Ziyalılar Forumunda hakimiyyətə mühüm çağırışlar

“Dünya tarixində heç bir hakimiyyət gənclərə qalib gələ bilməyib”

Cəmil Həsənli: “İslam dininə xidmət edən şəxslərin narkotik ittihamı ilə həbsə atılması İslam dəyərlərinə hörmətsizlikdir”

Aprelin 10-da Ziyalılar Forumunun növbəti toplantısı keçirilib. Toplantı Forumun təsisçilərindən olan Rüstəm İbrahimbəyovun İçəri Şəhərdəki evində olub.
Toplantını Forumun üzvü, professor Cəmil Həsənli açıq elan edib. O, hakimiyyətin son repressiv hərəkətlərinə münasibət bildirərək, bunun narahatlıq yaratdığını deyib. O, İlqar Məmmədov, Tofiq Yaqublu və “NİDA”çıların, eləcə də başqa ictimai fəalların həbsinə toxunub, onlara qarşı ittihamları gülünc adlandırıb. “Bir hökuməti ki, Molotov kokteyli ilə devirmək olar, o hökumət elə olmasa yaxşıdır” deyib “NİDA”çılara qarşı ittihamın absurdluğuna işarə edən C.Həsənli həbs olunan fəalların müdafiəsində qərarlı olduqlarını vurğulayıb.
C.Həsənli hakimiyyətin öz rəqiblərinə ölkə daxilində sərbəst hərəkət imkanı da tanımadığını deyərək diqqəti Müsavat başqanı İsa Qəmbərin, “El” hərəkatı İdarə Heyətinin üzvü Eldəniz Quliyevin Lənkərana səfərləri və istiqlalçı deputat İbrahim İbrahimlinin Naxçıvanda üzləşdiyi rüsvayçı olaylara cəlb edib. “Bu, feodal təfəkkürün məhsuludur” deyən ziyalı daha sonra dini kəsimə qarşı həbslərdən bəhs edib. “Toxunmaq istədiyim bir məsələ də islamçıların siyasi zəmində həbs olunmasıdır. İslam dininə xidmət edən şəxslərin narkotik ittihamı ilə həbsə atılması İslam dəyərlərinə hörmətsizlikdir”, – deyə o bildirib.
Professor Rafiq Əliyev çıxışında gənclərə qarşı repressiyaya ağırlıq verib: “Ən dəhşətlisi hakimiyyətin gəncliyə qarşı savaş açmasıdır. Dünya tarixində heç bir hakimiyyət gənclərə qalib gələ bilməyib. Biz gəncləri müdafiə edirik – azad gəncləri, millətin sabahı üçün dəyərli gəncliyi, Azərbaycanın uğurlu sabahı üçün çalışan bütün gəncliyi”.
“El” hərəkatının sədri Eldar Namazov bildirib ki, hazırda müsbət bir tendensiya müşahidə olunur – hakimiyyətin basqısı artdıqca vətəndaşların dirənişi də güclənir. “İndi ən əsası bütün demokratik güclərin həmrəylik nümayiş etdirməsidir” deyən Namazov təklif edib ki, problemlərin müzakirəsi və doğru qərarların qəbuluna kömək məqsədilə Facebook-da qrup yaradıb, “beyin fırtınası” aparsınlar.
“NİDA” hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər çıxışında təşkilata qarşı repressiyanı xatırladıb, lakin bunun əks effek verdiyini qeyd edib.
Hüquq müdafiəçisi Arzu Abdullayeva demokratik qüvvələri əlaqələndirmə məsələlərinə ciddi diqqət ayırmağa çağırıb.
Ziyalılar Forumunun üzvü Gültəkin Hacıbəyli isə çıxışında hakimiyyətə ciddi çağırışlar edib: “Biz insanların vicdanının qapısını döyürük. Aktiv fəaliyyət imkanlarımız olmasa da, Ziyalılar Forumunda səslənən fikirlərin cəmiyyətin oyanışında müstəsna xidməti var. Ziyalılar Forumu həbs olunan gənclərin, inanclı insanların, haqsız yerə həbs edilən Tofiq Yaqublunun, İlqar Məmmədovun, Əvəz Zeynallının, Hilal Məmmədovun arxasındadır. Gəncliklə mübarizə sunami ilə mübarizəyə bənzəyir. Elə bir gün yoxdur ki, Azərbaycanda spontan vətəndaş etirazları baş verməsin. Mən hakimiyyət nümayəndələrinə səslənirəm ki, bu etirazların xəritəsini çəkib onun üzərində ciddi düşünsün. Virciniya adalarındakı Azərbaycan adları da bu gün cəmiyyətdə ciddi müzakirə edilir. Üzümü məmurlara tutub demək istəyirəm ki, özlərini düşünərək dünyaya açıq gözlə baxsınlar. Milyardlar heç də hər zaman xoşbəxtlik gətirmir”.
Politoloq Leyla Əliyeva da son həbslərə toxunaraq “Biz gənclərin, silahdaşlarımızın həbsinə dözməməliyik. Bəlkə də onların həbsdən azad olunması üçün toplu bir müraciət hazırlayıb hakimiyyətlə danışıqlara getmək lazımdır” deyib.
Toplantıda Müsavat Gənclər Təşkilatının rəhbəri Tural Abbaslı, politoloq Zərdüşt Əlizadə, “Turan” agentliyinin direktoru Mehman Əliyev də çıxış edərək gündəmdə olan məsələlərdən danışıb, vacib bildikləri problemlərə toxunaraq təkliflərini veriblər.