Eldəniz Quliyev: «YAP içi boş, üstü bəzək bir qurumdur»
Yeni Azərbaycan partiyasının icra katibi, millət vəkili Əli Əhmədov “Trend”ə müsahibəsində bildirib ki, “EL” hərəkatı perspektivsiz bir qurumdu, YAP-a rəqib ola bilməz. “Kasıb itinin adın gümüş qoyan kimi, bunlar da hərəkatın adını ”EL” qoyublar. Guya böyük bir el gücünü ifadə edir. Bu adamları dəstəkləyən qüvvə yoxdur”- deyə Əli Əhmədov bildirib.
“EL” hərəkatının üzvü Eldəniz Quliyev Əli Əhmədovun müsahibəsinə münasibət bildirərkən deyib ki, Əli Əhədovun təmsil etdiyi partiya içi boş, üstü bəzək olan bir qurumdur. Etikadan kənar, mənasız sözlərlə öz səviyyələrini nümayiş etdirirlər: “EL” hərəkatının bir rayonda olan üzvləri qədər, YAP-ın ümumi üzvü yoxdur. Bunların canını qorxu alıb ki, müxalif düşərgə gücləndikcə, YAP-ın 600 minlik üzv nağılı dağılacaq. Bizi rəqib görmürsünüzsə, niyə ofisimizi əlimizdən alırsınız, Lənkəranda öyrədilmiş adamları üstümə tökürsünüz? Bu qədər tərbiyəsizlik etməyə sizi nə məcbur edir? Xalqın xofdan azad olması, qorxunun aradan qlxması hakimiyyəti təlaşa salıb. Mənim YAP-dan acığım gəlsə də, bir partiya rəhbərinin rəqiblərinə qarşı belə bayağı bənzətmələr işlətməsini biabırçılıq hesab edirəm”- deyə Eldəniz Quliyev bildirdi.
İlham Hüseyn


