10/15 nömrəli əmrlə növbəti belə yoxlanmanın bu ilin may ayından başlayaraq keçirilməsi müəyyən edilmişdir. Bu əmrin icrası ilə əlaqədar olaraq qeyd edilən Qaydaların 2.6-cı bəndinə əsasən, testlərin sualları, habelə onların hazırlanmasında istifadə olunmuş normativ-hüquqi aktların və digər sənədlərin siyahısı və məzmunu Elm-Tədris Mərkəzinin internet səhifəsində yerləşdirilib”.
“Azadlıq”a gələn məlumata görə, prokurorluqda çalışan işçilərin əksəriyyəti bu imtahandan narazıdır. Belə ki, bu əmr Prokurorluq orqanlarında “Qulluq keçmə haqqında” qanuna görə qanunsuzdur.
“Hər beş ildən bir prokurorluq işçiləri üçün attestasiya imtahanları keçirilməsinə baxmayaraq, 2 ildən bir qanunsuz olaraq test imtahanlarının keçirilməsinə nə ehtiyac var? Azərbaycandakı bütün prokurorları Bakıya çağırıb onlarla test etməyə nə ehtiyac var? Bütün bunlar artıq maliyyə xərcidir. Biz heç şənbə günü də istirahət etmirik. Nazir Bayramov Elm-Tədris Mərkəzinə rəhbər gətiriləndən sonra bu cür imtahanların sayı çoxalıb”,- deyə qəzetimizə məlumat verən qaynaq bildirir.
Şənbə günləri prokurorluq işçiləri üçün iş günü olmasa da baş prokuror Zakir Qaralovun 28.12.2001-ci il tarixli əmriylə hər həftənin şənbə günü prokurorluq işçiləri işə cəlb olunurlar: “Bu isə hüquq pozuntusuna gətirib çıxarır”.
Vəkil Müzəffər Baxışov “Azadlıq”a açıqlamasında deyir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 7-ci bəndinə görə, prokurorluq orqanları haqqında qanun Milli Məclisdə qəbul olunur: “Yalnız Milli Məclisin belə bir qayda qəbul etmək səlahiyyəti var. Milli Məclisdə də 7 dekabr 1999-cu il tarixli qanun qüvvəyə minib. Həmin qanun da qüvvədədir. Həmin qanunda prokurorluq işçilərinin yalnız attestasiyadan keçirilməsi məsələsi qaydası müəyyən olunub. Ancaq prokurorluq işçilərinin imtahan verilməsi məsələsi həmin qanunda təsbit olunmayıb. Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun da elə bir səlahiyyəti yoxdur ki, o, prokurorluq işçilərinin imtahan verilməsi qaydasını müəyyən etsin. Bu, özbaşınalıqdır. 26 aprel 2000-ci ildən – Zakir Qaralov Baş prokuror təyin ediləndən sonra etdiyi çoxsaylı özbaşınalıqdan biri də budur”.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Azadlıq”a açıqlamasında bildirdi ki, xidmət vəzifəsinin icrası zamanı yol verdiyi kobud qanun pozuntularına görə vaxtilə prokrorluq orqanlarından xaric edilmiş Müzəffər Baxışovun zaman-zaman prokurorluq orqanlarına ünvanladığı ittihamlar tamamilə əsassızdır.
Eldar Sultanov deyir ki, Baş prokurorun müvafiq əmriylə prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yoxlanması qaydaları təsdiq edilib: “Həmin qaydalar isə ”Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin tələblərinə uyğun olaraq hazırlanıb. Bu qaydaların məqsədi prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığının səviyyəsini obyektiv meyarlar əsasında müəyyən etmək, prokurorluq orqanlarında davamlı olaraq həyata keçirilən tədris prosesinin səmərəliliyinin yüksəldilməsi və bu istiqamətdə görülən tədbirlərin stimullaşdırıcı əhəmiyyətinin artırılmasını təmin etməkdir. Attestasiya isə işçinin tutduğu vəzifəyə uyğun olub-olmaması, onun imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, peşəkarlığının artırılmasının stimullaşdırılması, hazırlıq səviyyəsinin yüksəldilməsi və ya təkrar hazırlıq keçməsi zəruriliyini, həmçinin vaxtında vəzifəyə irəli çəkilməsi, vəzifədən azad edilməsi, yaxud aşağı vəzifəyə keçirilməsinin müəyyənləşdirilməsi məqsədiylə keçirilir”.

Ramin DEKO