
Azərbaycan MTN-nin keçmiş şefi, KQB generalı Vaqif Hüseynov da Rusiya Azərbaycanlıları Təşkilatlarının İttifaqı, başqa sözlə desək, “Milyarderlər İttifaqı”na üz tutub. Bu barədə İttifaqa yaxın mənbələrdən məlumat daxil olub.
Məlumata görə, iki gün əvvəl Vaqif Hüseynov İttifaqın və “Azerros”un Moskvanın Krasnopresnenskaya küçəsi 24 ünvanındakı ofisində olub, bu qurumların rəhbərləri ilə görüşlər keçirib. Mənbənin dediyinə görə, Hüseynov görüşə tək gəlməyib. Onunla birgə Hüseynovun rəhbərlik etdiyi Strateji Qiymətləndirmə və Analiz İnstitununun direktor müavini Oleq Kuznetsov və Rosbalt İnformasiya agentliyinin baş redaktoru Nikolay Ulyanov da olub.
«Vaqif Hüsenvov bu agentliyi yaradanlardandır. İndi o adıçəkilən instituta başçılıq edir və “Vestnik analitiki” jurnalının baş redaktorudur. Onun Rosbalt-la hələ də sıx əlaqələri qalır. Həmin görüşdə “Milyarderlər İttifaqı”na Rosbalt tərəfdən informasiya dəstəyinin verilməsi də müzakirə olunub. Elə bir neçə gün bundan əvvəl Rüstəm İbrahimbəyovun bu agentlikdə geniş müsahibəsi yayınlanmışdı. Bu əməkdaşlığın necə deyərlər təməli qoyulub. Sadəcə tərəflər bəzi həssas məqamları dəqiqləşdirmək qərarına gəliblər”.
Mənbə deyir ki, 70 yaşlı keçmiş KQB generalının Abbas Abbasovla sıcaq əlaqələri var. “Bundan başqa o, Rüstəm İbrahimbəyovla da uşaqlıq dostudur. Onun da İttifaqa gəlməsi RATİ-nin gücünə güc qatacaq” deyə mənbə bildirir.
AzNews.az


