İbrahimbəyov Əli Əhmədovun cavabını verdi

«Gündə bir söz deyəcək, ona reaksiya vermək fikrim yoxdu»

Hakimiyyətin tanınmış dramaturq, Ziyalılar Forumunun üzvü Rüstəm Ibrahimbəyova qarşı apardığı kampaniya səngimək bilmir, onun “Rosbalt” informasiya agentliyinə verdiyi müsahibəni də YAP rəsmiləri sərt qarşılayıb. Hakim partiyanın icra katibi Əli Əhmədov mətbuata açıqlamasında Ibrahimbəyovun ünvanına sərt ifadələr işlədib.
YAP təmsilçisinin fikrincə, Azərbaycan vətəndaşlarının hər biri Rüstəm Ibrahimbəyovun yanaşmasına, məfkurəsinə və təfəkkürünə görə ona nifrət etməlidir. Ə.Əhmədovun sözlərinə görə, R.Ibrahimbəyovun fikirləri Azərbaycanın milli maraqlarına, Qarabağ savaşına vurulan çox ciddi bir zərbədir.
Ə.Əhmədovun onun haqqında dediklərinə münasibət öyrənmək üçün hazırda Moskvada olan R.Ibrahimbəyova müraciət etdik. YAP icra katibinin hər çıxışına reaksiya vermək niyyətində olmadığını deyən tanınmış dramaturq bir neçə gün əvvəl contact.az saytına açıqlamasında ittihamlara cavab verdiyini bildirdi: “O gündə bir söz deyir, hər dəfə ona cavab vermək fikrim yoxdur. Cavablarını yazımla vermişəm”.
Xatırladaq ki, R.Ibrahimbəyov “Məndən şübhələnənlərə” məqaləsində Qarabağla bağlı dediklərinə bir daha aydınlıq gətirib. Artıq uzun illərdir ki, Qarabağ münaqişəsinə münasibətinin dəyişməz olduğunu deyən dramaturq Ermənistanın Azərbaycanın dövlət sərhədləri daxilində ərazini işğalını beynəlxalq birliyin qəti mühakiməsini tələb edən, ölkə vətəndaşlarının haqlı qəzəbinə və hiddətinə səbəb olan cinayət kimi qiymətləndirib. Onun sözlərinə görə, hər bir azərbaycanlının borcu işğal olunmuş torpaqların qaytarılması üçün əlindən gələni etməkdir. Lakin torpaqların azad edilməsi ilə bağlı Azərbaycan rəhbərliyinin fəaliyyəti kifayət qədər effektiv deyil, onun həyata keçirdiyi daxili siyasət isə bu problemin həlinə xidmət etmir.
R.Ibrahimbəyov məqaləsində bir daha Ermənistanın təcavüzkar hərəkətlərini bəşəriyyətə qarşı cinayət adlandırıb.
R.Ibrahimbəyov həmçinin bildirib ki, Azərbaycandakı rejimin züy tutanları mətbuatda ölkənin beynəlxalq imicinə ciddi zərbə vurur, onun barəsində qaniçən-aqressiv obraz yaradır. Baxmayaraq ki, dünya xalqları arasında ən tolerant xalqlardan biri azərbaycanlılardır, dövlət təbliğat maşının səriştəsiz, primitiv hərəkətləri daha aqressiv görünməyə başlayır, nəinki qonşularımız.

Fizzə