Pulumu çölə ataram, Əliyevlər dönəminin dövlət qəzetinə vermərəm – ortada dövlət adına nəsə olmadığına görə. Bizim tanınmış hüquqçulardan biri belə buyurur: “2003-cü ildən bu günə kimi Azərbaycanda normal dövlət qurulmayıb, ölkə mafiya qanunları ilə idarə olunur”. Görəsən, hüquqçu indiki antidövlət siyasətlərinin özülünün 1993-dən qoyulduğunu niyə unudur? Indiki siyasi sistemin başlanğıcı bəlli uzaqlara gedib çıxır. Indilikdə ən azı ikinci başlanğıcdan başlamaq gərəkdi…
Dövlət qəzetləri yalanla doludur. Onlara ötəri baxmaqla bizim gerçək dövlət deyil, gerçək antidövlət ortamında yaşadığımızı bilmək olar. Belə qəzetlərə pul verməyə dəyərmi? “Azərbaycan” qəzetini danışıqla aldım: baxıb qaytaracam. I.Əliyevin dillə bağlı “sərəncam”ına baxmaq istəyirdim. Budur, I.Əliyev dilimizin DÜZƏLMƏYI ilə bağlı, bilmirəm, neçənci “sərəncam”ını verir. Dilimiz düzəlirmi? Düzəlmir! Düzəlməyəcək – əyri hakimiyət getmədikcə!
Elşad Abdullayevlə bəlli mandat alverində indiki rejim üçün xarakterik bir yer var: “Gəl Binəqədi rayonunu alaq qardaşına”. Indi Binəqədi rayonunu kimsə alıb. Alıb, dədə malı kimi yiyələnib, bildiyini edir. Bir neçə il qabaq Azadlıq prospekti ilə yanaşı çox böyük parkın qarşısında az qala 10 metr hündürlüyündə, 20 metr uzunluğunda alaqapı tikib üstünə böyük hərflərlə “Heydər Əliyev parkı” yazmışdılar. Bunu rayonun keçmiş yiyəsi etmişdi. Binəqədinin indiki yiyəsi bunları buldozer qabağına verib, yaşıllığı vəhşicəsinə qırdırmaqdadır. Yasamalın yiyəsi 20 Yanvar metro çıxacağındakı böyük yaşıllığı vəhşicəsinə qırdırdığı kimi. Bunları niyə deyirəm? I.Əliyev bir neçə il qabaq televiziya ekranlarından demişdi: “Kim ağac qırsa cəzalandırılacaq, yerində nəsə tiksə, buldozerə veriləcək”. Onun bütün göstərişləri, buyruqları, yasaqları beləcə yalançı xarakter daşıyır. “Dəyirman öz işində, çax-çax baş ağrıdır”. Indi də daha bir dil “sərəncamı”.
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin sərəncamı”. Başdan ayağa ərəb-fars sözləri! Mən bu sözləri 20 ildən çoxdur dildən çıxarmışam. I.Əliyev hökuməti, onun “Milli elmlər akademiyası”, Akademiyanın Nəsimi adına Dilçilik institutu hələ də bu dildə danışır. Qabaqkı oxşar “sərəncamlar” yalançı xarakter daşıdığı kimi, bu da yalançı xarakter daşıyır. Indiki siyasi sistemlə, indiki yönətimlə yalançı xarakter daşıyaraq da qalacaq. Sən hər cür demokratiya görsənişinə yağı kəsilərək diktatura rejimi qurursan, yenilik-dəyişiklik istəyənləri dışlama yolu tutursan, kadr axının qarşısını alır, bilərəkdən, planlı olaraq biliksiz, gərəksiz KÖTÜKLƏRlə işləməyə üstünlük verirsən, sonra da beləcə yalançı “sərəncam”larla gözə kül üfürürsən. Yeri gəlmişkən, “sərəncam” farscadır, türkcə GÖSTƏRIŞ deməkdir. “Sərəncam” bütövlükdə ərəb-fars dilindədir. Mən onu çox asanlıqla türkcəyə (bizim türkcəyə!) çevirib göndərə bilərdim. Ancaq hara?
Indilikdə sorun nədədir? Bu daha bir yalançı “Dövlət Proqramını” ölkədə gərəyincə gerçəkləşdirə biləcək bir dənə də dövlət qurumu yoxdur. Özü də PA-dan tutmuş, universitetlərə, Akademiyanın Nəsimi adına Dilçilik institutunadək. Belələri olsaydı, dövlət qəzetləri, tele-radio indiki sayaq ərəb-fars dilinə bürünməzdi. Mənim çoxdan işləyib ortaya qoyduğum dil görsənişinə Akademiyada acıqla “Xaliq Bahadır” dili deyilir. Ancaq bu kiminsə dili deyil, mənim ərəb-fars sözlərindən arındırıb ortaya çıxardığım sevgili, sayğılı Azərbaycan Türkcəsidir. Yazılarımı ardıcıllıqla izləyən bir doktor-professor Türkiyədən zəng vurmuşdu: “Sizin Türkcənizi sevirəm. Çox istərdim Türkiyədə də Türk dilini sizin kimi bilən jurnalistlər olsun!”.

Dil bazarçısı yalandır…
•