Dünən bəzi saytlar sevinə-sevinə bir xəbər yaydılar: Azərbaycanda qiymətləri süni bahalaşdıranlara 6 il həbs cəzası verilə bilər.
Sən demə, Cinayət Məcəlləsinin hansısa maddəsinə dəyişiklik təklif edilir, “qiyməti süni qaldıranlarla və inhisarçılığa yol verənlərlə bağlı cəzaların ciddi sərtləşdirilməsi gözlənilir”.
Əvvəla, bunu yazım:
Həmin xəbərləri hamıdan qabağa düşüb sevinə-sevinə yayan o saytlar, o agentliklərdir ki, onlar varlıqlarına, mövcud olduqlarına görə məhz inhisarçılara, yağmaçılara borcludurlar. Onların oğurluq pulları ilə yaranıblar, həmin oğurluq pullarla da bəslənməyə davam edirlər.
Istər-istəməz düşünürsən: məntiqlə bu xəbərə kədərlənməli, üzülməli deyillərmi? Cəzaların sərtləşməsinə qarşı çıxmalı deyillərmi? Elə isə hansı ağılla sevinirlər?
Bax, komediyanın birinci pərdəsi budur. Elə buradanca məlum olur ki, təklif edilən dəyişikliklə bağlı yaxşı bir gözləntidə olmaq filfilo söhbətdir, fiksiyadır. O təklif gerçəkləşsə və bundan da əsl oğrular, inhisarçılar nəsə itirsəydilər, heç onların mirzələri bu qədər rahat olardılarmı?
Gələk məsələnin ikinci tərəfinə. Axı qanunların onsuz da işləmədiyi, kağız parçasına çevrildiyi, hüququn aliliyinin qalmadığı, məhkəmələrin ədalətliliyini itirdiyi bir ölkədə cəzaları sərtləşdirmək və ya yüngülləşdirməyin nə mənası var? Məgər ölkədəki hər cür bəlanın səbəbi cəzasızlığı idarəetmə normasına çevirmiş Əliyevçi zehniyyət deyilmi? Bu zehniyyət var olduqca edam hökmünü geri gətirin, nə dəyişər?
Axı kimdir sizin həbslə cəzalandırılmasını istədiyiniz inhisarçılar? Yadplanetlilərmi? Yamyamlarmı? Gülməli-gülməli danışmayın, siz allah. Ölkəni beş-üç adamın arasında bölüşdürüb onlardan başqa heç kimə zənginlik, rifah, firavanlıq haqqı tanımayan bir hakimiyyət inhisarçıları cəzalandıracaq, eləmi?
Əslində bu cəzalar gəlsə, onların kimə aid ediləcəyi də indidən gün kimi aydındır. Kəmaləddinin şirə bazarına burun soxmaq istəyən, Bəylərin banan biznesinə ortaq olmağa çalışan, bir sözlə, könlündən oliqarxların çörəyinə şərik olmaq arzusu keçən hər kim varsa, onlar üçündür sərtləşdirilməsi istənilən cəzalar.
Arxasız, himayəsiz sahibkarlara hədlərini bildirmək, onları tamamən yox etmək, bitirmək, gömmək üçündür.
Ilham Əliyevin böyür-başındakılardan iznsiz ölkəyə dəvə qığı gətirməyin mümkün olmadığı…
Az qala aldığımız nəfəsə görə də oliqarxların bığının altından keçməyin tələb edildiyi bir ölkədə başqa cür düşünmək mümkündürmü, əcəba?
Necə ki, bu ölkədə korrupsiya, rüşvətlə mübarizə şoularının altını tibb bacıları, meşəbəyilər, qatar bələdçiləri, məmur sürücüləri çəkir, inhisarçılıqla mübarizəyə görə cəzaları da yetim-yesir fermerlərin, xırım-xırda ticarətçilərin əyninə biçəcəklər.
Əks halda soruşuram: siz ki, qiymətlərin süni bahalaşmasından belə narahatsınız…
Monopolistlərin əlindən belə yanıqlısınız…
Iqtisadi azadlıqlar üçün bu qədər ürəyiniz gedir, Rəqabət Məcəlləsi niyə 8 ildir Milli Məclisin tozlu rəflərində yatıb qalıb?
Məmurların gəlir deklarasiyalarından niyə hələ də bir xəbər yoxdur?
Bəyəm biz burnu fırtıqlı bağça uşağıyıqmı, guya çörəyi qulağımızamı yeyirik, anlamırıqmı, bu ölkədə olub-bitən hər şeydə sadəcə, öz barmağınız var?
Təkcə ölkədə yox, artıq ofşor zonalarda, Dubaylarda, Praqalarda, Londonlarda belə qaldırılan hər daşın altından siz çıxmırsınızmı?
Hələ üstəlik, özlərini də elə aparırlar ki, guya nə məmləkəti başına alan korrupsiyadan xəbərləri var, nə ölkəni yeyib-bitirən, səfil kökə salan inhisarlardan. Bəli, monopoliyalara görə cəzaları sərtləşdirmək təklifi həm də bu vurdumduymazlığın, sırtıqlığın nəticəsidir. Öz aləmlərində təsəvvür yaratmağa çalışırlar ki, “korrupsiyadır, inhisarçılıqdır, bunların heç biri bizlik deyil; bizlik olsa, heç cəzaları sərtləşdirərikmi, özümüz özümüzə düşmənik bəyəm?”.
Amma əlbəttə, bu söhbətlərin heç biri keçmir artıq. Daha nağıllara inanmırıq biz.
Cinayətləri də bilirik, cinayətkarları da tanıyırıq.
Elə cəzalarının nə olacağını da…
Bu isə hansısa məcəllənin hansısa maddəsinə dəyişikliklə olmaz.
Bu, məmləkətdə köklü dəyişiklə olacaq.
Mütləq olacaq!

Məcəllədə yox, məmləkətdə dəyişiklik
•
•