«Betta» dəstəsinin komandiri Fikrət Rzayevin kapitan qardaşı oğlu əsgərlərdən pul yığırmış
Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) “Betta” dəstəsinin komandiri, polkovnik Fikrət Rzayevin qardaşı oğlu Zaur Rzayev həbs edilib. Bu barədə məlumatı “Bizimyolinfo.com” yayıb. Məlumatda deyilir ki, kapitan Zaur Elman oğlu Rzayev Daxili Qoşunların Sumqayıtda yerləşən hərbi hissəində əsgərlərdən kazarmanı təmir etmək adı ilə 1400 manat rüşvət alıb. Ümumilikdə əsgərlərdən 14 min manat pul yığılıb.
Bakı Hərbi Məhkəməsinin hakimi Müslüm Əliyev 8 apreldə Zaur Rzayev və digər kapitan, komandirlə bağlı 3 ay müddətinə həbs-qətimkan qərarı çıxarıb. Zaur Rzayev özünü bu işdə təqsirli bilmədiyini deyib.
Məlumata görə, təxris olunan əsgər onun barəsində şikayət ərizəsi yazıb və buna görə həbs olunub. Zaur Rzayev həbs olunmamaq üçün əmisi, polkovnik Fikrət Rzayevə zəng edərək ondan kömək istəyib. Fikrət Rzayev ona kömək edəcəyini desə də, vədinə əməl etməyib.
Zaur Rzayevin əvvəllər məhkumluğu olmayıb. Ilham Əliyev 9 mart 2011-ci ildə sərəncam verərək Azərbaycan dövlətçiliyinin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən yüksək peşəkarlıq göstərdiyinə görə Zaur Rzayevi “Hərbi xidmətlərə görə” medalla təltif edib və ona kapitan rütbəsini verib.
Daxili Qoşunların mətbuat xidmətindən “Bizim Yol”a bildiriblər ki, Zaur Rzayevin hansı maddələrlə həbs edildiyini araşdırıb, məlumat verəcəklər.
Zaur Rzayev polkovnik Fikrət Rzayevin böyük qardaşı Elman Rzayevin oğludur. Elman Rzayev hazırda bizneslə məşğul olur.
Xatırladaq ki, qondarma ittihamlarla həbs edilən XDMX-nin sabiq əməkdaşı, 17 il “Betta” dəstəsində xidmət etmiş, baş leytenant Asif Lətifov da Fikrət Rzayevin işçilərdən pul yığdığına etiraz etdiyinə görə işdən çıxarılmışdı. Sonradan Asif Lətifov Fikrət Rzayevin qanunsuz əməllərini ictimailəşdirdi. Və elə buna görə də XDMX rəhbərliyinin sifarişilə şərlənərək həbs edildi.