
İranın dini lideri ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti aprelin 11-də jurnalistlərlə görüşündə İran prezidenti Mahmud Əhmədinejadın xarici siyasətini tənqid edib. “Media forum” saytının məlumatına görə, Vilayəti deyib ki, ölkədəki problemlərin əksəriyyəti hökumətin apardığı xarici siyasətinin nəticəsidir: “Bu nə vəziyyətdir xarici siyasətimizdə yaranıb? Düzgün xarici siyasət aparılsaydı, bu gün ölkəyə qarşı bu sanksiyalar da olmazdı. Xarici siyasətimizi və beynəlxalq əlaqələrimizi daha düzgün bir xətdə apara bilərdik.
Biz dünya ilə yaxşı əlaqələr qurmaq üçün digər ölkələrlə münasibətlərimizi normallaşdırmaq istiqamətində çox işlər görə bilərik. Bunu həm də uzun müddətdə yox, qısa müddətdə edə, xarici siyasətimizdə yaranmış indiki durumdan çıxa bilərik”.
Dörd ay əvvəl Vilayəti Xamneyinin qudası Qulaməli Həddad Adil və Tehranın hazırkı meri Məhəmmədbağır Qalibafla birlikdə qarşıdan gələn prezident seçkisinə qatılmaq üçün “2+1” koalisiyasını yaradıb.


