
Füzuli rayonunun ən böyük kəndində sakinlər rayon icra başçısını kəndən qovublar. Bu barədə “Elitar.az”a məlumat verən rayon sakinlərinin sözlərinə görə, aprelin 7-də Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun Böyük Bəhmənli kəndinə gedərək sakinlərlə səyyar görüş keçirmək istəyib. Lakin görüşdə qalmaqal yarandığı üçün icra başçısı kəndə səfərini yarımçıq qoyaraq oranı tərk etməli olub. Məlumata görə, bu Alı Alıyevin qeyd olunan kəndə ilk səfəri deyilmiş və bundan öncə də o kənd sakinlər ilə görüş keçiribmiş. Bu dəfə də icra başçısının kəndə gələcəyi sakinlər üçün əvvəldən məlum imiş. Alı Alıyev sakinlərlə söhbətə ölkədəki ictimai-siyasi vəziyyətin durumu ilə başlayıb və prezident seçkilərində sakinlərin hakim partiyanın namizədinə səs vermələrinin vacib olduğunu sakinlərin diqqətinə çatdırıb. Sonra o, kənd sakinlərin sosial problemlərinin aradan qaldırlması istiqamətində addımlar atılacağından da danışıb. Sakinlər qeyd edir ki, bu zaman insanlar, xüsusilədə kənd ağsaqqaları icra başçısını yalan danışmaqda günahlandırıblar: “İcra başçısı əvvəlki görüşlərində də kəndin sosial problemlərinin yaxın müddətdə həll ediləcəyi haqda söz vermişdi. Lakin sakinlərin problemlərinin aradan qaldırılması üçün müsbətə doğru heç bir addım atılmayıb. Görüşdə icra başçısının növbəti dəfə problemlərin həll edilməsi haqda vəd verməsi sakinləri özündən çıxarıb. Sakinlər icra başçısını yalan vədlər verməkdə günahlandırdılar və onun fəaliyyətindən narazılıq etdikləri üçün prezident seçkilərində səsvərməyə getməyəcəklərini də bəyan ediblər”, – deyə adını çəkilməsini istəməyən rayon sakini bildirib.
Qaynaq onu da bildirib ki, sakinlərin, xüsusilədə ağsaqqaların icra başçısını yalan danışmaqda suçlamasından sonra icra başçısı ilə birlikdə kəndə gələn məmurlarla sakinlər arasında gərginlik yaranıb. Bu zaman sakinlər icra başçısını və onunla birlikdə kəndə gələn məmurlları yumurta atəşinə tututaraq kənddən çıxmalarını tələb ediblər. Vəziyyətin qəlizləşdiyini görən icra başçısı və məmurlar görüşü yarımçıq saxlayaraq kəndi tərk ediblər.


