ABŞ Türkiyə ilə İsraili niyə barışdırdı?
ABŞ dövlət katibi Con Kerri ikinci dəfə Türkiyəyə gəldi. Barak Obamanın Israil səfərinin nəticələri isə hələ də müzakirə mövzusudur. Birləşmiş Ştatların bu cür intensiv “Yaxın Şərq” siyasətinin yenidən canlanması regionda proseslərin ikinci dalğaya qədəm qoyduğunu deməyə əsas verir.
Uzun müddətdir Türkiyə və Israil arasında davam edən ziddiyyətin aradan qalxması da yeni siyasi şərait yaratmaqdadır. Bütün bunlar bizim region üçün nə deməkdir və Azərbaycan baş verənlərdən necə təsirlənəcək?
Ankara-Təl-Əviv; müttəfiqlər çəkişəndə…
Məhşur “Mavi Mərmərə” olayından sonra Israil və Türkiyə arasında gərginliyin zirvəyə qalxması bu bölgədəki bir çox problemlərin daha da dərinləşməsinə gətirib çıxardı. Məsələn, Iran faktoru yenidən aktuallaşdı və bu istaqamətdəki siyasət dalana dirəndi. Suriya məsələsi bu gərginliyin davam etdiyi bir zamanda ortaya çıxdı və Israil- Türkiyə arasındaki ziddiyyət onun da həllinə mənfi təsir etdi. Nəhayət, Azərbaycan da daxil olmaqla bir neçə belə avtoritar sistemlərin təmsilçiləri özlərini rahat hiss edəcəkləri mühiti tapdılar. Çünki onlara qarşı uzlaşma mümkün olmadıqca, daha arxayın davam edə bilirdilər. Ilham Əliyev hətta bu gərginlikdən istifadə edib, bir müddət Israilin dəstəyinə də nail ola bilmişdi. Çünki nəticəsindən də göründüyü kimi (Suriya məsələsində də aydın ortaya çıxdı), beynəlxalq birlik Türkiyə ilə həmrəy idi və Ankara ilə təmas Əliyevi sonuna daha da yaxınlaşdıra bilərdi. Bu mənada o, Təl-Əvivlə dil tapmağa, müqavilələrə girməyə çalışırdı. Bu prosesin ziyanı isə daha çox bölgədəki siyasi infrastrukturun qruculuğunu bir an öncə bitirmək istəyən ABŞ-a dəydi.
Fələstin dövləti qurulur
Obamanın Israil səfəri və bunun ardından baş verən bir neçə hadisə Fələstin dövlətinin qurulması istiqamətində üfüqü açdı. Kerri hər ay bölgəyə gələcəyini açıqladı və bu həm də proseslərin çox sürətlənəcəyinə işarədir. Israil Türkiyədən həm də ona görə üzr istədi ki, Fələstin dövlətinin yaranması məsələsində psixoloji baryer aradan qalxmış vəziyyətdədir. ABŞ və müttəfiqlərinin qarşıda elə ciddi projeləri var ki, onlar öz aralarında olan bütün ixtilafları bir an öncə həll etmək məcburiyyətindədirlər. Bu baxımdan Fələstin məsələsi artıq bölgədə ABŞ üçün daxili münaqişə kontekstinə girib. Birləşmiş Ştatlar bunu həll etmədən Iran və Suriya mövzusunda ciddi uğurlara nail ola bilməyəcəyini özü üçün dəqiqləşdirib. Bu baxımdan Türkiyə və Israil də artıq komandanın ən yaxın iştirakçıları qismində etibarlı sülhə nail olmaq zorundadırlar. Bunu da son bir ayın qızğın diplomatiyası həll etmək üzrədir.
Əliyev də sıradadır…
Türkiyə-Israil və Israil-ABŞ münasibətlərinin neqativ fonundan istifadə edən Azərbaycan hakimiyyəti rahatca manevrlər edə biləcəyini düşünürdü. Israil isə əlinə düşmüş fürsətdən istifadə edərək Azərbaycana silah və hərbi avadanlıqlar satmaq, hətta ölkədə hərbi baza yerləşdirmək işində xeyli qabağa getdi. Nəticədə ABŞ-dan təpkilər olsa da, durum yenə də dəyişmirdi. Çünki ABŞ da bölgə siyasətini bütün iştirakçılarla eyni masa arxasında planlaya bilmirdi. Bu zaman bir-birini qəbul etməyənlər (Türkiyə və Israil) arasında spekulyasiya imkanları qalırdı. Amma bundan sonra proseslərin bir yerdən idarə olunması bu imkanı sıfıra endirir. Elə bunun nəticələrindən biridir ki, dünyada xalqlardan oğurlanmış 32 trilyonun üstü açıldı və bu sırada birinci Azərbaycanın dövlət başçısı oldu. Görünür, dünya şəffaflaşma dalğasında həm də kiçik maneələri boğmaq fikrindədir. Hazırda dünyada baş verənlər yeni qlobal uçqunu xatırladır və Azərbaycan hakimiyyətinin təlaşından görünür ki, bu uçqunun altında qaldığını artıq dərk edir və çıxılmazlıqdan aqressivləşir.