İsmayıllı camaatı mayın 10-nu gözləyir

Azərbaycan Xalq Cəbhəsi Partiyası İsmayıllı rayon təşkilatının üzvü, “Azadlıq”ın bölgə müxbiri Elçin İsmayıllı aprelin 12-də “Media forum” saytına rayondakı son vəziyyətdən danışıb. O deyib ki, yeni icra başçısı Mirdamət Sadıqov əhali ilə görüşür, onları sakitliyə çağırır, əks təqdirdə bunun rayon üçün böyük problem olacağını bildirir: “Ancaq yaxınları həbs olunmuş insanlar çox gərgindir. İcra başçısı onlara vədlər verir ki, mayın 10-da Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı əfv fərmanı imzalanacaq və İsmayıllı məhbusları da əfv olunacaq. İcra başçısı yeni bir aksiyanın həbsdəki insanların əleyhinə çevriləcəyini, məhbusların isə tez bir zamanda azadlıqda olacaqlarını deyir.

Həbs olunanlardan biri də mənim qardaşımdır. Bu vaxta kimi heç bir istintaq hərəkəti aparılmayıb. Onların cəzalarının ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatətlər təmin olunmayıb. Bizə bildiriblər ki, əziyyət çəkməyə dəyməz, vəsatətlər təmin olunmayacaq. Əhali mayın 10-nu gözləyir. Həmin günə qədər heç bir addım atılmasa, yenidən kütləvi aksiyalar gündəmə gələ bilər. Bu, kütləvi aclıq aksiyası da ola bilər”.