İş adamları Nurəddin və Loğman Zülfüqarlı qardaşlarının təsisçisi olduğu “Birlik” MMC-yə məxsus “Bakı Elektroştamp” və “Bakı Poladtökmə” zavodlarının qanunsuz yolla və zorakılıqla əllərindən alınması ilə bağlı apelyasiya şikayətinə baxılıb.
Hakim Aygün Abdullayevanın sədrliyi ilə keçən prosesdə Zülfüqarlı qardaşlarının vəkili Aslan Ismayılov çıxış edərək bildirib ki, onlar bu işin Azərbaycan məhkəmələrində həll olunmayacığını yaxşı bilirlər. Onlar sadəcə yerli instansiyaları keçməklə işi Avropa Məhkəməsinə çıxarmaq istəyirlər: “Çünki bu işin arxasında hakimiyyətin Ramiz Mehdiyev, Bəylər Əyyubov kimi güclü fiqurları dayanır. Bunu Azərbaycanda bilməyən yoxdur. Hamıya bəllidir ki, müdafiə etdiyim şəxslərin əmlakı qanunsuz yolla adını çəkdiyim şəxslər tərəfindən alınıb. Indi onlar bizim Avropa Məhkəməsinə müraciət etməyimizin qarşısını almaq istəyirlər. Məhkəmələri də bu işə cəlb ediblər. Xətai Rayon Məhkəməsi iddiamızı təmin etmədi, Apelyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxladı, Ali Məhkəmə isə qərarı ləğv edərək işi yenidən Apelyasiya Məhkəməsinə göndərib. Bu bir neçə dəfə təkrarlanıb. Güman ki, bu dəfə də olacaq. Ona görə də bizim üçün hansı qərarın qəbul ediləcəyi əhəmiyyət kəsb etmir”.
Aslan Ismayılovun çıxışından sonra hakim prosesi təxirə salıb.
Vəkil “Azadlıq”a açıqlamasında bildirib ki, prosesin təxirə salınması səbəbsiz deyil: “Yuxarıdan” göstəriş almayıblar. Bilmirlər ki, nə qərar çıxarsınlar. Biz bilirik ki, bütün bunlar sadəcə oyundur. Sadəcə məhkəmələrin özlərinə bu qədər hörmətsiz yanaşması təəssüf doğurur”.


