ARDNŞ qardaş ölkədə telekanal alır və xəbər agentliyi açır
Petkim-in sahibi ARDNŞ Türkiyədə enerji sektorundan sonra media sektoruna da qatılır. Türkiyə mətbuatının məlumatına görə, “Socar Turkey Medya” adı altında fəaliyyətə başlayacaq media şirkəti xəbər agentliyi olaraq fəaliyyət göstərəcək. Şirkət gələcəkdə qəzet, jurnal və kitabların çap edilməsini də nəzərdə tutub (ans press).
Ölkəmizdə fəaliyyət göstərən ATV televiziya kanalının nəzdində olan “ATV İnternational” da artıq ayrıca kanal kimi fəaliyyət göstərəcək. “ARDNŞ Media” İctimai birliyinin nəzdində fəaliyyətə başlayacaq yeni televiziya kanalı “CBC” (Caspian Broadcasting Company) adlanacaq.
Telekanalın təqdimatında ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədov bildirib ki, ARDNŞ artıq Azərbaycandan kənarda investisiya layihələri həyata keçirir. O cümlədən, şirkət Avropada da bir sıra investisiya layihələri həyata keçirir. “Həmin layihələrlə yanaşı ARDNŞ sosial layihələr də reallaşdırır, ictimai rəydə fikirin formalaması üçün müəyyən işlər görür. Bu məqsədlə də “SOCAR Media” Qeyri-Kommersiya İctimai Birliyi yaradılıb. Bizim üçün Azərbaycanda azad mediaya dəstək vermək çox maraqlıdır”, – deyə X. Məmmədov vurğulayıb.
Məmmədov vurğulayıb ki, məqsəd “CBC” timsalında regionda lider televiziya kanalını yaratmaqdır. O qeyd edib ki, kanalda müxtəlif dillərdə verilişlər yayımlanacaq və həmin verilişlərin yalnız 10 faizi Azərbaycan dilində olacaq. “CBC-nin regionda yaşayan digər xalqların dilində yayımlanması ARDNŞ-in biznes maraqlarını, həmçinin Azərbaycan dövlətinin siyasətini təbliğ etməyə imkan verəcək”, – o deyib.
Əldə etdiyimiz başqa bir xəbərdə isə bildirilir ki, SOCAR Türkiyədə “Kanal 24” adı ilə fəaliyyətdə olan televiziya kanalını alır. Ola bilsin ki, bu kanal alındıqdan sonra onun adını dəyişdirmək nəzərdə tutulur.


