Avropada istefa verən bizdə necə “əməkdar elm xadimi” oldu?

Fransa yəhudilərinin baş ravvini Cil Bernheym böyük qalmaqala çevrilən plagiatlıq səbəbindən ictimaiyyətdən üzr istəyərək istefa verib. Sən demə, o, öz kitabında hansısa müəllifin əsərindən istifadə edib, ancaq onun adını çəkməyibmiş.
Təzə xəbərdirmi? Deyil. Indiyədək Avropanın bir çox tanınmış siyasətçiləri, ictimai xadimləri, yüksəkçinli məmurları plagiatlığın qurbanı olublar, yəni bu bəd əməllərinin üstü açılanda istefa verərək gedib oturublar öz evlərində, özü də quzu balası kimi – sakitcə, səssiz-səmirsiz. Gəlin, bəzilərini xatırlayaq: Almaniyanın müdafiə naziri Karl-Teodor Quttenberq, təhsil naziri Anette Şavan, Azad Demokrat Partiyasından Almaniya Bundestaqının deputatı Bican Djir-Sarai, Avropa Parlamentinin deputatları Silvana Koch-Mehrin, Jorgo Chatzimarkakis, həmin partiyanın məsləhətçisi Marqarita Mathiopoulos, Macarıstanın prezidenti Pal Şmitt…
Indi də fransalı baş ravvin Jil Bernheym.
Adlarını sadaladıqlarımızdan çoxu plagiatlıqları sübuta yetirilməmiş, sadəcə, bu haqda mətbuat bir-iki cümlə qırıldadandan sonra görəvlərindən getmək üçün öz rəhbərlərinə ərizə ilə müraciət ediblər. Təsəvvür edin, Almaniya kansleri Angela Merkel Karl-Teodor Quttenberq və Anette Şavana vəzifələrindən getməmələri üçün az qala dil töküb yalvarmışdı, ancaq onlar dediklərindən dönməmişdilər, üzərlərindəki ləkə və şübhə ilə vəzifədə qalmağı vicdanlarına sığışdırmamışdılar.
Indi gələk özümüzünkülərə. Xeyli vaxtdır bizdə də plagiatlıqla bağlı mətbuat səhifələrində yazılar dərc olunur. Hətta Müəllif Hüquqları Agentliyinin hesabatlarında bu məsələyə ciddi toxunulur, bildirilir ki, “plagiatlıq xəstəliyi” ən çox Təhsil Nazirliyi sistemində yayılıb. Amma siz indiyədək buna görə oradan kiminsə istefa verdiyini, yaxud cəzalandırıldığını görmüsünüzmü?
Adı elm oğurluğunda, plagiatlıqda keçən bir alim haqqında əvvəllər yazmışam. Yeri düşüb bir də xatırladım. Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Fərrux Rüstəmovun 2002-ci ildə Moskvada nəşr olunmuş “Pedaqoqika (novıy kurs)” adlı dərsliyi tərcümə edib dədə-baba malı kimi öz adına nəşr etdirib. Hətta məsələ Müəllif Hüquqları Agentliyi tərəfindən araşdırılıb və tədbir görülməsi üçün Təhsil Nazirliyinə göndərilib. Misir müəllim də tədbir qılıb: Rüstəmovu əvvəlcə kafedra müdiri, dekan qoyub, sonra “Tərəqqi medalı”, bunun ardınca isə “Əməkdar elm xadimi” adı verdirib. Agentlikdə bu xəbərlərdən dəhşətə gəliblər. Onda ayılıblar ki, professor həmin plagiat dərsliyi təkrar-təkrar nəşr etdirib satdırır. Bax belə…
Indi hər dəfə hansısa Avropa ölkəsində plagiatlıqla bağlı istefa haqqında məlumat eşidəndə, nədənsə, Azərbaycan gənclərinin təlim-tərbiyəsi ilə məşğul olan bu pedaqoq yadıma düşür. Təsəvvür edirsinizmi, adınız bir insan, bir alim üçün ən rüsvayçı hərəkətdə – elm oğurluğunda hallanır və bu, rəsmən təsdiqlənir, amma barənizdə ölçü götürmək əvəzinə, sizi yeni ad və titullarla bəzəyirlər…
Bu, bir təsadüfdürmü? Xeyr! Bu, məntiqəuyğunluqdur. Bu, məmləkəti idarə edən siyasi zehniyyətin mahiyyətindən doğan naqislikdir.
Bu, bir tərəfdən oğurluğun ölkədə gündəlik həyat tərzinə çevrilməsinin, digər tərəfdənsə yeni oğru dəstələri yetişdirmənin pedaqoji müstəviyə keçirilməsinin göstəricisidir.
***
Bu qədər pisliklərin, çirkabların içində isə yenə də sevinmək üçün çox səbəb var.
Məsələn, dünən şərlənərək həbsə atılan dostumuz Rəşadət bəyin oğlu dünyaya gəldi.
Rəşadətə bu gözəl xəbəri dəmir barmaqlıqlar ardından duymağı nəsib edənlər utansın.
Bizsə Azərbaycanı oğrulardan, başqasının haqqını yeyənlərdən alıb uşaqlara verəcəyik. Ki, azad, firavan, günəşli bir ölkədə bir ömür boyu doya-doya yaşasınlar.
Ustad Nazim Hikmət necə deyirdi?
Dünyayı verelim çocuklara, hiç değilse bir günlüğüne
Allı pullu bir balon gibi verelim, oynasınlar
Oynasınlar, türküler söyliyerek yıldızların arasında
Dünyayı çocuklara verelim
Kocaman bir elma gibi verelim
Sıcacık bir ekmek somunu gibi
Hiç değilse, bir günlüğüne doysunlar
Bir günlük de olsa, öğrensin dünya arkadaşlığı
Çocuklar dünyayı alacak elimizden
Ölümsüz ağaçlar dikecekler!