Nemət Pənahlını anasının dəfninə buraxmadılar

Ailəsi dəfn mərasimini saat 16-dək təxirə salsa da, Penitensiar Xidmətdən cavab gəlmədi

Leyla Yunus: «Bu hakimiyyətdə insanlıqdan, humanizmdən əsər-əlamət yoxdur»

Milli Azadlıq Hərəkatının öncül simalarından olan, siyasi məhbus Nemət Pənahlının anası Sara Pənahlı dünən vəfat edib. Məhbus siyasətçini anasının dəfninə buraxmayıblar. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Azadlıq”a bildirib ki, qanunvericiliyə görə bunun üçün məhkumun özü cəzaçəkmə müəssisəsinin rəisinə müraciət etməlidir. N.Pənahlı isə belə bir müraciət etməyib.
N.Pənahlıya anasının yasında iştirak etmək üçün icazə verib-verilməyəcəyi ilə bağlı suala cavab olaraq isə M.Sadıqov deyib ki, ailəsinin müraciəti varsa, gün ərzində baxılacaq və uyğun cavab veriləcək: “Bütün müraciətlərə fərdi yanaşılır, bu baxımdan cavabın necə olacağı barədə əvvəlcədən nəsə demək mümkün deyil”.
N.Pənahlının ailəsindən isə bildiriblər ki, hələ anası xəstə olduğu vaxtdan görüşlə bağlı Penitensiar Xidmətə və 17 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət ediblər. Amma müraciətləri cavabsız qalıb. Ailə N.Pənahlının anasının yasına buraxılması üçün dünən bir daha müraciət edib, lakin buna da müsbət cavab verilməyib.

“Ərizə söhbəti günorta çıxdı”

Dünən axşam saatlarında “Azadlıq”a açıqlama verən N.Pənahılının xanımı Həcər Pənahlı bildirib ki, günün ikinci yarısına qədər 17 saylı cəzaçəkmə müəssisəsində olub. H.Pənahlı ümid edib ki, həyat yoldaşını dəfn mərasiminə buraxacaqlar. Bu məqsədlə dəfni dünən saat 16.00-a qədər təxirə salıblar. Lakin sonradan H.Pənahlıya bildiriblər ki, nahaq yerə gözləməsin, cavab olsa belə, sabah (bu gün-red:) olacaq: “Səhər tezdən Penitensiar Xidmətə zəng edib Nemətin anasının vəfatı barədə məlumat vermişdim. Dedilər ki, maraqlanıb xəbər verəcəklər. Həmin vaxt Nemətin özünün yazılı müraciət etməsinin şərt olduğunu demədilər. Ərizə söhbəti günorta çıxdı. Bundan sonra Nemət 17 saylı cəzaçəkmə müəssisəsinin rəisinə müraciət etdi. Amma heç bir cavab verilmədi. Bütün günü orada olmuşam. Axırda dedilər ki, gedin, cavab olsa da, sabah olacaq. Nemətə görə dəfni də gecikdirdik ki, bəlkə icazə verərlər. Amma vermədilər”.  
“Media forum” xəbər verir ki, Cəzaların Icrası Məcəlləsinə görə, məntəqə tipli cəzaçəkmə müəssisələrində, ilk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş, ümumi rejimli cəzaçəkmə müəssisələrində və tərbiyə müəssisələrində saxlanılan məhkumlara onların yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi ilə əlaqədar, məhkumlara və ya onların ailəsinə təbii fəlakətlə və digər fövqəladə hadisə nəticəsində əhəmiyyətli maddi zərər vurulduqda cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara (yalnız ölkə daxilində) yeddi gün müddətinə qısa müddətli səfərə getməsinə icazə verilə bilər. son illər 5 tanınmış məhbusa yaxınlarının yasında iştirak imkanı verilib: 1 dekabr 2008-ci il – məhbus jurnalistlər Qənimət Zahid və Mirzə Sakitin ataları Səlim Zahidov vəfat edib, qardaşlar müvəqqəti azadlığa buraxılıblar. 29 iyun 2010-cu il – məhbus Emin Millinin atası Paşa Abdullayev vəfat edib, gənc fəal müvəqqəti azadlığa buraxılıb. 9 yanvar 2012-ci il – AXCP üzvü Arif Alışlının atası vəfat edib və cəbhəçi məhbus müvəqqəti azadlığa buraxılıb. 30 may 2012-ci il – Arif Hacılının anası Zahidə Hacılı vəfat edib, həbsdə olan başqan müavini müvəqqəti azadlığa buraxılıb.

“Öz-özümə dedim ki, Leyla, bu il ölmək olmaz”

Hüquq müdafiəçisi Leyla Yunus N.Pənahlının anasının dəfninə buraxılmamasında təəccüblü heç nə görmədiyini deyir: “Mən eşidəndə ki, Ibrahim Ibrahimlini öz yaxın qohumunun yas mərasimindən çıxarkən döyüblər, başa düşdüm ki, 2013 çox ağır il olacaq. Öz-özümə dedim ki, Leyla, bu il ölmək olmaz. Allah eləsin, bu hakimiyyətə qarşı çıxan digər insanlar da ölməsinlər. Çünki nə dəfn etməyə qoyacaqlar, nə yasını verməyə, nə də yığışıb qəbristanlığa getməyə. Azərbaycan mentalitetindən, bizim qafqazlı, müsəlman olmamızdan danışırlar. Amma reallıq göz qabağındadır. Bu hakimiyyətdə olanlar kriminal rejimin nümayəndələridir. Onlarda insanlıqdan, humanizmdən əsər-əlamət yoxdur”.
Qeyd edək ki, Nemət Pənahlı 2011-ci il yanvarın 8-də həbs edilib, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olarkən – 2012-ci il yanvarın 13-də Nemət Pənahlı atasını da itirib. Lakin onu atası Əhəd Pənahlının nə dəfninə, nə də yasına buraxıblar.

Anası sağlığında Nemət Pənahlıya nəyi vəsiyyət etmişdi?

Nemət Pənahlını anası Sara xanım sağlığında “Azadlıq” qəzetinə bir neçə dəfə müsahibə vermiş və oğlunun atasının dəfninə buraxılmamasına da münasibət bildirərək bunu namərdlik adlandırmışdı: “Atalar ”namərd dostdansa, mərd düşmən yaxşıdır” deyiblər. Amma mənim oğlumun düşməni də namərddir. Ağlıma da gətirməzdim ki, Nemətə atasını dəfn etməyə icazə verməsinlər. Erməni ermənidir, öldürəndən sonra heç olmasa imkan verir ki, gedib ölünə sahib çıxasan, ölünü dəfn eləyəsən. Nemətə isə imkan vermədilər ki, heç olmasa atasının cənazəsinə sahib çıxsın. Nemət nə dərəcədə qoxulu cinayətkardır ki? Indiyə kimi dəfələrlə olub ki, məhbus müvəqqəti buraxılıb, gəlib valideyninin dəfnində iştirak edib. Nemətə isə imkan vermədilər ki, heç olmasa, atasını son mənzilə yola salsın. Mən bilmirəm prezident kimin məsləhətlərinə qulaq asır. Amma onu dəqiq bilirəm ki, hər kimsə məqsədli şəkildə onu hörmətdən salmaqla məşğuldur. Yoxsa bir adamı, lap düşmən belə olsa, atasının cənazəsinə buraxmamaq hansı cəmiyyətdə alqışlana bilər. Bu ölkədə buna “əhsən” deyəcək tək bir insan göstərə bilərsinizmi? Bir insana, hələ bir müsəlmana can üstə olan atası ilə vidalaşmağa, halallaşmağa imkan verməməyə, bunu da keçdim, öləndən sonra bir oğula atasının cənazəsini dəfn eləməyə imkan verməməyə nə səbəb ola bilər? Ancaq son dərəcə insanlıqdan çıxmaq. Inanın ki, Nemətin atasının dəfninə gələn adamlar dəhşətə gəlmişdilər. Içəri girən birinci Neməti soruşurdu. Heç kim inana bilmirdi ki, bu qədər insanlıqdan kənar hərəkət eləmək olar. Yaxşı, lap tutaq ki, Nemətlə düşmənsiz, nə bilim nəsiz. Axı düşmənçiliyin də bir qaydası var. Bu, düşmənçilik deyil, namərdlikdir. Nemət üçün atasının bu cür həsrətli, niskilli ölümü nə deməkdir, mən bilirəm. Çox böyük namərdlik elədilər Nemətə qarşı, çox”.
S.Pənahlı qəzetimiz vasitəsilə oğluna vəsiyyətini də etmişdi: “Mən vəsiyyətimi bəri başdan eləmişəm, demişəm ki, mən ölsəm heç kimə ağız açmayın. Nə isə. Bu dünya çox fironlar görüb. Insanlara ibrət olacaq elə şeylər yaşanıb ki bu dünyada. Kimsə bu ölkənin hakimi ola bilər, amma inanın ki, bu dünyanın bir hakimi var ki, bütün dünya onun hökmünə tabedir. Səbri gen, ədaləti sonsuz, haqlının haqqını haqsızdan ala bilən tək Allahdır. Ümidimizi ona bağlamışıq. Bu hakimiyyətin elə bil ki, artıq Allah da gözünü bağlayıb, günahını artırdıqca artırır. Yükünü ağırlaşdırdıqca, ağırlaşdırır. Mən onlara qarşı daha çox təəssüfÿvə acıma hissi duyuram…”.