Tale Bağırzadəni müdafiə komitəsi yaradıldı

Komitə xalqa səsləndi

Həbs olunan ilahiyyatçı Tale Bağırzadənin hüquqlarını müdafiə komitəsi yaradılıb. Bu barədə “Azadlıq”a komitədən xəbər daxil olub. Komitənin yaxın günlərdə rəsmi təqdimatı gözlənilir. Komitə adından yayılan ilk müraciətdə bildirirlir:

“Siyasi və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın hər bir qeyrətli oğul və qızlarını siyasi məhbus, öz azadlığını vətəni və dininin azadlığı uğrunda ikinci dəfə fəda etmiş mübariz ruhani Hacı Tale Baqirzadənin müdafiəsinə qoşulmağa dəvət edirik. Bu, Hacı Tale Baqirzadənin istibdad rejiminə qarşı şəxsi və fərdi mübarizəsi deyil. Bu, haqq cəbhəsinin batil cəbhəsinə və tağuta qarşı əzəli və əbədi mücadiləsinin tərkib hissəsidir.
Bu, bizim daxili və xarici istibdada qarşı barışmaz mübarizəmizdir!
Bu, bizim yazmaqda olduğumuz şərəf tariximizdir!
Hər birimizin vəzifəsidir ki, Azərbaycanımızın həqiqi azadlığı və rifahı uğrunda öz azadlıqlarını fəda edən, bu şərəfli yolda şəxsi həyatlarını təhlükəyə atan vətən fədailərinə dəstək olaq, onları rejimlə mübarizədə tək buraxmayaq, onlara sahib çıxaq.
Məlumat üçün nəzərinizə çatdıraq ki, Hacı Tale Baqirzadənin hüquqlarını müdafiə komitəsi yaxın günlərdə rəsmi olaraq fəaliyyətə başlayacaq və hər bir vətən övladının bu kampaniyada iştirakı arzuolunandır”.