Məmmədyarov ATƏT ölkələrini ittham etdi


«ATƏT Azərbaycanı yox, hakimiyyət ATƏT-i şantaj edir»

“Azərbaycan Xarici Işlər Nazirliyi ATƏT-in Bakı Ofisinin statusunun layihə-koordinator səviyyəsinə endirilməsi ilə bağlı müraciət edib və bu, haqlı bir hərəkətdir”. APA xəbər verir ki, bu fikirlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova məxsusdur. “Bəzi ölkələr bizə xəbər göndərirlər ki, biz bu məsələdə konsensusa gəlməyəcəyik.
Belə bir şantaj qəbuledilməzdir. ATƏT-ə üzv dövlətlərin öz hüquqları var və həmin dövlətlər nümayəndəliyin statusu ilə bağlı özü qərar qəbul edə bilər. Bununla belə ATƏT Daimi Şurasında ekspert qrupunun yaradılması və onlar tərəfindən bu məsələ ilə bağlı qərar verilməsi barədə qərar qəbul olunub”.

Siyasi şərhçi Rahim Hacıyevin fikrincə, Avropada təhlükəsizlik və əməkdaşlıq problemlərinin həlli üçün qurulmuş təşkilatın Azərbaycanda fəaliyyətini kəskin şəkildə məhdudlaşdırılmasını nəzərdə tutan məlum təklifi hökumətin milli maraqlara zidd növbəti addımıdır: “Bu təşkilatla əməkdaşlıq Azərbaycan üçün istər bir dövlət olaraq təhlükəsizliyini təmin etmək, istərsə də Qarabağ probleminin həlli baxımından kifayət qədər ciddi əhəmiyyət kəsb edir. Təklifin motivi və məqsədi ATƏT-in Azərbaycanda demokratik proseslərə ciddi dəstəyinin qarşısını almaqdır. Bir daha bəlli olur ki, hakim siyasi komanda üçün başlıca məsələ milli maraqlar və Qarabağ probleminin həlli deyil. Prioritet məsələ hakimiyyəti qoruyub saxlamaqdır”.
R.Hacıyev Elmar Məmmədyarovun şantajdan danışmasının tamamilə əsassız olduğunu deyir: “Ona görə ki, ATƏT Azərbaycanı yox, hakimiyyət ATƏT-i şantaj edir. Belə təkliflərdə israr etmək Azərbaycanı beynəlxalq aləmdən  təcridə aparır və ölkəni beynəlxalq təhlükəsizlik və əməkdaşlıq məsələlərində olduqca çətin vəziyyətə qoyur”.

Gültəkin