Işlərinə gələndə “xalqımızın milli-mənəvi dəyərlərindən”, minilliklərdən süzülüb gələn adət-ənənələrindən dəm vurduqlarını…
Işlərinə gəlməyəndə nə mentalitet, nə milli-mənəvi dəyər tanıdıqlarını az görmədik indiyəcən.
Məsələn, Dubaydakı villaları ifşa olunca zati-möhtərəmin əyanlarından biri tələm-tələsik çıxıb, “Xalqımızın gözəl bir atalar sözü var, ”Başqasının pulunu saymazlar” dedimi? Dedi.
Oysa, eyni adam o günəcən allah bilir, neçə dəfə təkrarlayıb durmuşdu: “Müxalifət liderlərindən soruşmaq lazımdır, hardan maliyyələşirlər?”
Bir az dara düşəndə kölgəsinə sığındıqları, ətəyini öpdükləri “milli-mənəvi dəyərləri”, mentaliteti belə, başqa vaxt necə çeynədiklərini, çığnadıqlarını üç gün öncə gördük – yas yerinə gedən adamı əvvəl oğurlayıb sonra da təhqir etdilər, döydülər.
Gənc bir insanın hüzr yerini belə, siyasi qisas meydanına çevirdilər.
Mən heyrətlənmədim.
Amma dillərindən “əxlaq”, “mənəviyyat”, “mentalitet”, “milli-mənəvi dəyər” sözləri düşməyən yaptokratların və buyruqqulularının “yox, bu qədər də olmaz!” dediyini də eşitmədim.
***
Hakim ailənin Vircin adalarındakı offşor şirkətləri üzə çıxınca nə dedilər? “Onlar da Azərbaycan vətəndaşlarıdır. Yaş həddi də, hüquqları da var”.
Amma bunu deyən adamların Nemət Pənahlının anasının dəfnində iştirak etmək haqqı, hüququ nədənsə yadlarına düşmədi dünən.
Kitabında, günlərcə son nəfəsində oğlunu görmək üçün yalvarıb-duran bir ananın arzusunu gözündə qoymaq yazılmış adamlar bundan sonra “milli-mənəvi dəyər”dən danışanda heçmi utanmayacaq, heçmi qızarmayacaqlar?
Oğurluq pullarını hansısa atalar sözünün arxasında gizlədib, sonra da şəxsi qisas hissi, intiqam duyğusu ilə bir oğlu anası ilə son vidaya buraxmayan zehniyyətə hələ də inanan, itaət edənlər utansın, mən başqa nə deyim?
Özlərinə gəlincə, mentalitet də, hüquq da şıtır-şıtır işləyir.
Başqalarına isə nə haqqında gecə-gündüz ağızdolusu danışdıqları “milli-mənəvi dəyərlər”dən düşən bir pay var, nə də artıq kağız parçasına çevrilmiş, gücünü, dəyərini itirmiş qanunlardan.
***
Bunların baş nazir müavini iki dəfə çıxıb narkoman məmur övladlarının siyahısını açıqlayacağını demədimi?
Və siz o gündən bu günədək hansısa məmurun narkoman oğlunun həbs edildiyini eşitdinizmi?
Əvəzində narkotiklə suçlayıb içəri atdıqları kimlərdir: bu ölkənin aydınlıq üzü gənclər! Vicdanlı, ləyaqətli adamlar! Azərbaycanı hüquqa, azadlığa, çağdaşlığa qovuşduracağına and içənlər, oğurluğu deyil, doğruluğu seçənlər!
***
“Əsgər ölümlərinə son” deyən adamları zindanlara doldurub, amma “Orduda əsgər də ölməsin, bəs kim ölsün?” deyən adamı icra başçısı, deputat mandatı ilə ödülləndirən…
Dünyadan Xocalıya ədalət istəyib, amma özü öz vətəndaşına ədalət vermək istəməyən…
Müstəqilliyin 20-ci ilində istiqlalın əleyhinə səs vermiş adamı “Istiqlal” ordeni ilə mükafatlandırıb, amma istiqlalçı deputatı uydurma ittihamlarla dəmir barmaqlıqlar ardına atan…
Işlərinə yarayanda başqasının pulunu saymağı suç elan edib, amma başqasının yataq otağını güdməyi mərifət sayan bir zehniyyətin var olduğu, hakim olduğu bir ölkədə yaşamağın utancı var içimdə.
Içimdə övladlarıma boğazacan yalana, talana, oğurluğa bulaşmış, əxlaqın və ədalətin sərhədlərini zorlamağı idarəetmə tərzinə çevirmiş adamların idarə etdiyi bir ölkə buraxmağın qorxusu, ayıbı var.
Bu utancdan, bu qorxudan, bu ayıbdan qurtulub dərin bir “oh” çəkməyi, rahat bir nəfəs almağı, şirin bir yuxu yatmağı artıq o qədər istəyirəm ki…
O məşhur şərqisində nə oxuyurdu Sezen Aksu… “Bitsin artıq bu həsrət”.
Hə, bitsin, bitsin artıq içimizdəki bu azadlıq özləmi, gözəl, günəşli günlərin niskili.
Ədalətin, özgürlüyün yolunu gözləməkdən yorğun düşən gözlərimizə şirin bir yuxu gəlsin artıq.

Şirin bir yuxunun həsrəti
•
•