Ayətullahların yuxusu

“Bir qrup iranlı deputatın Türkmənçay müqaviləsinin şərtlərinə yenidən baxılması haqdakı təklifi Azərbaycanı silkələdi”- desək çox böyük ifrata varmış olarıq. 
Ya Iranın belə bəyanatlarına artıq alışdıqlarından, ya da ki, qonşu dövlətlə münasibətləri nəyin bahasına olursa-olsun korlamamaq istəyindən Azərbaycanın rəsmi siyasi dairələri bu dəfə də məsələni çox da qabartmamağa çalışdılar, yüngül bəyanatlarla məsələnin üstündən sakitcə keçdilər.
Elə “qeyri-rəsmi” dairələr də, Iran-Azərbaycan münasibətləri ilə məşğul olan ictimaiyyət fəalları da xüsusi təşəbbüsdə bulunmadılar. Ona görə də birmənalı şəkildə demək olar ki, jurnalistlər qabağa düşüb hansısa bir məsələni qabartmasalar, ona münasibət öyrənməsələr, bu ölkədə heç kim öz şəxsi təşəbbüsü ilə qımıldanan deyil.
Bu səbəbdən elə ölkə jurnalistikasının da münasibət jurnalistikasına çevrilməsi də təəccüblü deyil, çünki cəmiyyətin müxtəlif kəsimləri arasında təsir və əks-təsir rabitəsi var.
O ki qaldı Iranın növbəti təxribatına, bunun Azərbaycanda cənub problemi ilə bağlı keçirilən bir tədbirə cavab olduğunu düşünmək olar. Fəqət, elə bir təsəvvür yaranmamalıdır ki, Iran sadəcə Azərbaycanda baş verən proseslərə reaksiya verməklə məşğuldur.
Təbii ki, belə deyil… Iran Azərbaycana müdaxilə etmək, onun siyasətini öz maraqlarına uyğun yönəltməyə çalışmaq istəyi ilə həmişə seçilib. Amma burada diqqəti çəkən nədir?
Adı çəkilən məsələ ilə bağlı dırnaqarası qanun layihəsini hazırlamağı Iranın azərbaycanlı deputatları öhdələrinə götürüblər.
Onlar bunu hazırlayacaq, ya hazırlamayacaq – əsas məsələ bu, deyil, odur ki, Iranda azərbaycanlıları təmsil edən deputatlar bir görün, hansı durumdadır! Müstəqil dövləti, özü də BMT TŞ-nin qeyri-daimi üzvü olan dövləti onlar belə asanlıqla öz tərkiblərinə qatırlarsa, daha burada deyiləsi söz qalmayır…
Ideyasız ədəbiyyat da bir şey deyil…
Bəlkə də bir vaxtlar, sovetlər dönəmində Azərbaycanda cənub problemi ilə bağlı səslənən fikirlər, bu mövzunun ədəbiyyatın, ümumiyyətlə, mədəniyyətin predmetinə çevrilməsi bir o qədər də səmimi görünmürdü. Ona görə ki, o vaxt Sovet Ittifaqı vardı və düşünmək olardı ki, mövzunu məhz o yönəldir, o, idarə edir.
Artıq Sovet Ittifaqı yoxdur. Indi bu tərəfdə səslənən fikirlər tamamilə bu Azərbaycanın insanlarının düşüncələridir, çünki onların elə bir təəssübkeş dövlətləri də yoxdur ki, fikirləşəsən ki, bunları da məhz dövlət edir, dövlət yönəldir.
Əgər olsaydı bu tərəfdə indi də “Təbrizim…” -deyən və Təbrizi özünün əsas ədəbi motivinə çevirən şairlər, yazıçılar olardı, amma yoxdur, çünki olanlar belə məslələləri dövlətin yönəltməsinə adət ediblər.
Üstəlik, bədbəxtlikdən bölünmüş vətənin dərdlərinə ağlamaq üçün yerli və xarici qrantlar da ayrılmır.
Bir neçə ay bundan əvvəl bir ABŞ konqresmeni Iran Azərbaycanı problemini qabartmağa çalışmışdı və hətta Bakıda da olmuşdu. Amma Bakıda ona nə dedilər, nə demədilərsə, bir daha həmin konqresmendən xəbər çıxmadı, elə bil bu məsələ heç olmayıbmış.
Nədənsə bölgənin geosiyasi arxitekturası ilə bilavasitə məşğul olanlar da Iran Azərbaycanına elə bir diqqət yetirmirlər. Sovetlərin missiyası aydın idi – onlar sosializmi yaymaq istəyirdilər.
Fəqət, bir qədər əvvələ gedəndə görürsən ki, bu bölgədə Rusiya nüfuz üstündə həmişə Iranla mübarizə aparıb, onun bölgədəki nüfuzunu zəiflətməyə cəhd edib.
Amma demokratiya missionerliyi ilə məşğul olan dövlətlər bölgədə bir o qədər də aydın siyasət yürütmürlər. Bəli, Iranı təcrid edirlər, ona qarşı sanksiya tətbiq edirlər, onun nüvə silahı əldə etməsinin qarşısını almağa çalışırlar. Amma Iranın daxilindəki “rıçaq”lar haqqında düşünmürlər. Bu qovğada hansı daxili “rıçaq”lardan istifadə etmək olar, Iranın dinc yolla transformasiyasını necə təmin etmək olar?
Təəssüf ki, bu sualları cavablandırmaq iqtidarında olan geosiyasi konsepsiya yoxdur.
Bir çox hallarda geosiyasi konsepsiyalar mədəniyyətləri də yönəldir, onlara yeni məzmun verir. Biz nə qədər partiyasız ədəbiyyat haqda danışsaq da, ideyasız ədəbiyyatın da lüzumsuz bir şey olduğunu qəbul etməliyik. Bəlkə də bu səbəbdən bu gün bu tərəfdə S.Rüstəm, o biri tərəfdə isə M.Şəhriyar yoxdur.
Kiçik sözardı
Yazının adında “yuxu” sözü var. Şərqdə gecələr nağıl söyləməyi sevirlər və təsəvvür edək ki, bu məsələ də Iranın növbəti nağılı oldu, lap elə “Min bir gecə” nağılı kimi.
Amma Iran Azərbaycanı nağıl deyil. Iranda gec-tez buna əmin olacaqlar, çünki bütün dünyada tərəqqi bir istiqamətdə gedir-azadlıqların genişlənməsi istiqamətində…