Lənkəran polisindən şok xəbərlər (VİDEO)

«Təsadüfən xəbər tutmasaydım, qardaşımı naməlum kişi meyidi adı altında dənizdən tapacaqdılar»

Lənkəran rayonunda baş vermiş müəmmalı hadisə haqda məlumat vermişdik. Belə ki, 42 yaşlı Cəmil Babayevin polis idarəsinin 4-cü mərtəbəsindən özünü atdığı xəbəri yayılmışdı. Ancaq yaxınları bu iddianı qəbul etmirlər. Onların fikrincə, hadisəyə aydınlıq gətirmədən işi bağlamaq istəyirlər.
Cəmil Babayevin qardaşı Aqil Babayev  Minval.az saytına video müsahibəsində bildirib ki, qardaşı tanınmaz haldadır. Bu hadisə barədə ailəsinə də məlumat verilməyib. Gecə Aqilin nömrəsinə zəng edib, ondan Cəmilin qardaşı olduğunu soruşublar. Sonra isə deyiblər ki, biz sizə zəng edərik. Bu telefon zəngi Aqili şübhələndirib: “Bizə deyirlər ki, Cəmil oğurluqda şübhəli bilinən şəxs kimi idarəyə gətirilib. Cəmil isə onu həbs edəcəklərindən qorxub, özünü 4-cü mərtəbədən atıb. Ağır vəziyyətdə olan adamı səhərə qədər Lənkəranda gəzdiriblər. Heç bir yardım göstərilməyib. Təsadüfən xəbər tutmasaydım, indi qardaşımı naməlum kişi meyidi adı ilə dənizdən tapacaqdılar. Bu adamlarda vicdan yoxdur. Qardaşımın üz sümükləri beyninə girib, beli sınıb, gözü yerindən çıxıb. Həkimlər də deyir ki, 99 faiz ölümdür. Gedin yasa hazırlaşın. Bəzi adamlar da bizə məsləhət görür ki, səsinizi çıxartmayın, evinizə gedin, sizə yardım olunacaq. Ancaq biz həqiqətin üzə çıxmasını istəyirik”- deyə Aqil Babayev bildirib.

Daxili Işlər Nazirliyi Lənkəran Rayon Polis Şöbəsində baş verən intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb.Məlumata görə, aprelin 11-də saat 12.00 radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsi əməliyyat müvəkkili, polis mayoru Elçin Fətullayevin 2-ci mərtəbədə yerləşən xidməti otağına oğurluqda şübhəli şəxs qismində gətirilmiş Velədi kənd sakini, əvvəllər məhkum olunmuş Cəmil Babayev pəncərədən özünü atıb.

***

Lənkəran polisində müəmmalı faciə

11.04.2013

Aprelin 10–da Lənkəran rayon Velədi kənd sakini, 44 yaşlı Babayev Cəmil Lənkəran rayon Polis Şöbəsinə aparılıb. Bu gün isə yaxınlarına məlumat verilib ki, “Cəmil özünü polis şöbəsinin 4-cü mərtəbsindən atıb”. Əvvəlcə onu rayondakı Diaqnostika Mərkəzinə, sonra isə Onkoloji Mərkəzə aparıblar.
Bu barədə “Azadlıq” qəzetinə məlumat verən yaxınları bildiriblər ki, C.Babayevin vəziyyəti kritikdir, çox az müddətə ömrü qalıb. Onlar C.Babayevin polisə niyə aparıldığını, özünü 4-cü mərtəbədən niyə atdığını bilmirlər. “Bütün baş verənlərə aydınlıq gətirmədən, işi bağlamaq istəyirlər. Biz Cəmilin özünü atmağına inanmırıq”- deyə yaxınları əməkdaşımıza bildirib.

Lənkəran Polis Şöbəsindən APA-ya verilən məlumata görə isə, C.Babayev oğurluqda təqsirli bilinib, ifadə verərkən özünü şöbənin ikinci mərtəbəsindən ataraq intihara cəhd edib. C.Babayev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Məlumatda onun əvvəllər məhkum olunduğu da bildirilir.

Hadisəni diqqətdə saxlayacağıq.