İnan, Rəbiyyət xanım, inan…

Tanrı yaratdıqlarını dolandırır. Bəndə müdaxiləsi olmasa, yəqin heç şikayət də olmaz. Hərə başını aşağı salıb gün-güzəranını qurar. Ailəsini dolandırar, balalarının başını saxlayar. Hətta kimlərçünsə hakimiyyətə yaltaqlanmaq, yarınmaq gərəyi də olmaz. O adamlara ki, əskilmələrini “bala başı saxlamağa” bağlayır, hər cür rəzalətə bununla haqq qazandırırlar…
Bir neçə gündür ki, mətbuatda Nemət Pənahlı adı daha çox hallanır. Qondarma ittihamla tutulub türməyə salınan bu adam ağır xəstə olan anasına son borcunu vermək üçün ona baş çəkmək istəyirdi. Deyilənə göər, rəsmi qurumlara müraciət də olunmuşdu. Onlardan “aman” istənilmişdi. Məsələ o qədər aktuallaşmışdı ki, insan haqlarına gözünün ucuyla da baxmayan Milli Məclisin Insan haqları komitəsinin sədri Rəbiyyət Aslanova da Nemətin anasıyla görüşməsinə münasibət bildirmişdi. “Media forum” saytına açıqlamasında xanım deputat burda problem olmadığını demişdi: “Inanıram ki, Nemət Pənahlıya anası ilə görüşmək imkanı yaradılacaq, inanmıram ki, icazə verməsinlər”.
Bu sözləri insan haqlarına dəyər verməyib o adlı komitəyə illərdir rəhbərlik edən xanım Aslanova aprelin 9-da demişdi. Həm də çox inamla. Sanki təmsil olunduğu hakimiyyəti, ordakı səlahiyyət yiyələrini tanımır. Onların milli-mənəvi dəyərlərə verdiyi qiyməti bilmir. Illərdir xalqın hansı acılar altından yaşadığından, YAP iqtidarının bu xalqa hansı sitəmləri etdiyindən xəbərsizdir.
Dünən, aprelin 10-da, Nemətin anası öldü. Komitə sədrinin proqnozlarının əksinə olaraq Neməti nə anasıyla görüşə, nə də dəfnə buraxdılar. Qisasçılıq mövqeyindən sonadək çəkilmədilər. Bir müddət qabaq atası öləndə də Neməti yasa buraxmamışdılar. Heç şübhə eləmirəm ki, Nemət Azadlıq hərəkatında olanda, mübarizə aparanda, son illər türməyə düşəndə, lap elə evdə başı ağrıyanda anası Sara xanım “anan ölsün, ay Nemət!” sözlərini çox işlədib. Onun həsrətini çox çəkib. Son anlarında oğluyla görüşməyi çox arzulayıb. Bu arzusunu gözündə qoydular. Qıymadılar. Bir ananın müraciətini saya salmadılar. Öldü, övladıyla bağlı nisgilini də özüylə apardı. Qanun onların son dəfə görüşməsinə imkan versə də, hakimiyyətdəkilər, səlahiyyət yiyələri bu imkanı ailəyə tanımadılar…
Görəsən insan haqları komitəsi sədri yenə də açıqlama verəcək, məsələyə münasibət bildirəcək? Nə deyəcək, kimi suçlu biləcək? Qulluğunda durduğu hakimiyyətin bu addımına necə haqq qazandıracaq? Bilmirəm, ancaq qisasçılıq mövqeyində dayananları tənqid etməyəcəyi dəqiqdir. Üç çağırış dalbadal aldığı deputat mandatı, bu hakimiyyət sayəsində qazandığı titulları da bunu deməyə əsas verir. Ola bilsin yenə də hər şey Nemətin üstünə atılacaq…
Ölkədə insan haqları ayaqlar altındadır. Qondarma ittihamlarla tutulanların sayı durmadan artır, gəncliyin gözü qorxudulur, onlar narkotiklə şərlənir. Adi bir qəzaya görə müxalifətçi gənc qız türməyə salınır. Dindarlar ən müxtəlif adlarla təhqir olunur, aşağılanır, tutulur, döyülür. Ancaq insan haqları komitəsinə rəhbərlik edən xanım bir dəfə də olsun parlamentdə bu məsələni qaldırmır. Qaldırmağı bir yana, təmsil olunduğu YAP-ın mövqeyindən çıxış edir, tutduğu postun tələblərinin əksinə olaraq haqqı pozulanları yox, haqqı pozanları müdafiə edir. Onları suçlu bilir…
Ölüm gözlə qaş arasındadır deyirlər. Bu deyim indi lap yerinə düşür. Zaman Rəbiyyət xanımı intizarda qoymadı, çox keçmədən sözünü dedi. Bir daha təkrar edək. Neməti nə anasıyla görüşə, nə də onun dəfninə buraxdılar. Qalır bu gerçəkliyə Rəbiyyət xanımın inanmağı. Inandınız, hörmətli insan haqları komitəsinin sədri?!.
Görəsən Rəbiyyət xanım Ibrahim Ibrahimlinin Naxçıvanda yas yerindən oğurlanıb təhqir edilməsinə, döyülməsinə nə vaxt münasibət bildirəcək? Ümumiyyətlə, ÔAzərbaycanda belə olayların baş verməsinə inanırmı?